Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Övlad borcu çətin və qaytarıla bilinməyən borcdur. Çünki hər bir valideyn uşağını boya-başa çatdırana qədər çox əziyyət çəkir. Atalar və analar övladlarının xoş güzəranı üçün hər əziyyətə, çətinliyə dözürlər. Böyük dramaturq Cəfər Cabbarlı “Ana” şeirində ana məhəbbətindən bəhs edib.
    Ana! Ana! O adın qarşısında bir qultək
    Həmişə səcdədə olmaq mənə fəxarətdir;
    Onun əliylə bəla bəhrinə yuvarlansam,
    Yenə xəyal edərəm bəzmi-istirahətdir.
    Valideynə hörmət etmək hər kəsin müqəddəs borcudur. Valideyn xeyir-duası deyilən bir ifadə mövcuddur. Lakin əfsuslar olsun ki, cəmiyyətimizdə övladının gələcəyini fikirləşməyən, narkotik, alkoqol içkilərinin düşkünü olan atalar və ya öz uşağını düşdüyü mühitə qurban verən analar vardır. Öz həyat yoldaşına övladlarının gözü qarşısında əl qaldıran atanın yanında uşağın psixologiyasından və tərbiyəsindən söhbət gedə bilməz. Çünki tərbiyə prosesi irsiyyətlə bağlıdır. Çox vaxt tərbiyənin anadan asılı olduğu fikri deyilir. Ailə tərbiyəsi həm atadan, həm də anadan asılıdır.Çünki ailə kiçik dövlətdir. Onun başçısı da atadır. Belə bir atalar sözü var: “Hər bir uşaq öz ailəsinin güzgüsüdür”.
    Bəzən ata və analar övladlarını öz arzuladıqları kimi görmək üçün uşaqlara zor tətbiq edirlər. Belə hallarla üzləşən yeniyetmələr əksinə evdən və ailədən bezirlər və nəticədə cəmiyyətdə layiqli yer tuta bilmirlər. Övladlar arasında qoyulan fərq, uşağı başqalarının yanında təhqir etmək, ona qarşı inamsızlıq yetkinlik yaşına çatmayan adamlarda yalnızlıq hissini formalaşdırır. Valideyn ilk növbədə tələbkar olmalıdır. Öz istəyini xoşluqla övladına sevdirməli, onda həmin sahəyə maraq oyatmalıdırlar.
    Bəziləri isə uşağa çox pul verməklə ona yaxşılıq etdiyini düşünür. Lakin uşağın bir gündə xeyli pulu nəyə sərf etməsinə valideyn biganə qalmamalıdır. El arasında belə bir deyim var: “Uşağı buyur, dalınca yüyür”.
    Hər zaman ana-atalarımızın qayğısına qalmalıyıq. Onların könlünü xoş etmək, razı salmaq ən böyük arzumuz olmalıdır. Hər kəsin əzbər bildiyi belə bir ibrətamiz hekayə var:
    Bir gün birisi Peyğəmbərimizdən soruşur:
    – Ey Allahın Rəsulu! İnsanlar arasında ən xoş davranılası adam kimdir?
    – Anan – deyə Rəsulullah cavab verir.
    – Bəs sonra kimdir? – deyə həmin adam yenə sual verir.
    Anan, – deyə Peyğəmbərimiz bu dəfə də eyni cavabı verir.
    – Daha sonra?
    – Yenə anan.
    – Ondan sonra kim gəlir? – deyə həmin şəxs yenə sual verdikdə bu dəfə bu cavabı alır:
    – Atan!
    Peyğəmbərimizin bu cavabı valideynlərimizə, ələlxüsus, anaya verdiyi dəyəri göstərir.
    Valideynlərə hörmət etmək övladlarının, uşaqlara gözəl tərbiyə vermək də böyüklərin müqəddəs borcudur.
                                                                                                                                                                                          Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 14:25

İsmarıclar bağlıdır.