Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Noy

    ÜSYANKAR ŞAİR

    Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Nəsiminin poeziyası çox qiymətli mövqeyə malikdir. O, anadilli ədəbiyyatı zənginləşdirmiş və ədəbi məktəb yaratmışdır. Nəsimi Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir.
    Çox ağır dövrdə yaşamış, sürgünlərə məruz qalmışdı. Ancaq öz əqidəsi uğrunda mübarizə aparmış heç zaman sarsılmamışdır. “Başımı top edib yenə meydana girmişəm” sözləri bir daha onun amalını təsdiq edir. Yaradıcılığında aparıcı janr–qəzəl olan ustad haqqında mötəbər fikirlər mövcuddur.
    Qəzəllərindəki musiqi ahəngdarlığı şeirə yeni bir gözəllik gətirir, mənəvi birlik himni kimi səslənir. Bu qüdrətli söz ustadı ilahi sevgi ilə yaşayan insanı kamil hesab edir. “Sığmazam” qəzəlində göstərir: insanın varlığı o qədər böyükdür ki, hər iki cahana sığmır. Bu şeir şairin mükəmməl avtoportretidir.
    Seyid İmadəddin Nəsimi nadir şəxsiyyət, cəsur və humanist şairdir. Onun arzusu insanları həmrəy görmək idi. İmadəddin sözünün mənası dinin dayağı deməkdir.
    Məhəbbət mövzulu qəzəllərində insani sevgini üstün tutmuşdur. “Düşdü yenə dəli könül gözlərinin xəyalinə” şeiri sadəliyi və axıcılığı, saflığı ilə seçilir.
    Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
    Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
    Al ilə ala gözlərin aldatdı aldı könlümü,
    Alını gör nə al edər, kimsə irişməz alinə.
    Qüdrətli söz ustadının didaktiktərbiyəvi şeirlərində xəyanət, xudbinlik və pis hərəkətlərdən uzaq olmaq tövsiyə olunub. İctimai motivli şeirlərində vəfasız dünyaya bağlanmağın lazım olmadığını göstərir.
    Yoxdur vəfası dünyanın, aldanma anın alına,
    Rəngindən oldu münfəil, hər kim boyandı alına.
    Arısı yalandır, saqın, dadlısına aldanma kim,
    Acıdır anın şəkkəri, ağı qatılmış balına.
    Nəsimi poeziyası özündən sonra böyük sənətkarların yaradıcılıqlarına əvəzsiz təsir göstərib. Cığatay dilində ən mükəmməl şeirlərin müəllifi olan Mövlana Lütfinin “Susadı” nəzirəsi Nəsiminin “Susadı” qəzəlinə ithaf olunub. Şair Mirmöhsün “Memar” romanında, ürgənc şairi Əsiri “Nəsimi” dastanında ölməz sənətkarın həyatından bəhs ediblər.
    1972-ci ildə Azərbaycanda Divanı çap olunub.
    Azərbaycanda İmadəddin Nəsimi yaradıcılığına dövlət səviyyəsində yüksək qayğı və diqqət göstərilib, indi də göstərilir. Onun anadan olmasının 650 illik yubileyi münasibəti ilə respublika Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb və 2019-cu il “Nəsimi İli” elan edilib. Bu istiqamətdə hal-hazırda ölkəmizdə və rayonumuzda bir sıra silsilə tədbirlər hazırlanıb həyata keçirilir.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.