Qədir Tərtərli AYB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Dünən gecə əmim oğlu yuxuma girmişdi. Aprel döyüşlərində şəhid olmuş əmim oğlunu deyirəm. Üzünə baxan kimi sözlü adama oxşadığını hiss etdim. Sözlü adamı tanımaq da mənim əlimdə iki vur ikidi. Uşaqlığımdan beləyəm. Bir adamın ki, diqqətlə üzünə baxdım, o saat bilirəm ki, nəsə bir sözü var.
Nə deyəcəyini, məndən nə soruşacağını əvvəlcədən soruşmaq istəmədim ondan. Bilirdim ki, sözünü ürəyində saxlayası döyül ha, nə vaxtsa deyəcək.
– Əmioğlu, -dedim, səndən çıxmayan iş, nə yaxşı yuxuma girmisən? Elə yadıma düşürdün ki… Deyirdim kaş nə olaydı, əmioğlumnan lap yuxuda olsa da görüşəydik. Bir hal-xoş eləyəydik. Allaha şükür ki, bu istəyim baş tutdu. Hə, əvvəlcə de görüm necəsən, günlərin necə keçir, darıxıb eləmirsən ki, buralarda?
Bir az qaşqabaqlı cavab verdi sualıma. Görünür, nədənsə dilxorçuluğu varmış:
– Necə olacam, burdakı ölülər necədisə, mən də eləyəm. Sizin kimi halva yemirik ki! Yatanda yatırıx, duranda dururux. O ki, qaldı darıxmağıma, necə deyim ey, bilmirəm. Gündü də, keçiririk. Yaxşısı da olur, pisi də. Bir də axı, tutalım ki, darıxdım, darıxıf neyliyəsiyəm ki? Parkı yox, bulvarı yox, gəzməli elə bir yeri yoxdu ki, buraların. Qəvrisannıxdı, qəvirlərdi, bir də ki, mənim kimi ölülərdi burda.
Əmioğlum bu sözləri deyəndən sonra bir qədər susub, handan-hana dilləndi:
– Hə, niyə yuxuna girdiyimi soruşdun axı. Qoy onu da deyim, sözüm ürəyimdə qalmasın. Sənnən soruşulası, öyrəniləsi sözüm var dana, ona görə girmişdim yuxuna ki, öyrənim bunarı. Müəllim adamsan, həm də camaat içində bilirəm ki, çox olursan sən. Camaatın da ki, bilmədiyi şeyə qurd düşər. Hər şeyi bilir olar, hardan desən xəvər verəllər saa. Dünyanın o başında olmuş əhvalatı o saatcana bilir camaat. Ən çoxu da arvaddar, havayıdan “simsiz teleqraf” demillər ki, olara. Elə bil ki, havadan alıllar aldıxları məlumatı. Yalan demirəm ki?
– Yox, elə olanları olduğu kimi deyirsən. Düz sözə nə demək olar ki?
Əmioğlum görünür, razı qaldı dediklərimdən. Hələ bir “sağ ol!” – sözü də işlətdi arada bir. Mən də özüm özümdən razı qaldım.
Aradan çox keçməmiş yenə əmim oğlunun bu sözlərini eşitdim.
– Yaxşı, bə heş niyə soruşmursan ki, ay əmioğlu, nəydi o mənnən soruşacağın söz? Soruş görüm, nə soruşmalıydın?
– Deyərsən, bilərəm də. Qaçaqaç deyil ha. Sən burda, mən burda.
– Hə, onu da düz deyirsən, – deyə, əmim oğlu köksünü ötürdü. Arada bir də boğazını artlayıb sözünə başladı:
– Di onda sözdərimə yaxşı-yaxşı qulaq as, gör nə deyirəm. O günü bir balaca yığıncağımız vardı. Bizim də yığıncağımız olur dana. Tək elə sizdə olmur ha yığıncax. Bizim də o iclas deyirsiniz, nə deyirsiniz bilmirəm, o fason yığıncağımız olur. Hərdən bir vacib məsələ olanda toplaşırıx bir yerə, kimin ürəyində nə varsa, deyir orda.
