Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Okt

    ÖZ ƏQİDƏSİ YOLUNDA SOYULAN ŞAİR

    Azərbaycan şeir mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Seyid İmadəddin Nəsimi XIV əsrin axırlarında və XV əsrin əvvəllərində yaşayıb yaratmışdır. Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin başlanğıcıdır. Nəsimi Yaxın Şərq və xüsusən Azərbaycan ictimai fikri tarixində vaxtına görə tərəqqipərvər mahiyyətdə olan panteizm ideyalarına əsaslanaraq, öz əsərlərində islam dininin dar, məhdud qanun-qaydaları xaricinə çıxmağa can atmış, zülmə, ədalətsizliyə qarşı çıxmış, insanpərvərliyi, əxlaqi-mənəvi təmizliyi təbliğ etmişdir.
    Nəsiminin tarixi xidmətlərindən biri də onun doğma Azərbaycan dilində yazması, Azərbaycan ədəbi dilini, şeir dilini zənginləşdirməsidir. Nəsimi Həsənoğludan və Qazi Bürhanəddindən sonra Azərbaycan dilində yaradılmış şeirin böyük ustadlarındandır.
    Seyid İmadəddin Nəsimi təxminən 1369-cu ildə Şamaxıda anadan olmuşdur.
    İmadəddin Nəsimi zamanına görə mükəmməl təhsil görmüş, öz ana dilindən başqa fars, ərəb dillərini, məntiq, riyaziyyat, təbiət və astronomiya elmlərini öyrənmişdir. Şair kiçik yaşlarından şəhər zəhmətkeşləri, peşəkar və sənətkarlar mühitində dolaşmış, bu mühitin təsiri altında onun dünyagörüşü formalaşıb inkişaf etmişdir.
    Nəsimi ilk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazmışdır. Ehtimal olunur ki, şair bu təxəllüsü məşhur sufi şair Həllac Mənsura (X əsr) rəğbətini və onun təriqətinə mənsubiyyətini bildirmək üçün seçmişdir. Məlum olduğu kimi, Mənsurun əsl adı Hüseyn olmuş, təriqəti isə Hüseyniyyə və ya Həllaciyyə adı ilə məşhurlaşmışdır. Əsərlərindən məlum olur ki, Nəsimi Qətran Təbrizini, Nizamini, Xəqanini, Əbhədini çox oxumuşdur. Hürufilik təriqətinin banisi, məşhur şair və mütəfəkkir Şeyx Fəzlullah Nəimi 1394-cü ildə Şirvana gəlmiş və Nəsimi ilə görüşmüşdür. Onun hürufi görüşləri Nəsiminin yaradıcılığı və dünyagörüşündə dərin təsir buraxmışdır. Nəsimi Fəzlullah Nəimini özünə mürşid qəbul etmiş, onu bir müəllim kimi sevərək, hürufiliyi qəbul etmişdir. Bu zamandan etibarən İmadəddin Fəzlullah Nəimi ilə ideya əlaqəsini ifadə etmək üçün onun təxəllüsü ilə həmahəng olaraq, Nəsimi təxəllüsünü qəbul etmişdir.
    XIV əsrin sonlarında Fəz-lullah Nəimi, İmadəddin Nəsimi və XV əsrdə Qasım Ənvar kimi görkəmli şairlər islam dininin əsasları ilə möhkəm bağlı olmaqla bərabər, hakim şəriət ehkamlarına, ruhanilərin kütbeyinliyinə mənfi münasibət bəsləyirdilər. Onlar eyni zamanda ictimai ədalətsizliyə, istilaçıların zülmünə etiraz edirlər. Buna görə də öz qəsbkarlıq planlarını həyata keçirmək üçün islamiyyətə arxalanan işğalçılar ruhanilərin fitvası ilə bu şairlərə amansız divan tuturdular. Məlum olduğu üzrə 1394-cü ildə Fəzlullah Teymurun oğlu Miranşah tərəfindən öldürülmüşdü. Nəsimi də bir tərəfdən hürufilik ideyalarını təbliğ etmək, digər tərəfdən də təqib və edamlardan özünü qorumaq üçün vətənindən uzaqlarda yaşamağa məcbur olur. Öz ustadı Fəzlullahın qətlindən sonra Nəsimi Anadoluya gedir. Bu zaman görkəmli bir sənətkar olan Nəsimi Türkiyə şairlərinə, xüsusən Rəfiiyə təsir göstərmişdir. Rəfii “Bəşarətnamə” adlı əsərində Nəsimini öz ustadı və müəllimi kimi yüksək qiymətləndirir və ona dərin məhəbbətini bildirir. Şairin əsərlərinin Türkiyə kitabxanalarında və muzeylərində olan onlarca əlyazmaları da bu fikri təsdiq etməkdədir.
