Hazırda həyatımızı internetsiz, sosial şəbəkəsiz təsəvvür etmək qeyrimümkündür.
Bu şəbəkələrdə yayımlanan videogörüntülərin müəlliflərindən biri də həmyerlimiz Zahir Əsədovdur. Onu bir gün kamerasız təsəvvür etmək mümkün deyildir.
Bu günlərdə Zahirlə söhbət edib, barəsində yazmaq istədiyimi bildirdim. Məmnunluq göstərərək, imkanlaşdırıb görüşəcəyimizi vəd etdi və işinin çoxluğuna baxmayaraq, dediyi vaxt redaksiyamızın qonağı oldu. Bəzi suallarla ona müraciət etdim.
–Necə olub ki, məhz bu peşəni seçmisiniz?
–1998-ci ildə hərbi xidmətdən sonra Rusiyada qardaşımla birgə yaşamalı oldum. Bir rus qonşumuz varıydı. Mənə kamera ilə işləməyi təklif etdi. Gündəngünə artan marağımı görən qardaşım mənə kiçik əl kamerası aldı. Hələ orda ikən kiçik çəkilişlər etməyə başladım. Nəhayət, Azərbaycana qayıtdım. Artıq kamera ilə işləməyi özümə peşə seçdim. Həvəskar kimi gördüyüm iş püxtələşməyimə səbəb oldu və bir də gördüm ki, operatoram.
–Əsasən kameranın yaddaşına nələri köçürürsünüz?
–Əvvəllər hələ kiçik kamera vasitəsilə ad günlərindən, dosttanış məclislərindən və digər xırda tədbirlərdən müəyyən epizodlar çəkirdim. Tam öyrəndikdən sonra iri həcmli çəkilişlərə başladım. Hazırda qısametrajlı filmlər çəkirəm. Xüsusilə Qarabağda şəhid olmuş qəhrəmanlarımız haqqında videoçarxlar hazırlayıram. Son zamanlarda ARB-nin əməkdaşı Daşqın Güneyli ilə 7 nəfər şəhid haqqında film çəkilişinə başlamışıq. Artıq onun ikisi hazırdır. Ağcabədi rayonundan Dilsuz Qarayev haqqında “Tabuta sığmayan şəhid” və Astara rayonundan Pəncəli Teymurov haqqında 16-17 dəqiqəlik sənədli filmlərə tamaşaçılar baxıblar. Film çəkilişlərimiz davam edir. Bəstəkar Sevinc Tofiq qızı ilə birlikdə Almaz İlahənin sözlərinə bəstələnmiş 4 dəqiqəlik “Türkiyə-Azərbaycan” klipinin təqdimatı keçirilib. Bununla əlaqədar müəllif tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılmışam.
Tərtər rayonunun tarixi haqqında və Aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərov barədə çəkilmiş filmlər artıq tamaşaçılara təqdim olunub. “İctimai” televiziya kanalının Qarabağ üzrə bölgə müxbiri Şöhrət Eyvazovla birgə “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” filminə dəfələrlə baxılıb və müzakirələrə səbəb olub. Məqsədimiz er-mənilərin köçürülmə olduğunu isbatlayan “Marağa 150” abidəsi haqqında çəkiliş aparmaqdır.
–Yaxınlarda Tərtər gənclərinin və əhalinin “Müstəqilliyimiz əbədidir”yürüşü barədə çəkiliş aparıb şərh verirdiniz. Bununla bağlı fikriniz?
–Həmin anlar mənim üçün unudulmaz idi. Adamların həvəs və coşğu ilə yürüşə qoşulması hər kəsdə bir nikbinlik yaratmışdır. Sanki Qarabağa gedirmişlər kimi ürəklə addımlayır, erməniləri lənətləyən şüarlar səsləndirir, müstəqilliyimizin daimiliyini bir daha nümayiş etdirirdilər. Bilirsiniz, mənim ən böyük arzularımdan biri Qarabağın azad edilməsidir, istəyirəm ki, orada Bayraq sancanı çəkim. Bunu səbirsizliklə gözləyirəm. İnşallah bu arzumuza mütləq çatarıq!
–Eşitmişik ki, sizə medal təqdim olunub, bu barədə nə deyə bilərsiniz?
–Yaxşı bilirsiniz ki, rayo-numuzda keçirilən bütün tədbirlərin çəkilişini mən aparıram. Gördüyüm işlərin hamısından rayon rəhbərinin xəbəri olur. Mən Fəxri Fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmışam. Ən qiymətli mükafatım isə “Vətən naminə” medalıdır. Vətən mənim üçün ən müqəddəs məfhumdur. Gördüyüm bütün işləri vətənim və xalqım üçün edirəm ki, gələcək nəslin bu günümüzdən xəbəri olsun. Mənə təqdim olunan “Vətən naminə” medalı isə məsuliyyətimi, işə olan həvəsimi qat-qat artırıb, daha gərəkli çəkilişlər aparmağa ruhlandırır. Zəhmətimi qiymətləndirən hər kəsə öz minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm!
Kameranın yaddaşına köçürülən hər hadisə kiçik bir dünyanı xatırladır.
–Arzu edirəm ki, kameranız çiyninizdən düşməsin!
Elfuzə VƏLİYEVA