Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Okt

    BİZİ VƏTƏN HƏSRƏTİNDƏN XİLAS ET!

    Yenə günlər qısalıb, Günəşin hərarəti zəifləyib, çöl-bayır qızılı libasını geyib. Gah isti yayı bizə xatırladan, hərdən də soyuqluğu ilə şaxtalı qışa “muştuluqçu” olduğunu hiss etdirən payız fəslindən, onun bəxş etdiyi təkrarsız gözəllik çalarlarından doyunca zövq almağın vaxtıdır. Ömrümüzün növbəti payızı yurdumuza qədəmlərini qoyub. Bu payız bizə qucağında bağların bəhrəsini, buz bulaqların laylasını, dağların əzəmət və vüqarını, ana təbiətin gözəlliyini gətirib. Payızın kövrəkliyi sanki qəlbimizi də yuxaldıb, daha duyğusal olmağa başlamışıq. Saralıb tökülən yarpaqlar hərəsi bir xatirəyə çevrilir, bir nağıla dönür. Axı, bu, payızın rəngidir, öz simasıdır…
    Qızılı payız günlərində müşahidə olunan duman özündən sonra qarlı, şaxtalı günlərin, ayların gəlişindən xəbər verir, insanlara “tədarükünüzü görün” söyləyir. Qışa hazırlıq fəslidir payız. Ta qədimdən xalqımızın məişətində, milli mentalitetimizdə də payız qiymətli, xətir-hörmətli fəsil olub. Payızın bin-bərəkəti, bolluğu var, təknələrimizin ruzisi, qar-şaxtadan susqun qışımızın hazırlığı, azuqə bolluğu var. Elə ona görə də payıza bədbinlik, ayrılıq, həzinlik, duyğular fəsli deyil, bolluq, bərəkət fəsli, həm də toylar fəsli deyilir.
    Payız günləri həm də kəndlinin qayğılı günləridir. Əkinçiliklə məşğul olan zəhmətkeş insanlar sahələrdəki məhsulu toplayır, bağlardakı meyvələr yığılır. Çeşid-çeşid payız nemətləri dükan-bazarlarda, alış-veriş mərkəzlərinin piştaxtalarının bəzəyinə çevrilir, bolluq rəmzinə dönür.
    Kəndlilər əkin sahələrində payız şumu apararaq növbəti ilin bol məhsulunun təməlini qoyurlar. Yağan yağışlar torpağı, əkilən toxumları cana gətirir. Payız fəsillərin yaraşığıdır, büsatıdır. Artıq yurdumuzda füsünkar, axarlı-baxarlı qızılı payız günləridir.
    Ömrün ahıl çağını həmişə payıza bənzədirlər. Mən payızı fəsillərin gözəli hesab edirəm. Ətrafımızda o qədər gözəlliklər var ki, insan baxmaqdan doymur. İlahinin insanlara bəxş etdiyi bütün rəng çalarlarını bu fəsildə tapmaq olar. Payız duyğuların dilə gəldiyi, həsrətlərin sevgiyə qovuşduğu fəsildir. Bizim də Vətən, əsir yurd niskilimiz var, qızılı payızda. Bizi sevgimizə qovuşdur, həsrət gözlərin nigarançılığını yollardan yığ, qızılı payız! Əsir torpaqlarımız həsrətdən cadar-cadardı. Qızılı payız qədəmin düşərli olsun, bizi Vətən həsrətindən xilas et!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:37

İsmarıclar bağlıdır.