Həmişə Talıb Məmmədli ilə görüşəndə, onun şeirlərini dinləyəndə müqəddəs SÖZ-ə ehtiramım bir az da artır və qəribədir ki, həmişə də fikrimdən oxşar cümlələr keçir. Mən bir neçə dəfə Talıbdan yazmışam və bu yazılar müqəddəs SÖZ-ə ithafla başlayıb. İndi də o cazibədən çıxa bilmədim.
Həzrəti SÖZ-ə həmişə səcdə qılmışam. Çünki mənim üçün “Zati-aliləri” də, “Əla-həzrət” də SÖZ-dü. SÖZ qiblədir, SÖZ səcdəgahdır, SÖZ pirdi, ocaqdır! SÖZ Allah hökmüdü! “Ol!” deməklə küllü-kainat yaranıbsa, SÖZ qüdrətdir, SÖZ hökmdür, SÖZ hikmətdir! Və nəhayət SÖZ insanın kimliyidir–“Danış, kim olduğunu deyim”.
“Tanıtsa, bir misra tanıdar məni”( Məmməd Aslan).
Talıb Məmmədlini də (Həsənoğlu) tanıdan söz olub, onun şeirlərində SÖZ urvata minir, öz ucalığını qoruyub saxlayır, hər kəlməsinə fikir yüklənir, məna bələnir. Bir poetik ovqatdır Talıbın şeirlərinin hər misrası, hər beyti. Bəziləri kimi SÖZ oyunbazlığı eləmir, SÖZ-ə zor tətbiq etmir. Onun şeirlərində SÖZ ucuzlaşmır, əksinə, kəlmələrə bulaq axarı verir, düşüncələri sığallı, tumarlı olur.
Talıb Məmmədli əsasən heca vəznində yazır. Qoşma, gəraylı, təcnis…
Onun təcnisləri həmişə məni heyrətdə qoyur. Çünki zaman-zaman təcnis yazan azman ustadlarımız cinas qoymayıblar ki, qalsın, sən də onu yazasan. Yəni SÖZ qəhətliyində, cinas matahlığında axtar ki, yeni bir ifadə tapacaqsan! Bu, gecənin qaranlığında iynə axtarmaq kimi bir şeydi.
Siz Abbas Tufarqanlıdakı cinaslı SÖZ düzümünə baxın:
Atasınnan, anasınnan
Gül gəzindi, gül gəzindi.
Atasınnan, anasınnan
Gül, gəz, indi, gül, gəz, indi.
Yarı ağ libada gördüm,
Yarı ağlı badə gördüm,
Yarı ağlı bada gördüm,
Gülgəzindi, Gülgəzindi.
Sən məni ağlama da gör,
Sən məni ağlamada gör,
Sən məni ağlamada gör,
Gülgəz indi, Gülgəz indi.
Bu işdə əyandı Abbas,
Bu iş də dayandı Abbas,
Bu iş də yandı Abbas,
Gül, gəz indi, gül, gəz indi.
Sarı Aşığın cinaslı bayatılarının qədrini SÖZ zərgərləri daha yaxşı bilir.
Mən aşıq tərsinə qoy,
Tər məni tərsinə qoy,
Yaxşının qibləsinə,
Aşiqi tərsinə qoy.
Mən aşiqəm yar sarı,
Geyinibdi yar sarı.
Qürbətdə ölsə aşıq
Üzünü qoy yar sarı.
Aşıq Alı:
Aşıq Alı deyər: yar ab ağlaya,
Yaxşı təbib gərək yara bağlaya.
Yar ki meylin qeyri yara bağlaya,
Həftəyə varmasın, aya qalmasın.
Aşıq Ələsgər:
Ovsunçular əllərinə mar alı,
Zənbur fəmə şaqayıqdan mar alı.
Kamil ovçu yəqin görüb maralı,
Gedir bərəsinə ay sinə-sinə.
Aşıq Şəmşir:
Aşiqəm, yüz il məni,
Düymələ (gəl) yüz ilməni.
Vəfalı dost yad olmaz,
Görməsə yüz il məni.
Çağdaş şairlərimizdən Məmməd İlqar “Gözəl” adlı təcnisində görün eyni sözləri müxtəlif mənalarda işlədərək nə gözəl cinas yaradır:
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir!
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən,
Gül üstündə arıya bax bircə sən
Gör gülün nazını nə gözəl çəkir?
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl?!
Mən ölmüş neynim ki, gözündən, gözəl?!
Nə bir könül doyur, nə göz əl çəkir!
Və nəhayət, Talıb Məm-mədli:
Dağıtdın, bələndi ömür-gün aha,
Talıb sahib idi hansı günaha?
İndi ha boylanım ötən günə, ha,
Bir də abad olmaz dünyam, a dünya!
Yeni cinas sözlərin “ceyran belinə mindiyi”, yəni qıt olduğu bir vaxtda və klassiklərimizdən tutmuş üzü bəri işlənməmiş cinasın qalmadığı SÖZ çəhlimində yeni deyim tapma-ğın müşkül bir məsələ olduğu zamanda Talıb Məmmədlinin yazdığı təcnisləri oxuyun və görün SÖZ axtarışı necə bəhrə verib.
Tofiq YUSİF