Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Okt

    “İGİD ODUR YARALARA QATLANA”…

    Vətən yolunda fədakarlıqla xidmət göstərən insanlara hər birimiz borcluyuq. Belə oğullar xalqımızın başucalığıdır. Rayonumuzun mərd insanları hər zaman torpaqlarımızın müqəddəsliyini qoruyub, ölkəmizin bütövlüyü uğrunda əlindən gələni əsirgəməyib. Biz mətbuat işçilərinin də borcu ürəkləri vətənpərvərlik hissi ilə döyünən oğullarımızın haqqında fəxrlə danışmaqdır.
    Barəsində yazacağım vətən oğlu torpaqlarımız uğrunda cəsarətlə döyüş tapşırıqlarını yerinə yetirib.
    Məmmədov Ayaz Əvəz oğlu 1975-ci il aprelin 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurduqdan sonra 1994-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Döyüşdə olduğu bölgələrdən: Ağdam, Ağdərənin “Vışqa” yüksəkliyi, Tərtərin Çaylı kəndi, “Donaşen-1”, “Donaşen-2”, Ağdamın Yuxarı Salahlı, Aşağı Salahlı və Qərvənd uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirdi.
    Vətənə olan sevgisi onun mənəvi zənginliyindən irəli gəlir. Xalqa və ölkəmizə sonsuz məhəbbətlə bağlı olan Ayaz döyüşlərdə şücaət göstərib. 1994-cü il aprelin 13-də Marquşevanda (Şıxarx) yaralanıb. Həmin anı belə xatırlayır:
    –Ayaqlarımdan yaralandım. Minaatan mərmisi yanıma düşdü, özüm isə səngərin içinə yıxıldım. Yaralandığımı, qəlpənin ayağımı apardığını hiss etdim. Əllərim qana batdı. Səngərdən çıxıb ayaq üstə durmaq istəyəndə gördüm ki, sol ayağım da yaralanıb. Bədənimin müxtəlif nahiyələrindən qəlpə yarası almışdım. Təzəkənddən döyüşdüyüm bölmənin komandiri leytenant Vilayət Məmmədov əvvəlcə məni Ural maşınına qoyub Tərtər hospitalına gətirdi. Axşam saat 5-6 radələrində əməliyyata götürüldüm. Sağ ayağımdan 6 qəlpə, sidik kisəmdən 2 qəlpə çıxarıblar. Sol ayağım amputasiya olundu. Helikopterlə Bakı Semaşka xəstəxanasına aparıldım, 2 ay orada yatdım. Sonradan döyüşdən tərxis olundum. O döyüşdə 6 nəfərdən 4 nəfər şəhid oldu, 2 nəfər yaralandı.
    Ayaz Məmmədov 3 erməni qulduru öldürüb və Ağdamın Salahlı kəndində onların sənədlərini xidmət etdiyi hərbi hissəyə təqdim edib. Ağdamda üzümlükdə 3 nəfər yoldaşı ilə 1 sutka mühasirədə qalıb.
    Yaralanmağı Ayaza vətən yolunda əlil olmaq kimi şərəfli adı nəsib etdi. O, I qrup Qarabağ Müharibəsi Əlilidir. Dövlətimiz tərəfindən ona 2003-cü ildə Xoruzlu kəndində 3 otaqlı ev, 2 pay torpağı, “Oka” markalı minik avtomobili verilib. Döyüşlərdə göstərdiyi şücaəti nəzərə alaraq bu günlərdə Ali Baş Komandanımız İlham Əliyevin sərəncamına əsasən “İgidliyə görə medalı” ilə təltif edilib. Hazırda Prezident təqaüdü alır.
    Ailəlidir, 3 uşağı var. Böyük qızı Qazaxda kollecdə təhsil alır.
    Ayaz qardaşının da döyüşlərdə iştirak etdiyini söylədi.
    Arzusu torpaqlarımızın xilas olmağını görməkdir. Canını hər an vətən yolunda fəda etməyə hazırdır.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.