Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Okt

    ADAMLARI ABIRA SALMAQ LAZIMDIR

    “Bala kirpi” ilə “Bala Tutuquşu” vədələşib, saat 11-də Tərtər şəhərini gəzməyə çıxdılar. Son 4-5 ildə şəhər simasını büsbütün dəyişmiş, heyrətamiz, əsrarəngiz gözəlliyə qərq olmuşdu. Yeni-yeni müasir binalar tikilmiş, küçələr abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Hər yanda gül-çiçək bir-birini çağırırdı. Şəhər gəlin kimi süslənmişdi. Ovsunlu gözəlliklərə baxdıqca adamın ruhu təzələnirdi, ovqatında bir rahatlıq, bir xoşhallıq yaranırdı.
    “Bala Kirpi”də,”Bala Tutuquşu”da bu şəhərdə yaşadıqlarına görə daxili bir qürur hissi duyurdular, fərəh keçirirdilər. Erməni quldurları ilə 48 kilometr təmas xəttində yerləşən Tərtər rayonu həm qəhrəman igidlərin diyarı, olduğu cənnəttimsal bir məkana bənzədiyi üçün həqiqətən öyünülməyə layiqdir. Düşmənin bir addımlığında daim atəş təhlükəsi altında yaşayan tərtərlilər qurub-yaradır, heç nədən çəkinmir, öz normal həyatlarını davam etdirirlər. Onlar Azərbaycanın Prezidentinə və qüdrətli ordumuza arxalanır, güvənir və “QƏLƏBƏ GÜNÜ”nün uzaqda olmadığına inanırlar.
    “Bala Kirpi” ilə “Bala Tutuquşu” şəhərin ən gur yeri olan ba-zara çatdılar. Bazarda, necə deyərlər, it yiyəsini tanımırdı. Satan kim, alan kim, aldadan kim, aldanan kim… Bazarın dalı da, qabağı da, içi də dərəbəylik idi, kim harda gəldi, nə gəldi satır, toza-torpağa, zirə-zibilə fikir verən yox idi. Qaraçı köçünə oxşayırdı bu bazar. Adamlar müxtəlif, adamlar cürbəcür–sarısı, qarası, kökü, arığı, kişisi, qadını, qızı, oğlanı… Hərəsi də müxtəlif dəbdə geyimli…
    “Bala Kirpi” ilə ”Bala Tutuquşu bazarın qarşısında yolun o tayında olan çayxananın çölə qoyulmuş stollarının birinin ətrafında oturub, bir çaynik çay sifariş etdilər və gəlib-gedənlərə baxmağa başladılar.
    Birdən “Bala Tutuquşu” səki ilə gedən, arxadan qız-oğlanlığı bilinməyən uzunsaçlı bir gənci göstərib dedi:
    –Qağa, ona bax, onun geyindiyi sürtülmüş dappadar şalvara bax! Rəhmətlik Habil Əliyev xalq artisti Niyaməddin Musayevin dar şalvarına işarə edərək demişdi: “Əlbət Niyaməddin şalvarını “rajok”la geyinir”. Bu da yəqin “rajok”dan istifadə eləyir.
    “Bala Tutuquşu” isə saqqalı və əcayib dəbdə geyinmiş bir oğlanı göstərib dedi:
    –Qağa, bu necə dəbdir? Sən bunun saqqalına bax, saçına bax, dizdən azca aşağı şalvarına bax, əlindəki siqaretə bax, o biri əlindəki təsbehə bax! Sən Allah, gör meşədə tək qalmış Robinzon Kruzzoya oxşayır, ya yox.
    –Oxşayır, oxşayır – deyə “Bala Kirpi” cavab verdi. Sonra “Bala Tutuquşu” hər yerini oynada-oynada yeriyən, əzilib­­­büzülən, qaşları alınmış, qəribə geyimli bir gənci göstərib soruşdu:
    –Görəsən, bu, oğlandır, ya qız?
    “Bala Kirpi” çiyinlərini çəkdi:
    –Nə bilim? Onu ya ata-anasından soruşmaq lazımdır, ya da özünü yoxlamaq lazımdır.
    “Bala Tutuquşu qımışdı.