    Dini irticanın qüvvətli olduğu Türkiyədə də hürufilər şiddətlə təqib olunurdular. Nəsimi bu zaman Türkiyədən Suriyaya gəlir, bir müddət Hələb şəhərində yaşayır. Şair fəlsəfilirik qəzəllərində etiqad sərbəstliyinə yol verdiyi, hakim şəriət tərəfindən təqib edilən panteizm və hürufilik əqidələrini təbliğ etdiyi üçün din xadimlərinin onu görməyə gözü yox idi. Rəsmi şəriət xadimləri hürufiləri və həmçinin Nəsimini “kafir”, “mülhid” adlandırırdılar.
    Hürufilərin fikrincə, Allah əzəli və əbədi, dəyişməz, lakin yaradıcı bir qüvvədir. Dünya bu qüvvə ilə hərəkət edir. Hərəkət nəticəsində kainatda əmələ gələn dəyişikliklər müəyyən dövrlər əmələ gətirir ki, bu dövrlərin başlanğıcındakı və sonundakı hadisələr bir-birinin eynidir. Hürufilərin fikrincə, dövri-hərəkət Adəmin yaranması ilə başlayır və məhşər ilə qurtarır. Allah guya əvvəlcə əqli-küllü yaratmış, sonra da “kaf və nun”, yəni, “kün” (“ol”) əmri ilə kainatı yaratmışdır. Nəsimi bu fikri belə ifadə edir:
    Cuş qıldı əqli-küll, gəldi vücudə kainat,
    Kafi nun əmrindən oldu bu cahan yekbar məst.
    Nəsiminin faciəli ölümü haqqında təzkirələrdə yazılır ki, Hələbdə şairin çox sevimli şagirdlərindən biri Nəsiminin qəzəlini ucadan avazla oxuyurmuş. Eşidənlər: “Bu qəzəl kimindir? –deyə, gəncdən soruşurlar, “mənim şeirimdir” –deyə, cavab verir. Buna görə də gəncin qətlinə hökm verib, boğazına ip salaraq, dar ağacından asmaq istəyirlər. Bu zaman Nəsimi özünü hadisə yerinə çatdırır və deyir ki, şeir mənimdir. O gənc mənim xatirim üçün qəzəli özünə isnad vermişdir”. Gənci buraxıb Nəsimini tutur və dərisinin soyulmasına hökm verirlər. Dərisinin soyulduğu zaman şair çoxlu qan itirir və rəngi saralmağa başlayır. “Rəngin nə üçün saralıb”–deyə, soranlara şair cavab verir ki, “Mən əbədiyyət üfüqlərində doğmuş bir eşq günəşiyəm, günəş qurub edəndə saralar”.
    Təzkirəçilərin verdiyi məlumata görə edamına hökm verən ruhani Nəsimi haqqında demişdir: “Bu elə məlundur ki, onun qanından bir damcı hara düşsə kəsib atmaq lazımdır. Təsadüfən, şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb edir, o isə qorxaraq: “Mən söz məsəli demişəm”–cavabını verir. Bu zaman al-qan içində olan şair deyir:
    Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
    Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz.
    Nəsimi 1417-ci ildə öldürülmüşdür. Azərbaycan ədəbiyyatında Nəsimi mərdlik, cəsarət, qəhrəmanlıq simvolu kimi şöhrət qazanmışdır. Nəsiminin “kafir”, “dinsiz” elan edilərək öldürülməsi onun həyatı və əsərləri haqqındakı ilk məxəzlərin geniş yayılmasına xeyli mane olmuşdur. Lakin, buna baxmayaraq, tərəqqipərvər alimlər onun böyük istedada, dərin fəlsəfi fikirə malik bir sənətkar olduğunu görərək, əsərlərini qiymətləndirmiş və mühafizə etmişlər. Nəsiminin yaradıcılığını biz təxminən iki dövrə bölürük. Birinci dövr 1395-ci illərə qədər davam etmişdir. Bu dövrdə o, “Hüseyni”təxəllüsü ilə şeirlər yazır, öz əsərlərində şiəlik görüşlərini əks etdirirdi. Bu əsərlərində tənqid, inkar, etiqad sərbəstliyi yox dərəcəsindədir. O, Məhəmmədi və onun övladlarını tərif edərək, dini fəxriyyələr, qəsidələr yazır. Məhəmmədi “Allahın nuru ilə xilqəti-əflaq arasında bir vasitə” “nur” adlandırmaqla müqəddəsləşdirir, mələk şəklinə salır, su və palçıqdan xəlq edilmiş Adəm ilə qarşılaşdırır. Nəsimidə getdikcə həyata, ictimai mühitə tənqidi münasibət qüvvətlənməyə başlayırdı. O, haqsızlığın, ictimai bərabərsizliyin, xəyanət və riyakarlığın, hökm sürdüyü feodal-ruhani cəmiyyətin nöqsanlarını görür, duyur və bunlara qarşı etiraz edir. Nəsimi həyat və etiqad qarşısında insanın vəzifələrini doğru başa düşmək üçün ayıq və cəsarətli olmağı tələb edir. O, Mənsur kimi həqiqət yolunda dar ağacından qorxmayan həqiqi aşiq axtarır. Şair feodal dünyasının ağır, amansız həyatından, hökmdarların zülm və özbaşınalığından şikayətlənir. Nəsimi bütün xalqları bir-birinə yaxınlaşdıran, mehriban edən bir məqsədə doğru gedir. O nəinki islamiyyət içərisindəki məzhəb ixtilaflarını, hətta islamiyyət və xristianlıq arasındakı ixtilafların əlehinə çıxır.
