Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında ulu öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayon Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini bildirib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır. Qeyd olunub ki, qədirbilən Azərbaycan xalqı ulu öndər Heydər Əliyev siyasi kursunu, ölkənin davamlı inkişafının bundan sonrakı uğurlarını təminatlı gələcəyin mühüm şərti olaraq dəyərləndirməli, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvü dahi rəhbərin ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.
Tədbirdə Tərtər şəhər icra nümayəndəsi Sahib Həsənov, Səhlabad kənd tam orta məktəbin müəllimi Almaz Quliyeva, Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov çıxış ediblər.
Sonra bir qrup partiya üzvünə YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
“Yeni Tərtər”