Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır.
Heydər ƏLİYEV
STATİSTİKA ELMİNİN TARİXİNDƏN
Statistika ictimai elmlər qrupuna daxildir. Həyati zərurətdən yaranan bu elmin dili “rəqəm dili”dir. Buna baxmayaraq, rəqəmlərlə “danışan” dəqiq elmlərdən fərqli olaraq, statistika sosial iqtisadi hadisələrin kəmiyyət tərəfini konkret məkan və zaman şəraitində öyrənir. Yəni buradakı rəqəmlər dəyişir, təkmilləşir və statistikanın məqsədi də budur ki, bunları toplayıb, ümumiləşdirib, təhlil etməklə, insanların həyatını daha yaxşı səmtə yönəltsin.
Onun tarixi çox qədimdir. İnsan cəmiyyəti yaranan zamandan bəşər övladı yaşamaq uğrunda mübarizə aparıb və bu mübarizədə artıq statistikanın elementləri özünü göstərib. Düzdür, o zaman elmin nə adı vardı, nə də insanların bu barədə anlayışı. Bəlkə də qədim əcdad-larımız qaya üzərində ov səhnələrini təsvir edərkən il ərzində yaşayışları üçün neçə heyvan ovlamaq lazım gəldiyini hesablamaq istəyiblər? Sonrakı dövrlərdə əhalinin, torpaq sahələrinin, mal-qaranın, əmlakın və s. uçota alınması zərurəti meydana gəlmişdir. Lakin statistika məlumatlarının eramızdan xeyli əvvəl toplanmasına baxmayaraq, onların işlənilməsinə və təhlilinə XVII əsrin ikinci yarısında təsadüf olunur. Həmin dövrdə alman alimi Q. Axenval ilk dəfə elmə statistika sözünü daxil etmişdir. O, 1746-cı ildə əvvəlcə Marburq Universitetində, sonra isə Gettinq Universitetində yeni fənn tədris etməyə başladı və həmin fənni statistika adlandırdı. Q. Axenvalın nəzəriyyəsinə əsasən, statistik məlumatlar ancaq toplanır, təhlil edilmirdi. Bir qədər sonra isə Qettinq Universitetinin professoru A.Şletser bu nəzəriyyəni rədd edərək göstərmişdir ki, statistikanın predmeti bütün cəmiyyətdir.
Burjua-kapitalist münasibətlərinin yaranması statistikanın sürətli inkişafına səbəb olmuşdur. Dövlətlər arasında iqtisadi münasibətlərin yaranması dünyada baş verən sosial-iqtisadi hadisələrin öyrənilib, şərh edilməsinə, beləliklə də bu elmin təşəkkül və təkamülünə təkan vermişdir.
Statistika elminin inkişafında rus alimlərinin böyük rolu olub. Xüsusilə I Pyotrun dövründə bu sahədə öz tədqiqatları ilə seçilən alimlər yetişib. Onlardan M.V. Lomonosov, B.N. Tatişev, İ.K.Kirilov və başqaları ictimai hadisələri öyrənərkən ölçü, çəki və rəqəmdən istifadə ediblər.
Azərbaycanda statistikanın təşkilinə Şamaxı, Bakı və Gəncə quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar fəaliyyət göstərib. 1924-cü ildən Azərbaycan ərazisində yerli statistika orqanlarının yaradılmasına başlanıb və bu proses 1987-ci ilə kimi davam edib. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilib.
Beynəlxalq təcrübədə statistikanın təşkilinin iki forması istifadə olunmaqdadır: mərkəzləşdirilmiş və qeyri mərkəz-ləşdirilmiş. Müstəqillik əldə etmiş ölkəmizdə mərkəzləşdirilmiş forma tətbiq olunur. Bu sahədə hazırlanan və ölkə statis-tikasını tənzimləyən ilk sistemli hüquqi normativ akt Azərbaycan Respublikasının “Statistika haqqında” 18 fevral 1994-cü il tarixli Qanunudur. Azərbaycanda statistik fəaliyyəti həyata keçirən mərkəzi orqan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsidir.
Müstəqillik dövründə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi məqsədi ilə 4 Dövlət Proqramı qəbul edilib. Sonuncu, 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramının yerinə yetirilməsi isə müvəffə-qiyyətlə davam edir.