    Sonra əndamlı bir qız gördülər. İlahi, sənin bu millətə yazığın gəlsin! Onu daha pis günlərdən qoru! Bu qızın geyiminə kənardan baxanda belə adamda ikrah hissi oyanır, onun yerinə xəcalət çəkir. Üz-gözünə bəlkə də bir kilo “kraska” yaxıb. Dodaqları qıpqırmızı, kömbə kimi idi. Onun dodaqlarından öpmək istəyən kişinin ağzı, yalan olmasın, gərək begemot ağzı olsun. Arxası dəyirman daşına oxşayırdı. Dar yubkası dizlərindən iki qarış yuxarı idi. Açıq sinəsindən iri döşləri partlayıb çıxmışdı. Başına çətir tutmuş, sağ əlindəki yelpiklə özünü yelləyirdi. Elə naznan yeriyirdi ki, “Avropa gözəli” müsabiqəsinin qalibi o qələti eləməzdi. Özündən müştəbeh görünürdü. Bir sözlə, elə bil sirkdən iri bir aranqutan meymununu bəzəyib-düzəyib buraxmışdılar çölə. Görəsən, onun ailə üzvləri bu gülünc və iyrənc geyimi, bu ifrat boyalı qaş-gözü, “gözəlliyi” görmürlərmi?! Belə də dəb olar?! Dikdaban ayaqqabılar bu öküz ağırlığına necə tab gətirir?!
    Bir qız da onların yanından keçirdi. Yubkasının yarığı az qalırdı göbəyinə çatsın. Yeriyəndə bu yarıqdan alt paitarı da görünürdü. Ayaqları kibrit çöpü kimi nazik idi,–elə bil indicə bir neçə yerindən sınacaqdılar. Yastıdaban ağ “ket”geyinmişdi. Köynəyi elə qısa idi ki, döşlərindən aşağı zorla çatırdı. Ağzında saqqız çeynəyə-çeynəyə, qulağında qulaqcıq heç kimi vecinə almadan “öz dünyasında” idi. Ağsaqqal, ağbirçək saymadan bəlkə də heç özü də bilmirdi ki, hara gedir–məqsədsiz–filansız.
    Bir dəstə məktəbli də onların yanından keçdi. Bu uşaqlar oğlanlı-qızlı ağızlarına nə gəldi, danışırdılar. Bəziləri elə latayır və biabırçı kəlmələr işlədirdilər ki, kənardan eşidənlər məəttəl qalırdılar. Hərəsinin əlində bir cib telefonu vardı–bahalı. Yoldan keçənlərə toxuna-toxuna maşınları saymadan, yüksəkdən danışıb şit-şit gülən, ona-buna söz atıb sataşan məktəblilər bizim gələcəyimizdirlərsə heç nə! Ya məktəbdə, ya ailədə onlara bir tərbiyə verən yoxdurmu?!
    “Bala Kirpi” dedi:
    Əvvəllər ədəb-ərkan vardı, böyüyün kiçiyin yeri bilinərdi. Hamı ictimai qınaqdan, tənbehdən çəkinərdi. Ağsaqqal, ağbirçək sözü batmandan ağır gələrdi, öyüd-nəsihətləri eşidilərdi. Uşaqlar ata-analarına, müəllimlərinə böyük hörmət-izzətlə yanaşardılar. Ailədə, məktəbdə, küçədə pis söz danışılmazdı. Nə oldu bizə?! Niyə bu günə qaldıq?! Bunu “Avropaya İnteqrasiya”mı yaratdı?! Yoxsa indiki internet, sosial şəbəkələr, telekanallarmı bais oldu?!
    “Bala Tutuquşu” onun dediklərini təsdiqlədi:
    –Biabırçılıqdır, rüsvayçılıqdır!!! Milli-mənəvi dəyərlərimiz urvatdan düşür, aşınıb gedir! Bizim axırımız necə olacaq?! Qardaş vallah, nə dəb belə olar, nə mərifət belə olar, nə də inkişaf! Müasir dövrlə ayaqlaşmaq istəyirsənsə, intellektual səviyyəni artır, tərbiyəni nizamla, əxlaqına nəzər yetir. Ta eybəcər cır-cındır geyinib, ayıblarını camaata göstərmə!
    Dünyagörmüş dədə-babanı, ismətli nənələrini yaddan çıxarma! Ləngərli, sanballı, hörmətli adətlərimizi, milli dəyərlərimizi, bir sözlə, soy-kökünü unutma!
    “Bala Kirpi”:
    –Bir komediya var ey, ona baxmısan?
    Bəşir Səfəroğlu ilə Nəsibə Zeynalova oynayırlar. Onların söhbətlərindən məlum olur ki, Ayda hamı lüt gəzir. Nəsibə Zeynalova deyir ki, a kişi, gəl birlikdə Aya gedək, mən lüt kişiləri abıra salım, sən də arvadları.
    İndi, a Tutuquşu, kimsə bu eybəcər dəbləri bir abıra salmalıdır, vallah! Yoxsa bir az da belə getsə, küçənin ortasında Aydakı kimi hamı lüt gəzəcək.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.