Nə isə…
nə deyirdim, harda qaldım bilmirəm. Hə, hə yadıma düşdü. O günü də yığıncağımız mənim qəbrimin yanında oldu. Yatmışdım yerimdə. Səs-küyə ayıldım. Baxıb gördüm ki, mənim kimi şəhid olannarın hamısı yığışıf qəbrimin ətrafına. Soruşdum ki, ay balam, xeyir ola, nəyə yığışmısınız bura?
Adamların içindəkilərdən biri özünü qabağa verib yaxınnaşdı maa, gülə-gülə də dedi ki, bə xeyir olmasa, nəyə gəlmişik bura.? Danışıllar ki, bizimkilər alıf Qarabağı, torpaxlarımızı qaytarıflar özümüzə. O biri irayonnarı da geri almışıx, o yeddi irayonu. Onu da deyillər ki, bu saat vur çattasındı İsa bulağında. Şaddıx, şadyanalıx o sözdən döyül. Çalan kim, oxuyan kim, oynuyan kim! Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Yaquf Məmmədov, Qədir Rüstəmov, bir sözlə, cəmi Qarabağdan olan xanəndələr yığışıf ora. Gedif bayrağımızı Şuşada dalğalandırıf, onnan sora da Cıdır düzünə gedəcəhlər. Şənniyin davamı da orda olacax.
Yığışannarın içindən tösmərək bir oğlan çıxıf özünü verdi qabağa və başladı danışmağa:
– Vallah, əgər deyilən söz düz olsa, mən də dirilif gedəcəm ora. Bizim hamımız o torpaxların yolunda ölməmişikmi? Gedəndə də dizimi yerə qoyuf o ki, var öpəcəm o torpağı. Hələ desən, gözdərimə də sürtəcəm ki, gözdədiyim gözümdə qalmadı. Sora da İsa bulağının suyunnan “oxay” deyə-deyə içəcəm doyuncax.
Şəhidlərdən bir başqası da alqışladı onun sözünü:
– Səni doğan ananın başına dönüm! Qurvan olum o sözdəri deyən dilinə sənin! Yaman dedin dediklərini. Elə mən də o fikirdəyəm. O günnən şad günümüz olacax? Hamının gözdədiyi gün döyülmü ki, o gün? Heylə olsa, mən də gedəcəm. Qəvirsannıx qaşmır ha, sora qayıdarıx yeri-mizə.
– Hə, nə başını ağrıdım əmioğlu, söz-söhbət uzun getdi orda. Hamının ürəyi doluymuş. Bəsdi deyincə danışdılar, ürəklərini boşaltdılar. Axırda da hamının sözü bu oldu ki, sənnən bu danışılannarın sareh olub-olmamasını öyrənək. Bir əməlli-başdı öyrənək ki, doğrudan da Qarabağı almışıx, yoxsa yox? İndi sən neyniyirsən elə, o məsələnin hə, yox xəvərini çatdır bizə tezdiynən.
Əmim oğluna söz verdim
ki, özümün bildiklərimi də, qəzetdən, curnaldan oxuduqlarımı da, ara-bərədə, camaat arasında danışılanları da yerli-yataqlı öyrənib olduğu kimi çatdırım ona. Qoy o da o məsələdən nigaran qalanlara çatdırsın dediklərimi.
Əmim oğlunun yuxuda dediklərini xeyli saf-çürük edəndən sonra fikirləşdim ki, olanların hamısını olduğu kimi bildirməyim ona. Əgər elə olsa, dərdlərinin üstünə dərd gələcək. Ruhdan düşəcəklər. Həm də qınayacaqlar bizi. Deyəcəklər fil qulağında yatıbmı o boyda camaat.
Torpaqlarımız gedib, var-yoxumuz dağılıb, adamlarımız qaçqın düşüb, qızlarımız, gəlinlərimiz əsir alınıb, ta bundan sonra nə olmalıdı? Bu qədər də dözmək, bu qədər də səbr etmək olarmı? Niyə o boyda camaatın hamısı bir nəfər kimi ayağa qalxıb, otunu-suyunu, dərsini vermirlər o çörəyi dizinin üstündə olan nadürüst naxələflərin? Onların dədəsi gorbagor Ambarsumdan qalmayıb ha Qarabağ. Öz halal-haqqanəs torpaqlarımız deyilmi, o torpaxlar? Hələ heç o biri irayonnarı demirik. Ölmək ölməkdi, ta xırıldamax nədi? Biz ölüb səhv eləmişik bəyəm, haqqına eləmişik də biz!
