TƏRTƏRDƏ PAMBIQÇILIQ APARICI SAHƏYƏ ÇEVRİLİR
Prezident İlham Əliyevin ölkədə ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə göstərişləri tərtərlilərin də fəaliyyətinə yeni istiqamət verdi. O cümlədən, unudulub arxa plana keçirilmiş pambıqçılığa münasibət kökündən dəyişdi.
Həyata keçirilən təşkilat-təsərrüfat tədbirləri sayəsində rayonda həm məhsul istehsalı artır, həm də təcrübəli pambıqçıların sayı. Adı qabaqcıllar sırasında çəkilənlərdən biri Köçərli kəndinin fermeri Əvəz Mirzəyevdir. Onun ucubucağı görünməyən tarlası bu il də başdan-başa ağ örpəyə bürünmüşdür.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və MKT İK Tərtər filialının direktoru Feruz Hacıyevlə də Əvəz kişinin tarlasında rastlaşdıq. Hal-əhval tutandan sonra söhbətə M.Məmmədov başladı. Dedi ki, ölkə rəhbərinin təşəbbüsü ilə pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün qəbul olunan Dövlət Proqramının icrası bizim rayonda da bu sahəyə böyük təkan verdi.
Xüsusilə pambıqçılığın kənd təsərrüfatı texnikası ilə yüksək səviyyədə təminatı və məhsulun alış qiymətinin artırılması bu sahəyə marağı daha da artırdı. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, keçən il rayonumuzda 3300 hektar sahədə pambıq yetişdirilmiş, orta hesabla hər hektardan 24,8 sentner məhsul götürülmüş, qəbul məntəqələrinə 8200 tona yaxın “ağ qızıl” təhvil verilmişdir. Cari ildə isə pambıq əkinlərinin sahəsi bir qədər də genişləndirilərək 3427 hektara çatdırılmışdır. Əməktutumluğu ilə seçilən pambıqçılığın inkişafı fermerlərin sosial rifahını daha da yaxşılaşdırır. Odur ki, bu sahə rayonumuzda kənd təsərrüfatının aparıcı sahələrindən birinə çevrilir. Bu il orta məhsuldarlığı hər hektarda 30 sentnerə çatdırmaq əsas hədəfimizdir.
–Bəlkə də bundan çox olacaq, –deyə MKT İK Tərtər filialının direktoru Feruz Hacıyev söhbətə qoşuldu. İndi dayandığımız bu sahədə maşınlar son cərgələrin məhsulunu yığır. Nəticə sevindiricidir. İlkin hesablamalar göstərir ki, birinci üz yığımında məhsuldarlıq 41 sentnerdir. Sonda 50 sentner olacağına söz yoxdur. Bizim filialda keçən il hər hektarın orta məhsuldarlığı 32,8 sentner olmuşdur. Bu il 2017 hektar sahədə məhsul yetişdirmişik. Ortalama hər hektardan 35 sentner pambıq götürmək əzmindəyik. Hədəfə çatmaq üçün ciddi hazırlıq görmüşük. Bütün sahələrdə yarpaqların tökdürülməsi üçün keyfiyyətli dərmanlama aparılmışdır. Hazırda tarlalarda filialın 9 pambıqyığan maşını işləyir. Hər gün orta hesabla 260-280 ton pambıq yığılır.
Görüşüb söhbət etdiyimiz digər fermerlər, torpaq sahibləri və pambıqçılar da bildirdilər ki, torpaqların hər qarışından maksimum səmərəli istifadə etməyə çalışır, həvəslə əkib-becərirlər. Dövlətin göstərdiyi güclü dəstək bu işdə onlara qol-qanad verir.
Lazım QULİYEV,
“Azərbaycan”