Yaşadığımız dövrün ən ciddi problemləri sırasında narkomaniya və alkoqolizm ön cərgələrdə qərarlaşıb. Son zamanlar bu problem bütün dünya ölkələri arasında geniş yayılmış və ciddi fəsadların yaranmasına səbəb olmuşdur. Əlbəttə, ətraflı fikirləşəndə bir çox ailələrin dağılmasına, xəstəliklərin əmələ gəlməsinə, yol qəzaları, təcavüzlər və bir çox digər cinayət hadisələrinin baş verməsinə səbəb məhz alkoqolizm və narkomaniyadır. Narkotik və alkoqola vərdiş edən insanların övladları problemdən əziyyət çəkir və bu onların sağlamlığına ciddi zərbə vurur.
İlk anlar adamı “xumarlandıran” bu zəhərlər sonralar orqanizmin qarşısıalınmaz tələbinə çevrilir, aludəçiliyə və asılılığa səbəb olur, həyat tərzini tamamilə dəyişdirir, ömür yolunu zəhərləyir–əzaba və iztiraba zəmin yaradır, ölümə yaxınlaşdırır. Narkotikadan və alkoqoldan asılı vəziyyətdə yaşayırlar, əslində yaşamırlar, kölgə kimi sürünürlər, özlərinə, ailələrinə və cəmiyyətə əlavə yük, gərəksiz bir əşya, ağrılı bir dərd olurlar, yəni o ömür yaşanmasa yaxşıdır, bir heyvan ömrü ondan çox-çox dəyərlidir. Çoxları isə bəzi problemləri unutmağın yolunu alkoqol içkilərdə və narkotiklərdə görür.
Böyük rus yazıçısı Lev Tolstoy yazırdı: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, digəri sağalmaz xəstəlik olan narkomaniyadır”.
Narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir.
Ulu öndər Heydər Əliyev “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərman imzalamışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti 2014-cü il 13 sentyabr tarixli 276 nömrəli qərarı ilə “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiya üzrə Proqram” təsdiq etmişdir. Bu sənədlər və qəbul olunmuş digər normativ hüquqi aktlar Azərbaycanda dövlət səviyyəsində narkomaniya və alkoqolizmə qarşı mübarizəyə çox ciddi əhəmiyyət verildiyini təsdiq edir.
“Ağ ölümə” və alkoqollu içkilərə qarşı Tərtər rayonunda da rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərə-findən təsirli tədbirlər görülür.
Rayonumuzda ötən il narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar olaraq narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 cinayət faktı və 2 fakt isə inzibati qaydada aşkarlanmışdır. Aşkar edilmiş faktlar üzrə 17 nəfər şəxs barəsində cinayət işi başlanılmışdır ki, onlardan 5 nəfərə qətiimkan tədbiri se-çilmiş, 12 nəfər şəxs barəsində isə “polisin nəzarəti altına vermə” qərarı verilmişdir. “Xaş-Xaş 2018” şərti kompleks əməliyyat axtarış və profilaktiki tədbirlər planının yerinə yetirilməsi ilə əlaqədar olaraq rayon ərazisində keçirilmiş tədbirlər nəticəsində 0,92 hektar sahədən çəkisi 2652 kiloqram 820 qram olan yabanı halda bitmiş çətənə kolları müəyyən edilərək yandırma yolu ilə məhv edilmişdir. Bu sahədə işləri yaxşılaşdırmaq üçün insanların həyat və sağ-lamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi də-yərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotik vasitələrin və on-ların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri daha da gücləndirilməli, əhalinin bütün zümrələri arasında maariflən-dirmə işləri diqqət mərkəzində saxlanılmalıdır.
Alkoqolizmə qarşı mübarizədə də rayon rəhbərliyi tərə-findən ciddi əməli tədbirlər gö-rülməkdədir. Spirtli içkilərin satışına tətbiq olunan qadağalar bu zərərli aludəçiliyiylə bağlı mübarizə və müalicə tədbirləri rayonumuzda daim diqqət mərkəzində saxlanılır.
Nübar MEHDİZADƏ