XARABA YURDUN HARAYI
Rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 707 kv.km, əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 Oktyabr (1993-cü il)
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.
Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. Aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər yetirək:
1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də Seyidlər kəndi mühasirədə qaldı. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Çox ağır və qanlı döyüşlər iki saat çəkdi. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulur. Baş verən hadisələrə baxmayaraq hökumət heç nə etmir, heç bir tədbir görmürdü. Vəziyyət getdikcə gərginləşirdi.
1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq, mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.