Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Evlilik də qayıq kimidir.
Julian Edvin Levi
Müasir dövrdə cəmiyyətdə ciddi narahatlıqlara səbəb olan amillərdən biri də bəzi nikahların uğursuz nəticə verməsidir. Dövlətimizin güclü olması, gələcək nəslin sağlam böyüməsi qurulan evliliklərdən asılıdır. Hal-hazırda ölkəmizdə möhtərəm Prezidentimizin sayəsində ailə siyasəti uğurla həyata keçirilir.
Ailənin təməlinin möhkəm olması evlənən cütlüklərdən asılıdır. Uğurlu nikah üçün gənclər ailə mədəniyyətinə yiyələnməlidir. Boşanma halları, bütün dünya ölkələrində olduğu kimi, milli-mənəvi dəyərlərə sadiq olan Azərbaycanda da özünü büruzə verir. Xalqımız hər zaman ailəni müqəddəs bilmiş, ağsaqqal və ağbirçəklərimiz onu nəyin bahasına olursa-olsun qoruyub saxlamağı tövsiyə etmişdir. Təəssüflər olsun ki, həmin qayda-qanunlara bir çox gənclər riayət etmirlər. 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınmışdır. Keçən il ölkədə uşağı olmayan 6559 nəfər boşanıb. 2019-cu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-ya, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.
Bu sahədə Tərtər rayonunda da vəziyyət ürəkaçan deyildir. 2018-ci ildə rayonumuzda 511 nikah qeydə alınmış, 146 boşanma halı baş vermişdir. 2019-cu ilin 6 ayında isə 280 nikah, 76 boşanma hadisəsi olmuşdur. Son 3 ildə Tərtər rayonunda boşanma halları dinamik şəkildə artmışdır. Belə ki, əgər 2016-cı ildə 104 boşanma hadisəsi qeydə alınmışdırsa, 2017-ci ildə bu rəqəm 119, 2018-ci ildə isə bundan 29 fakt artıq olmuşdur. 2014-cü ildə isə qeydiyyat şöbəsi tərəfindən cəmi 98 boşanma halı qeydə alınmışdır. Rəqəmlər onu göstərir ki, bu barədə ciddi düşünməyin vaxtı çatmışdır.
Hər xırda söz-söhbət üçün ailələr dağılmamalıdır. Gərək güzəştə getməyi bacarasan. Əlbəttə, böyüklər boşanmaq istəyən cütlüklərə ailənin dəyərini, əhəmiyyətini başa salmaqla onları fikrindən daşındıra bilərlər. Ailənin dağılmasına bir çox səbəblər vardır: xəyanət, alkoqollu içkilər və narkotikdən istifadə, xasiyyət uyğunsuzluğu, sonsuzluq, valideynlərin təkidi ilə baş tutan evlilik və s. Birinci səbəb isə ailənin nə olduğunu bilmədən nikaha girməkdir. Bəzən kənar şəxslər ailəyə təsir göstərir. Məsələn, xanımların rəfiqəsi mənim həyat yoldaşım belə geyinməyə icazə verir səninki yox və ya bəylərin dostları mənə yoldaşım tərəf belə kömək etdi və s. ifadələrin təsiri də tərəflər arasında soyuqluq yarada bilər. Bəzən cütlüklərin çox vaxtlarını sosial şəbəkələrdə keçirməsi onların həyat yoldaşına və övladlarına vaxt ayırmasına imkan vermir. Ailə məsuliyyətini başa düşməyənlər ailəni axıra qədər qoruya bilmirlər və sonda peşmançılıq çəkirlər. Çünki ailə qurmaq nə qədər asandırsa onu qoruyub saxlamaq da bir o qədər çətindir. Ailədə böyük məsuliyyət olmalıdır. Çünki bu nikahın nəticəsində vətəndaş dünyaya gəlir. Bir çox gənclər imkanlı adamların qızları ilə ailə qurmaq istəyirlər. Hamıya məlumdur ki, bu məqsədlə qurulan ailələr uzun müddət davam etmir və dözülməz hallar yaranır. Bunun nəticəsində də ailələr dağılır.
Çox cütlüklər boşandıqdan sonra övlada biganə münasibət bəsləyir və uşaqlar həm maddi, həm də mənəvi cəhətdən əziyyət çəkirlər. Ailə münaqişəsi təkcə boşanma ilə nəticələnmir. Bu, uşaqlara və yaxınlara da mənəvi zərbədir. Ayrılan şəxslər çalışmalıdırlar ki, uşaqlar bundan əziyyət çəkməsinlər və ən əsası da özlərini yalnız hiss etməsinlər. Çünki valideynlərin həyat yollarının ayrılması uşaqlara psixoloji cəhətdən ciddi zərbə vurur. Onlar artıq həyatdan küskün kimi formalaşmağa başlayırlar. Həmçinin uşaq hansı valideynin yanında böyüyürsə qarşı tərəfə nifrət hissi yaratmaq, onları digər qohumları ilə görüşməkdən məhrum etmək və s. kimi hallar baş verir. Tək qalan valideynlərin isə öhdəlikləri daha da artır. Hər ikisinin tərbiyəsi ilə böyüməli olduğu halda bütün məsuliyyət bir nəfərin üzərinə düşür. Nikahlarını pozan gənclər fikirləşməlidirlər ki, həmin övlad onların hər ikisinə məxsusdur.
Nübar XANLARQIZI