HƏR BİR LAYİHƏNİN ƏSASINI HESABLAMALAR TƏŞKİL EDİR
Gəlin bir anlığa düşünək ki, statistika olmasa nə baş verər? Götürək elə ailəni. Burada yeni övlad dünyaya gəlir, ailə üzvlərinin sayı dəyişir. Buna müvafiq olaraq ailə büdcəsinin bölüşdürülməsində də dəyişiklik edilməlidir. Axı, xərclər artır. Cəmiyyətdə olduğu kimi, onun kiçik özəyini təşkil edən ailədə də uçot, hesablama aparılmadan yaşamaq mümkün deyil.
Yaxud kiçik ailə fermer təsərrüfatlarının işinə nəzər salaq. Bu gün yerində sayan, öhdəsində olan torpaqdan və maldan xeyir götürə bilməyən zəhmətkeş kəndlilərimizin sayı çoxdur. Nədir buna səbəb? Uçotun aparılmaması, nəticələrin təhlil olunmaması. Yerli qeyri məhsuldar cinsdən olan mallara il ərzində bahalı yem yedizdirib, nəticədə əli boşda qalan belə insanlar hesablama, təhlil aparsalar, yəqin ki, özləri üçün nəticə çıxararlar.
Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn hər bir addım dərin statistik araşdırmaların, təhlillərin nəticəsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə heyvandarlığın inkişafına yönəldilmiş son üç sərəncamının– “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında”, “Heyvandarlığın cins tərkibinin yaxşı- laşdırılmasına dövlət dəstəyi haqqında”, “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarının məqsədi də kəndlilərə maddi yardım, dəstək verməklə yanaşı, həm də onlara düzgün yol göstərmək, fəaliyyətlərini istiqamətləndirməkdir. Buna görə də deyirlər ki, statistika kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini, onların kefiyyət tərəfi nəzərə alınmaqla, özünün çoxsaylı göstəricilər sistemi vasitəsilə öyrənən bir elmdir.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun fikrincə, müasir dövrdə statistikaya arxalanmadan heç bir layihəni icra etmək mümkün deyil. Məsələn, uzun illər idi ki, Tərtər şəhərinin və ətraf on bir kəndin su və kanalizasiya sisteminin quraşdırılması layihəsi gündəmdə dururdu. Yalnız bütün statistik hesablamalar aparıldıqdan sonra potensial imkanlar müəyyənləşdirildi. Artıq layihə müvəffəqiyyətlə həyata keçirilir. Nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir.
Yaxud başqa bir mühüm layihə – rayonumuzun ərazisində qaçqın və məcburi köçkünlər üçün qəsəbənin salınması. Burada da statistik rəqəmlər– qaçqınların sayı, onların yerləşdikləri ərazilər və s. göstəricilər mühüm rol oynayır və bu yaxnlarda həmin qəsəbənin tikintisinə başlamaq nəzərdə tutulur.
HƏYATIMIZIN AYNASI
Belə bir fikir var ki, rayon qəzeti həmin bölgənin aynasıdır. O cümlədən də deyə bilərik ki, statistik göstəricilər həyatımızın aynasıdır. Biz bu həyatı statistik məlumatlarda gördüyümüz üçün sabah bundan da gözəl, yaxşı yaşamağa can atırıq. İşimizi təhlil edir, gələcəklə bağlı planlar hazırlayırıq. Bu baxımdan Tərtər rayon Statistika İdarəsi kollektivinin üzərinə böyük mə-suliyyət düşür. Rayon statistiklərinin bugünkü işlərindən söhbət açmazdan əvvəl, bir az keçmişə nəzər salaq. Ötən əsrin 50-ci illərində rayonumuzda statistik məlumatların toplanması ilə rayon partiya komitəsinin (indiki icra hakimiyyəti aparatı) nəzdində fəaliyyət göstərən müvafiq şöbə məşğul olurdu. Sonralar bu şöbə “narxozuçota”– xalq təsərrüfatının uçotunu aparan müfəttişliyə çevrilib. 1961-1966-cı illərdə Tərtər Bərdə rayonu ilə birləşdiyi üçün müffəttişlik Bərdədə fəaliyyət göstərib. Ötən əsrin 70-i illərində Tərtərdə rayon məlumat hesablama stansiyası yaradıldı. Bu stansiyanın fəaliyyəti ilə statistik hesablamaların aparılmasında dönüş başlandı. Həmin dövrdə çap olunan pambıq yığımının gedişini əks etdirən bülletenlər bir növ səfərbəredici xarakter daşıyırdı. Bundan əlavə, digər mövsümi işlər zamanı da xüsusi bülletenlər hazırlanırdı. Redaksiyada işlədiyim üçün dəfələrlə o bülletenlərin çap edilməsində iştirak etmişəm və burada hər rəqəmin düzgün getməsindən ötrü hamının necə məsuliyyətlə çalışdığını indi də xatırlayıram.
