Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
Tərtər rayonunun təmas xəttinə yaxın Hüsənli kəndində yol infrastrukturunun yenidən qurulması işləri yekunlaşıb. Yevlax-Xocalı avtomobil yolunun 45-ci kilometrliyindən ayrılan Hüsənli yerli əhəmiyyətli avtomobil yolu asfaltlanıb. Tikinti işləri çərçivəsində çınqıl materialından istifadə etməklə 10 metr enində yol yatağı inşa olunub. Yola müxtəlif yerlərdə 23 ədəd suötürücü boru qoyulub. Kəndin küçələri də daxil olmaqla, yola eni 6 metr, uzunluğu isə 3 kilometr olmaqla asfalt-beton örtük döşənib. Hazırda zəruri yerlərdə yol nişanları quraşdırılır. 2020-ci ildə isə rayonun uzunluğu 30,5 kilometr olan Səhlabad, Əksipara, Qarağacı, Yuxarı Qaradağlı, Qapanlı, Qaynaq, Yuxarı Qapanlı, Qazyan avtomobil yollarının da yenidən qurulması nəzərdə tutulur.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə kənd sakinləri minnətdarlıq ifadə edirlər.
“Yeni Tərtər”