Tətər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Bayandur kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi üzrə nümayəndələr, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon icra hakimiyyəti başçısının Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kamran Əhmədov kənd haqqında ümumi məlumat verdi.
Sonra 4 nəfər sakinin müraciəti dinlənildi. Kənd ağsaqqallarından Yusif Muradov elektrik təsərrüfatının yenidən qurulmasına, modul tipli ibtidai məktəbin həyətinin asfaltlanmasına, Telman Məmmədov suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdilər.
Ağbirçək ana Gilas Əsədova Bayandur kəndinin sakinləri adından aparılan islahatlara, xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirdi.
Qonşu Mamırlı kəndinin sakini, şəhid oğlu Ramin Rzayev həyat yoldaşının ankoloji, anasının şəkərli diabet xəstəsi olduğunu bildirərək, onların dərman preparatları ilə təmin olunmasına, özünə Mamırlı kəndində həyətyanı torpaq sahəsi verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdi.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
“Yeni Tərtər”