1980-ci illərin sonunda Tərtər rayon Məlumat Hesablama Stansiyası statistika idarəsinə çevrildi. Tələblər, iş üslubu dəyişdi. Əgər əvvəllər burada çalışanların əksəriyyəti orta məktəbi bitirmiş gənc qızlar idisə, artıq statistika idarəsində işin öhdəsindən gəlmək üçün ali təhsilli kadrlara ehtiyac vardı. Kollektiv bu sahədə təcrübəsi olanları itirmək istəmədi. Qızlar qiyabi yolla ali təhsil aldılar və bu günə qədər də statistika idarəsində fəaliyyətlərini davam etdirirlər.
Hazırda təcrübəli işçilərlə yanaşı kollektivdə gənclər də çalışırlar. Onlardan 5-i Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi imtahandan müvəffəq nəticələr əldə edərək işə qəbul olunub.
İdarənin rəisi, dövlət qulluğunun kiçik müşaviri Ədalət Məmmədov deyir:
–Tərtər rayonunun iqtisadi, sosial və siyasi həyatında baş verən bütün prosesləri əks etdirən məlumatlar kollektivimiz tərə-findən toplanılır. Məlumatlar həm elektron sənəd, həm də yazılı formada qəbul olunur. Qeyd edək ki, son dövrdə əhali elektron hesabatlara üstünlük verir və getdikcə idarəmizə birbaşa müraciət edənlərin sayı azalır. İşimizi yerli statistik orqanlarının proqramı əsasında qururuq. Bu proqrama əsasən dolğun və etibarlı məlumatların toplanması birinci mərhələdir. Bundan sonra bütün sahələr üzrə təhlillər aparılır. Rayonda gələcək işlər də məhz həmin təhlillərə və ana-lizlərə əsaslanaraq qurulur.
Tərtər rayonunun statistik göstəricilərini əks etdirən kitabların, bülletenlərin nəşr olunması hər kəsə rayonumuz, onun iqtisadi və sosial həyatı haqqında məlumat almaqda kömək edir.
İctimaiyyətdə maraq doğuran məlumatların yayılması da diqqət mərkəzində saxlanılır. Belə ki, statistika idarəsinin məlu-matları vaxtaşırı olaraq yerli rayon qəzetində dərc olunur, AZƏRTAC-ın rəsmi saytında yerləşdirilir.
Ədalət müəllim onu da bildirdi ki, son illər əhalidə statistikaya münasibət dəyişib. Yəni sovet dönəmindən qalmış dü-şüncə tərzi aradan götürülür. Bununla belə yalnız 2015-ci ildə müxtəlif sahələri təmsil edən hüquqi və fiziki şəxslərlə 5 seminar-müşavirə keçirilib və bu seminarlarda onlara uçot işlərinin düzgün aparılması ilə bağlı lazımi tövsiyələr verilib.
Cari ilin iyul ayında kənd təsərrüfatının siyahıya allınması da rayonda mütəşəkkül başa çatıb. 13376 ailə kəndli təsərrüfatını təmsil edən fiziki və 23 hüquqi şəxs arasında aparılan sorğu bu sahənin dolğun mənzərəsini yaradıb. Əldə olunan məlumatlarda əhalinin istifadəsindəki torpaq, texnika, mal-qara, hətta mal-qaranın və quşların cinsi, növü və s. əksini tapıb. Bu məlumatlar ümumiləşdirilib təhlil edildikdən sonra isə onların əsasında rayonumuzda kənd təsərrüfatının inkişafı istiqamətində yeni layihələr hazırlanıb həyata keçiriləcək.
Tərtər rayon Statistika İdarəsi 2013-cü ilin may ayında müasir, hər cür avadanlıqla təchiz olunmuş yeni inzibati binaya köçüb. Kollektiv 2014-cü ildə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” üzrə “İlin ən yaxşı müəssisəsi, təşkilatı” devizi ilə keçirdiyi respublika müsabiqəsində qalib gələrək diplomla təltif edilib.
Bu deyilənlər statistikamızın bugünü barədədir. Bəs, görəsən onun gələcəyi necə olacaq? Yəqin ki, kosmosda öz peykləri olan bir ölkədə statistik məlumatların əksəriyyəti də elə bunların vasitəsi ilə əldə ediləcək. Amma nə kompüter, nə də fəzada uçan peyklər bu cəfakeş insanların əməyini tamamilə əvəz edə bilməz. Cəmiyyətdə həmişə onlara ehtiyac və hörmət qalacaq.