“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsini bütövlükdə əks etdirən müdrik bir kəlam. Min illər əvvəldən başlayıb min illər sonraya qədər gedib çatan böyük ənənə. Vətənpərvərlik ruhu Ulu Öndərimiz Heydər Əliyevin dilindən bir kəlmə ilə başlayır, elə bu kəlmə ilə də sonuclanır. Müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderimiz istər hələ sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində vətənpərvərlik məsələlərinə önəm vermiş, bu ülvi hissin çalışdığı sahədən asılı olmayaraq hər bir azərbaycanlının qəlbində və düşüncəsində yer salmasını müqəddəs vəzifə borcu hesab etmişdir. Məhz bu ənənə indi də vacib bir şərt kimi dəyərləndirilir və gənclərimiz bu ruhda tərbiyə alır.
Xüsusilə torpaqlarımızın 20%-nın ermənilər tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Xalqımızın yaşadığı ulu torpaqlar düşmən tapdağındadır. Bu ərazilərdə xalqımızın əsrlər boyu yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi, eləcə də məişət və ictimai həyatına dair minlərlə mədəniyyət nümunələri erməni quldurları tərəfindən məhv edilməkdədir. Yeni formalaşan gənc nəsillərə bu barədə dolğun məlumat vermək, onları düşmənə nifrət ruhunda tərbiyə etmək vətənpərvərlik işinin başlıca məzmununu təşkil etməlidir.
1988-1993-cü illər ərzində erməni silahlı birləşmələrinin ölkəmizə qarşı işğalçılıq məqsədilə etdikləri təcavüz nəticəsində dinc soydaşlarımız qətlə yetirilmiş, əsir götürülmüş, itkin düşmüşlər. Yüz minlərlə insan torpaqlarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.
Müharibədən əziyyət çəkən bölgələrdən biri də Tərtər rayonunun Qarağacı kəndidir. Müharibə dövründə Qarağacı kəndinin 4 nəfər sakini şəhid olmuş, 4 nəfər ömürlük şikəst qalmış, 10-a yaxın dinc sakin yaralanmışdır. Müharibə başlayanda Qarağacı kənd tam orta məktəbinin müəllimi, ehtiyatda olan zabit Fərman Vəliyev hərbi komissarlığın çağırışı əsasında Tərtər Özünümüdafiə taboruna yazılır. 7 il ərzində şərəflə xidmət edir və minaatan batareyasının komandiri vəzifəsinə qədər yüksəlir. Hal-hazırda Fərman müəllim bilik və təcrübəsini məktəbli yeniyetmələrə öyrədir. Ehtiyatda olan kapitan deyir ki, indi gənclərin vətənpərvərlik hissi daha yüksək səviyyədədir. 25 il əvvəl bir gülləyə möhtac olan ordumuz indi nəinki müasir silahlarla təchiz olunub, hətta dövlətimiz xarici ölkələrə silah ixrac edir. Ordumuzda hərbi təlim keçmiş yüksək səviyyəli mütəxəssislər var. Ümummilli Liderimizin təşəbbüsü ilə başlanan ordu quruculuğu nəticəsində bu gün Azərbaycan əsgəri düşməni tamamilə məhv etməyə qadirdi. Artıq ordumuz dün-ya miqyaslı qlobal problemlərin həll edilməsində öz sülhməramlı missiyasını böyük məharətlə yerinə yetirir.
Qeyd edim ki, kəndimizdə də hərbi sahəyə maraq yüksək səviyyədədir. Hal-hazırda ordu sıralarında kəndimizdən xidmət edənlər arasında mayor, polkovnikleytenant hərbi rütbələrinə yüksəlmiş zabitlər var. O cümlədən daxili qo-şunların sıralarında da zabitlərimiz xidmət edir. Onlarla gəncimiz müddətdən artıq hərbi xidməti davam etdirir.
Rəşad Qarayev,
Qarağacı kənd tam orta məktəbinin tarix müəllimi