“QOÇU”LƏQƏBLİ NƏSİB QULİYEV
Onların sayı çox azdır. Bəlkə də heç on evdən birinə düşmür. Lakin hansı evdə yaşayırlarsa orada bin-bərəkət, hörmət-izzət var. Hər birimiz onları sevir məsləhətlərinə həmişə ehtiyac duyuruq. Keçdikləri həyat yolu bizim üçün örnəkdir. Ali təhsilləri olmasa da, sadə bir peşədə çalışmaları ilə hər bir ailənin qayğıkeşi, böyüyü sayılırlar.
Belə insanlardan biri də Söylən İƏD üzrə nümayəndəliyin Alışarlı (Qapanlı) kəndində yaşayan Nəsib Heydər oğlu Quliyevdir. Onunla görüşə Qarabağ müharibəsi döyüşçüləri Yaşar Məmmədov, Firidun Tağıyev, fotomüxbirimiz Kənan Hüseynzadə ilə birgə yollandıq. Yaşadığı evində görüşdük. Səhhətindəki narahatlıqla əlaqədar həkim yanına getmişdi. Biz yenicə çatmışdıq ki, oğlu ilə özü də gəldi. Evində qonaqlarını görəndə xeyli sevindi. Sanki doğma adamlarını görürmüş kimi sevindi. Ötüb-keçənləri yada saldı, ömrünün ağlı-qaralı günlərini xatırladı. Bildirdi ki, onun yeniyetməlik və gəncliyi Böyük Vətən müharibəsi illərinə təsadüf edib. O zaman bütün ailələrdə olduğu kimi Nəsib Quluyevin ailəsində də çətinliklər, mü haribənin ağrı-acısı duyulurdu. Lakin, bu çətinliklərə baxmayaraq, hər bir ailədən kolxozlarda çalışanlar, əkin-biçinlə məşğul olanlar varıydı. Belə ailələrdən biri də Nəsib Quluyevin ailəsi idi. O zamanlar evin kişiləri müharibəyə getdiklərindən qadınlar və yeniyetmə oğlanlar çöl işlərində çalışmalı olurdular. Gənc Nəsib də kolxoz işlərində çalışmalı olur. Traktorla yer əkib, pambıq yığırdı. Bir sözlə, zəhmətdən ikiəlli yapışaraq, çörəyini halallıqla qazanırdı. 10 ildən artıq mexanik işləyib. Özü sürütmə kotan düzəldib. Dediyinə görə həvəsi olduğu üçün 12 yaşından traktorla işləyib. Taxıl, pambıq səpini ilə məşğul olub. Becərmədə, yığımda yorulmadan çalışıb. İstəyib ki, həm kolxozun işi irəli getsin, həm də dolanışıqları təmin olunsun.
Nəsib Quluyevin gözəl ailəsi olub. O zamanlar, demək olar ki, bütün ailələr çoxuşaqlı olurdu. Həyat yoldaşı Maralla birlikdə 11 övlad boya-başa çatdırıblar. 3 oğlan 8 qız. Hazırda həyat yoldaşı və 2 qızı dünyalarını dəyişiblər. İndi Nəsib kişi 9 övladının əhatəsində yaşayır. Oğul-qızlarının hər biri ailəlidirlər. Onun 20 nəvəsi 25 nəticəsi var. Özü kiçik oğlu Mürsəlin ailəsi ilə birgə olurlar.
Nəsib kişiyə kənd camaatı “Qoçu”– deyə, müraciət edir. Elə mən də o adla tanımışdım. Bu adın mənası ilə maraqlandım. Söylədi ki, müharibə illərində də, sonra da əkin-biçin yerlərində çoxlu qadınlar işləyirdilər. Mən də onlara rəhbərlik edirdim. O zamanlardan mənə ”Qoçu” deyə müraciət edirdilər. Bu günə kimi hamı məni bu adla tanıyır, sənəddə isə Nəsibəm.
10 ildən çoxdur Nəsib kişi uşaqlarına həyat yoldaşı Maralsız böyüklük edir. Ürək yanğısı ilə onun yoxluğundan danışdı. Övladlarımızın hamısından qayğı, nəvaziş görürəm, amma həyat yoldaşı başqadır!–dedi.
Nəsib kişi gözəl günlərində övladlarını bir yerə toplayar, sovet dönəmindəki kolxozda işləməsindən, ailəsini təmin etmək üçün gecə-gündüz həyat yoldaşı ilə birgə çalışmalarından və o günlərin acılı-şirinli xatirələrinidən danışar. Artıq ömrünün ahıl vaxtını yaşayan Nəsib kişi bir az kövrəkləşib, tez-tez duyğulanır.
Onu da qeyd edim ki, Nəsib kişinin illərlə çəkdiyi zəhmət bəhrəsiz qalmayıb. O, dövlət tərəfindən “Əmək veteranı” və Yubiley medalları ilə təltif olunub. “Fəxri fərman” və mükafatlara layiq görülüb. Bu gün də dövlətin diqqət və qayğısını hiss edir. Yaxın vaxtlarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov keçirdiyi səyyar qəbul-görüşdə Nəsib kişinin yolun təmiri və artezyan quyusunun qazılması fikrinə reaksiyası onu çox razı salıb. Bir ağsaqqal kimi əvvəlcədən rayon rəhbərinə bu qayğı və diqqətinə görə öz minnətdarlığını bildirdi.
Həm yaşadığı evin, həm də kəndin ağsaqqalı sayılan Nəsib kişi ilə görüşümüz bir ziyarəti xatırlatdı. Sanki hansısa məbədi, ocağı ziyarət etdim.
Bir elin “Qoçu”su Nəsib dayıya cansağlığı, uzun ömür, xoş gün-güzaran arzulayıb, ayrıldıq.
Elfuzə CAMALQIZI