SİQARETİN ZƏRƏRLƏRİ
Artıq hamı siqaretin nə qədər zərərli olduğunu bilir. Tütünün insanın orqanizminə vurduğu ziyanı eşitməyən, bilməyən yoxdur. O, hər cür ürək və ağ ciyər xəstəliklərinə yol açır, damar tutulmasına qədər apara bilir. Siqaret çəkərkən elə ilk anda orqanizminizə təsir edir, nəbz yüksəlir, qan dövranı yavaşıyır.
Siqaretin tərkibində 3700 zəhərli maddə vardır ki bunların da böyük bir hissəsi kanserogen (xərçəng əmələ gətirən) maddələrdir. Ən zərərliləri isə tərkibindəki monoksi, hidrogen siyanid və amonyakdır. Siqaretin təsiri nəticəsində bronxial astma, ağ ciyər çatmamazlığı və döş qəfəsində ağrılar başlayır və nəticədə tez-tez qrip, soyuqdəymə halları başlayır.
Məlum olmuşdur ki, hər 13 saniyədə bir nəfər siqaretlə bağlı hər hansı bir xəstəlikdən həyatını itirməkdədir. Hər il dünyada təxminən 2.500.000 (iki milyon beş yüz min) insan siqaret üzündən həyatını itirir. Bu ölümlərin əsas səbəbi ağ ciyər xərçəngidir. İkinci yerdə ürək xəstəlikləri və digər orqanların xərçəngidir. İnsan orqanizmində elə bir orqan yoxdur ki, siqaretin tərkibində olan kimyəvi maddələrdən öz payını almasın. Siqaret çəkənlərdə ağız böşluğu orqanla-rının xərçəng risqi artır, dişlərin çürüməsinə və ağızdan xoşagəlməz qoxunun gəlməsinə səbəb olur. Beyin damarla-rının daralması nəticəsində qan dövranının pozulmasına və nəticədə iflicə qədər aparıb çıxarır. Siqaretin tərkibindəki hidrogen siyanid bronxların divarını yandırır və nəticədə xroniki öskürək meydana çıxır. Bir sözlə, siqaret çəkənlər çəkməyənlərə nisbətən on qat artıq ağ ciyər xərçəngi olma riski daşıyırlar.Siqaretin ürəyə vurduğu ziyan bir cümlə ilə desək öldürü-cüdür. Nikotin qan təziqini yüksəldir və qanın daha sürətlə laxtalanmasına səbəb olur. Siqaretdə olan karbon monooksidin qandakı oksigeni yox etməsi nəticəsində damarlarda şəkər və xolesterin toplanır və bu da miokard infarktı riskini artırır. Bundan əlavə qan dövranı pozğunluqları ilə əlaqədar olaraq iflic,barmaqlarda qanqrena və gücsüzlük daha çox siqaret çəkənlərdə sıx müşahidə edilən xəstəliklərdir.
Siqaretin zədələdiyi orqanlardan biri də mədədir. Belə ki, siqaret çəkdikdə mədədə xlorid turşusunun ifrazı artır və nəticədə mədə yanması və xora xəstəliyi başlayır. Siqaret çəkənlərdə pankreasin (mədəaltı vəz) xərçəngi daha tez-tez müşahidə olunur. Siqaretin tər-kibindəki zərərli maddələrin bir hissəsi sidik vasitəsi ilə xaric olunsa da qalan hissəsi sidik kisəsinin xərçənginə yol açır, eyni zamanda təzyiqin artması böyrəklərə zərər vurur.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, siqaret çəkən kişilərin 40 %-i hələ təqaüd yaşına çatmamış həyatını itirməkdədir. Bu nisbət siqaret çəkməyənlərdə 18 %-dir. Siqaret çəkən qadınlarda isə uşaqlıq xərçəngi risqi ço-xalmaqdadır. Hamilə qadınların siqaret çəkməsi isə şikəst və ölü doğulmalara səbəb olur.
Böyük Britaniyanın genetik alimləri araşdırmalar nəticə-sində müəyyən etmişlər ki, şizofreniya (ruhi xəstəlik)və depresiya xəstələrinin 50 %-i çoxlu miqdarda tütün çəkənlərdir. Müəyyən olunb ki, tütün serotonin (xoşbəxtlik hormonu) və insan üçün lazım olan digər hormonları məhv edir.
Bütün bunlara baxmayaraq qeyd edim ki, siqareti tərgitdiyiniz anda insan orqanizmi özünü təmir etməyə başlayır. On il ərzində bədən heç siqaret çəkməmiş kimi olur. Lakin siqareti tərgitmək üçün xərçəng və ürək xəstəsi olmağı gözləsəniz vücudunuzun özünü təmir etməsi üçün ye-tərli vaxtınız olmayacaqdır. Təəssüf ki, bu xəstəliklər öl-dürücüdür. Siqareti tərgitmək üçün bundan daha yaxşı bir səbəb ola bilməz və mən əminəm ki, siz bu yazılanı oxu-yandan sonra siqareti birdəfəlik tərgidəcəksiniz və bir daha çəkməyəcəksiniz! Unutmayın ki, sağlamlığımız bizə hər şeydən əziz və dəyərlidir. Özünüzə yaxşı baxın və hər zaman sağlam olun!
Adikə BAĞIROVA,
Tərtər Rayon Gigiyena və
Epidemiologiya Mərkəzinin həkimi