Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Okt
    новый-1

    İslam Aslanov döyüşçü dostlarının arasında (2-ci cərgədə sağdan 4-cü)

    islam yQarabağ savaşı zamanı faciələrin artması hər bir azərbaycanlının qəlbində nifrət oyatmışdı. Bu savaş qeyrət, namus savaşı idi. İtirilən torpaqlar, günahsız insanların yurd-yuvalarından didərgin düşməsi, əsir götürülənlərin ləya qətinin alçaldılması vətən övladını laqeyd yaşada bilməzdi. Ər oğullarımız iş-güclərini ataraq döyüş meydanlarına üz tutdular. Belə igid ərənlərlmizdən biri də İslam Aslanov idi. Peşəsi müəllim olan bu insan mərd, ürəyi vətən eşqi ilə döyünən bir şəxsiyyət idi.
    İslam müəllim vətənin ağır günündə iş otağını döyüş meydanı ilə dəyişdi. Hətta oğlu Elçini də özü ilə bərabər könüllü olaraq Tərtər Özünü-müdafiə Batalyonuna apardı. 1990-1994 illərdə mübariz bir komandir kimi ermənilərlə döyüşdə bir daha qəlbinin vətən eşqi ilə döyündüyünü təsdiq etmişdi. Döyüş müddətində İslam müəllim qorxubilməz komandirlərdən biri kimi tanınmışdı. Ona görə də əməliyyatlardan qayıdandan sonra dəfələrlə hərbi hissənin komandanlığı tərəfindən təşəkkür almışdı. O, rəhbərlik etdiyi əsgərləri arxasınca aparmağı bacarırdı. Yüksək təşkilatçılıq qabiliyyətini Hacıqərvənd kənd orta məktəbində, şəhər 1 və 2 saylı orta məktəblərdə müəllim işləyərkən, rayon xalq maarif şöbəsində idman işləri üzrə metodist, rayon “Məhsul İdman Cəmiyyətinin” sədri vəzifələrində çalışdığı zamanlarda təsdiq etmişdi. O illərdə İslam müəllimin zəhməti fəxri fərmanlarla, “Sosializm yarışının qalibi” döş nişanları ilə qiymətləndirilmişdi. İdmançı qabiliyyəti və müəllim işgüzarlığı döyüş meydanında da özünü göstərirdi. O, vətənpərvər tərtərliləri bir yerə toplayaraq mübarizəyə qoşulmuşdu. Hər bir döyüşçüyə güvənir və arxalanırdı.1993-cü ilin 22 iyul günündə Ağdərə ətrafında qanlı döyüşlər zamanı İslam müəllim ağır yaralanır və onu hospitala götürürlər. Xeyli vaxt müalicə olunması lazım gəlir. Müalicə müddətində narahat olurdu ona görə ki, vətənimizin dar günüydü. İstəyirdi ki, tez sağalıb cəbhəyə qayıtsın. Elə də oldu. Xəstəxana çarpayısından yarımçıq qalxaraq yenidən cəbhəyə getdi və atəş kəş elan olunana qədər mübarizəsini davam etdirdi.
    Bu günlərdə İslam müəllimin ailəsinin qonağı oldum. Ömür-gün yoldaşı Çiçək müəllimlə həmsöhbət oldum. Ağsaçlı, nurani qadın İslam müəllim haqqında həm qürurla, həm də böyük kədərlə danışdı:
    – O, təbiətcə sərt adam idi. Lakin vətənpərvər idi. Uşaqlarımızı da bu ruhda tərbiyə edirdi. Qeyrət, namus onun üçün birinci yerdə dururdu. Hətta Elçini batalyona üzv yazdıranda inadından dönmədi. “Vətəni qorumağa gedirik,”– dedi. Şəhərə mərmilər atılan zaman bizi heç yerə qoymazdı gedək.” Erməni Tərtərə gələ bilməz. Bizim döyüşkən oğullarımız o mənfurların yolunu elə kəsməyiblər ki, bizim bir qarış torpağımızı ala bilsinlər.” Özündən əvvəl döyüşçüləri düşünərdi. Yaralanan vaxtı fikri döyüşçülərinin yanında qalmışdı. Evdə isə cəbhədəki vəziyyətdən bir söz də danışmazdı. Onu deyirdi ki, heç nədən qorxmayın. Atəşkəs elan olunan vaxt gəlib sevinə-sevinə söylədi ki, mən deyirdimmi erməni Tərtərə gələ bilməz, üstəlik tərtərlilər bir neçə kəndi ermənilərdən azad etdilər.
    Döyüşdə aldığı yaralar İslam müəllimi çox incidirdi. Elə onun həyatdan tez getməsinə səbəb bu ağır yaralar oldu. İtirilmiş torpaqlarımız, qaçqın-köçkün dərdi ürəyini üzürdü.
    İslam müəllim incə ruhlu, saf mənəviyyatlı bir insan idi. Ürəyindən keçənləri qələmə almağı, ipə-sapa düzməyi bacarırdı. Hətta savaş zamanı yazdığı “Əsgər marşı” şeiri batalyon üzvlərinin dilində əzbər olmuşdu:
    Verək əl-ələ, gec deyil hələ,
    Vətən yolunda dönək sipərə.
    Duraq yan-yana, girək meydana,
    Biz qan udduraq yağı düşmənə.
    ***
    Arxamız Tərtər, sinəmiz səngər,
    Ümid bizədir, ey dost igidlər.
    Zəfər çalmasa dönərmi geri
    Yenilməz, məğrur Vətən əsgəri?
    ***
    Vətən şöhrətim, vətən qeyrətim,
    Vətənə əsgər cümlə millətim.
    Qurban adına, yanım oduna,
    Vətən güvənir öz övladına.
    İslam müəllim vətənin oduna yana-yana, Qarabağ dərdindən aldığı yaralarla üzülə-üzülə 1997-ci il oktyabr ayının 23-də əbədiyyətə qovuşdu. Bu itki təkcə onun doğulub boya-başa çatdığı Buruc kəndini, ailəsini deyil, onunla birlikdə savaşda olmuş döyüşçülərin və hər bir tərtərlinin qəlbini sızlatdı.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 08:42

    Teqlər:

İsmarıclar bağlıdır.