Nolar ölü olanda, papağımı qabağıma qoyub əməlli-başlı fikirləşəndə gördüm ki, düz deyirlər, ölü olsalar da bizdən yaxşı düşünürlər. Doğrudan da deyəsən elə biz fil qulağında yatmışıq…
Bir də fikirləşdim
ki, axı, onların bilmədikləri, bizdən asılı olmayan işlər də var. Onlar bunları haradan biləllər ki, qoy yeri gələndə onları da deyim ki, hər şey aydın olsun onlara.
Hər halda söz vermişəm, dilimdən var gəlməsə də, ucundan-qulağından bəzi şeyləri onları deməliyəm. Deməliyəm ki, elə son vaxtlar nə qələbəmiz olubsa, Aprel döyüşlərində olanlardı.
Təzə bir baş nazirləri var ey, Paşinyan adın da. Küçə nümayişində özü-özünü baş nazir təyin edib, prezidentin də səlahiyyətlərini alıb əlinə, qabaqkı rəhbərlərin atasına rəhmət oxutdurur. Deyirlər erməni qandan qorxandı, amma bu qorxub eləmir. Elə qan-qan deyə-deyə durur. “Qarabağ da bizimdi, hələ o biri rayonlar da” – deyir. “Ölərik, dönmərik bu sözümüzdən” – deyir. Kəlbəcərin, Laçının buzlu bulaqları bəs eləmirmiş kimi, hələ deyir donuzlarımız da gərək Kürdən su içsin. “Biz Böyük Ermənistan dövləti yaratmalıyıq” – deyir.
Gözüdoymaz nankorlar təkcə bizim torpaqlarımızlada kifayətlənmirlər. Başqa dövlətlərin torpaqlarında gözləri var. Elə hesab edirlər ki, yer üzündə varsa da ermənilərdi, yoxsa da. Yerdə qalan dövlətlərin deyirlər hamısına bir pındıx.
Hələ o heç kəsin – nə özününkülərin, nə də başqa dövlətlərin tanımaq istəmədikləri siyasətdən kəm, başı boş baş nazirin bir arvadı var ey, adına da Haykanuş deyirlər, nə deyirlər bilmirəm, sözü lap yandırıb adamın ciyarını çıxarır. Deyir, biz sülh istəyirik, Azərbaycan razı olmur. Sən Allah, bir sözə bax ey! Sözündən belə çıxır ki, tutduğumuz yox ha, tutulub bizə verilən torpaqlar bizə qalsın, Azərbaycan da barışsın biznən. Ay hay! Yuxuda görərsiniz onu!
Atəşkəsin də elə adı atəşkəsdi. Yenə əvvəllər olduğu kimi, hər gün atırlar. O qədər quduzlaşıblar ki, dinc əhalini də güllə-boran etməkdən çəkinmirlər. Nədən ki, qulaqburması verənləri yoxdu. Arxalı köpək qurd basar axı. Havadarlarına arxayındılar deyə hökküldəyirlər.
Əmioğlu, bilirəm deyəcəksən ki, təhlükəsizliyi qoruyan bir təşkilat var ey, bəs o neyləyir? Hə, bilirəm kimi deyirsən, ATƏT-i. Mən onlara ATƏT yox, at əti yeyənlər deyirəm. Atnan ətin birləşməsidi axı, adları. Çox düz ad qoyublar onlara. Öz yerlərində o qədər at ətindən bişirilmiş yeməklər yeyirlər ki, o yeməklərdən bezikəndə Azərbaycan düşür yadlarına. Su yolu eləyiblər Azərbaycanı. 30 ildən çoxdu ki, elə gəlib əmlik quzu ətinin kababı ilə tut arağından vurub gedirlər. Azərbaycana da ki, nə var, maşallah, süfrəsi açıq olur həmişə. Özlərinin Qıdı kirvəsi demişkən “quzu kababına bol, tut arağına bol”. Ye, yeyə bildikcən! Gedəndə də hırıldaya-hırıldaya bizim başımızın altına yastıq qoyub, erməni qardaşlarının başını tumarlayırlar. “Dovşana qaç, tazıya tut” demək siyasətidi onların siyasəti. Bir onlardan soruşan yoxdu ki, a filan-filan şüdələr, bu 30 ildən çox müddətdə heç olmasa bir otuzca qəpiklik bir iş görmüsünüz, ya yox? Elə hörmətli yazıçımız Seyran Səxavət düz deyir, adam onları görəndə elə bil ki, nənəsinin oynacını görür. Təkcə Seyranın öz sözü deyil ha bu, xalqın sözüdü. Hamının əvəzindən deyir onu.
