Torpaqlarımızın bütövlüyü uğrunda gənc yaşlarında şəhidlik zirvəsinə ucalan yüzlərlə vətən oğullarından biri də Cabbarov Vüqar İsbəndiyar oğludur. O, 1972-ci ildə rayonumuzun Dəmirçilər kəndində anadan olub. Orta təhsilini də həmin kənd məktəbində alıb. Məktəb illərini başa vurduqdan sonra ikiillik hərbi xidmətə getdi. Qayıdandan sonra erməni iş-ğalçılarının vətənimizə hücumuna dözməyən Vüqar könüllü olaraq milli ordumuzun sıralarına yazıldı və yağı düşmənə qarşı mübarizəyə qoşuldu. Ağdərə istiqamətində gedən döyüşlərdə bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində mərdliklə vuruşdu.
Müharibədən əvvəl hərbi xidmət keçdiyinə görə atıcı silahlardan məharətlə istifadə edirdi. Döyüş yoldaşları xatırlayırlar ki, Vüqar hər bir Azərbaycan oğlu kimi igid və qorxmaz idi. Düşmənin üzərinə ürəklə gedirdi.
1992-ci il dekabr ayının 21-də Ağdərə rayonunun Qızılqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu.
Deyirlər ki, vətən uğrunda şəhid olanlar ölmürlər, əbədiyyətə qovuşurlar. Vüqar da həyatda çox yaşa-madı. Cəmi 20 il. Yaşasaydı, indi onun 43 yaşı olardı.
Atası İsbəndiyar kişinin dediklərindən:
–Vüqar ailəmizin ən sevimli övladı idi, evdə hamı onu çox istəyirdi. Çünki o, böyüyün, kiçiyin yerini bilən, heç nədən qorxmayan, sözün düzün deyən bir gənc idi. Bilirəm oğullar vətəni, torpağı, ana, bacılarımızı qorumaq üçündü. Ancaq bununla belə onun cəmi 20 il yaşaması ailədə heç birimizin yadından çıxmır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Gün o gün olsun ki, torpaqlarımız erməni tap-dağından azad olunsun, şəhid ruhları da rahatlıq tapsın.
Əvəz NƏSİROV