Prezident İlham Əliyev: Çox yaxşı. Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiə etməyə qalxmışdılar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə, yüksək qiymətə layiqdir. Mən ona görə rayonların adlarını çəkdim ki, hər kəs bilsin harada nə qədər məhsuldarlıq var. Bəzi təsərrüfatlarda siz deyirsiniz ki, 40-50 sentner məhsul götürülübdür, deməli, biz bu hədəfə də yaxınlaşmalıyıq. Ona görə növbəti səpin mövsümünə qədər bütün bu işlər geniş təhlil olunmalıdır. Harada ki, məhsuldarlıq yüksəkdir, təsərrüfatlarda orta məhsuldarlıqdan daha yüksəkdir, o təcrübə öyrənilməlidir. Ola bilər ki, zona müşavirələri də keçirilsin. Bu sahədə həm kadr hazırlığı, maarifləndirmə, yeni texnologiyalar ən yüksək standartlara cavab verməlidir. Çünki bizim əlavə torpağımız yoxdur. Biz 100 min hektarı ancaq pambıqçılığa ayırmışıq və hesab edirik ki, bu, kifayətdir. Ancaq biz məhsuldarlıq hesabına tədarükü də artırmalıyıq.
-
29Dek
Müəllif: Redaktor, 11:21