Əmioğlu, onu da yaxşı bilirəm ki, sənə verdiyim bu məlumatlardan sonra mənə belə bir sualın da olacaq. Soruşacaqsan ki, bir halda Aprel döyüşlərində gücümüzü göstərdik ermənilərə, bəs indi niyə davam etdirmirik o işi? Bu sualına cavab verməzdən əvvəl, keçmişlərdə olmuş bir əhvalatı xatırlatmaq istəyirəm sənə.
Deyirlər ki, keçmiş vaxtlarda imam Hüseynin tə-ziyəsi günlərində səhnələşdirilmiş drama fason bir oyun verirlərmiş. Yezid tərəfindən qətlə yetirilən imam Hüseyn ölüm ayağında ətrafındakılardan su istəyirmiş. Sən demə, ciyəri yanırmış susuzluqdan. Bir uşağın da əlində su varmış. Uşaq əlindəki suyu imam Hüseynə vermək istəyəndə, o tərəfdən də Yezidin rolunu oynayan gözünü ağardıb uşağı hədələyirmiş. Bunu görən uşaq ağlaya-ağlaya: “Ay imam Hüseyn dayı, vallah, mən saa su vermək istəyirəm ey, amma neynim ki, bu yezid kopolu qoymur” – deyir. İndi əmioğlu, bizim işlərimiz də bir növ ona bənzəyir. Nə vaxt hövsələdən çıxıb, müharibə yolu ilə torpaqlarımızı azad etmək fikrinə düşürüksə, qabağımızı kəsirlər. Müharibə olmaz, bu iş sülh yolu ilə həll olunmalıdır deyirlər. Elə Aprel döyüşlərində də, belə olmadımı?
Təkcə qabağımızı kəsən elə bu da deyil, əmioğlu. Bütün dünya çox yaxşı bilir ki, biz sülhsevər dövlətik, humanist dövlətik, üzüyumşaq dövlətik. Biz erməni deyilik ki, müsəlmanın kökünü qaşıyaq. Ermənistanda bir dənə də olsun diş qurdamağa belə müsəlman qalmayıb. Bizdə isə itinə tökdü ermənilərin sayı.
Biz elə həmişə belə olmuşuq. Qapılarımız hər vaxt açıqdı hər millətin üzünə. Ayrı-seçkilik salmarıq biz. Bunu bütün dünya bilir. Son illər gör nə qədər tədbirlərə ev sahibliyi etmişik.
Biz sülh istəyirik,
əmin-amanlıq istəyirik. İnsanların hər yerdə azad və xoşbəxt yaşamasını istəyirik. Erməni də insandır, o da azad və xoşbəxt yaşamaq istəyir. Biz erməni analarını gözüyaşlı görmək istəmirik.
Bunu Soçidə keçirilən mötəbər yığıncaqda hörmətli prezidentimiz dönə-dönə qeyd etdi. Dünya eşitdi onun sözlərini. Erməninin baş nazirinə sarsıdıcı zərbə vurdu, onun sərsəm xəyallarını alt-üst etdi öz çıxışında.
Buna heç bir şübhəmiz olmasın ki, nə qədər sülhsevər və ürəyiyumşaq olsaq da, səbrimiz heç də tükənməz deyil.
Əgər istəklərimiz, arzularımız baş tutmasa, hansı yolla olursa olsun, Qarabağımızı azad edəcəyik, Qarabağ Azərbaycanındır! Torpaqlarımız geri qaytarılmalıdır! Prezidentimizin də son sözü budur, elə xalqımızın da! O gün gələcəkdir, o gün heç də uzaqda deyil.
Hamıya çatdır bu dediklərimi əmioğlu, qoy arxayın olsunlar, qoy rahat yatsınlar yerlərində. Eşitdikləri bu dəfə düz olacaq, şübhələri olmasın buna! İsa bulağında da, Şuşada da, Cıdır düzündə də şadyanalıqlarımız davam edəcək.
-
30Yan
Müəllif: Redaktor, 13:58
Teqlər: Digər