    Nəsimi insana böyük qiymət verir və insanı alçaldan iradə və azadlığını buxovlayan dini əxlaq və ənənələr əlehinə etiraz edir. O, insanı “mükərrəm hüsni-surət” , onun surətini isə “qiblə”–deyə, tərif edir.
    Onun zahidləri, din, şəriət aləmlərini kəskin tənqid atəşinə tutmasının çıxış nöqtələrindən biri də məhəbbət mövzusu idi. Əgər Nəsimi ”eşqə günah” deyən günahkar zahidlərin əlehinə çıxırsa, onun tərənnüm etdiyi bu eşq tam mənası ilə insan qəlbinin təbii hisslərindən doğan həqiqi, həyati məhəbbətdir.
    Nizaminin, Xaqaninin tərənnüm etdiyi yüksək, romantik məhəbbət, qadını ən qiymətli, ən məsum, ən vəfalı bir könül aşinası, ömrün, həyatın səmimi həmdəmi elan edən məhəbbət hakim feodal-ruhani dünyagörüşü tərəfindən sıxışdırılırdı. Nəsimi eşqi tərənnüm edərkən fəqirlərə və zahidlərə hücum etməsinin səbəbi yalnız bu idi:
    Verməz səni min cənnətü min hurə Nəsimi,
    Sən aşiqə həm cənnətü həm hüri-cahansan.
    Nəsiminin zülm və ədalətsizliyə qarşı narazılığı onda bəzən ümidsizlik doğurmuşdur. İstədiyi azadlıq və səadəti görə bilməyən şair iztirab və kədər duymuş, şərin qələbəsi onda dünyaya qarşı nifrət hissi doğurmuşdur. Nəsiminin lənət etdiyi dünya insanı məhkum edən, ona məhrumiyyət və fəlakət gətirən feodal dünyasıdır. Şairin ideyaları ilə feodal-ruhani cəmiyyət arasındakı uçurum və ziddiyyət onda zülm və haqsızlıqla dolu olan müasir həyata qarşı nifrət doğurdu:
    Dünya duracaq yer deyil, ey can, səfər eylə,
    Aldanma onun alinə, ondan həzər eylə.
    Zülm, şər qüvvələri aradan qaldırmağa, yer üzündə “cənnət” yaratmağa özündə və cəmiyyətdə qüvvət tapa bilməyən şair özünə qapılır, həyatın vəfasızlığından, faniliyindən şikayət edir. Nəsimi bütün ömrünü əzablı, çətin məfkurə döyüşlərində keçirmiş bir şairdir. Onun yüksəliş və inkişaf yolu heç bir zaman sakit və hamar olmamışdır. Şair insanpərvərlik, ədalət haqqındakı gözəl əməllərin çiçəklənməsini arzu edirdi. Lakin o, qüvvətli düşmənlərinin şiddətli müqavimətinə rast gəldiyi zaman həyatın faniliyini, ömrün vəfasızlığını, cahanın etibarsızlığını görüb dərin bir ümidsizliyə uğrayırdı. Nəsimi yaradıcığında rast gəldiyimiz tərki-dünyalıq əhval-ruhiyyəsinin mənbəyi budur.
    Neçə əsr keçsə də Nəsimi yalnız Azərbaycanda deyil, Zaqafqaziyada, Orta Asiyada və Yaxın Şərq ölkələrində yaxşı tanınan, əsərləri xalq içərisində geniş yayılan görkəmli sənətkarlardan biridir. Azərbaycan şifahi xalq ədəbiyyatında da Nəsiminin alovlu şair, vəfalı, sədaqətli aşiq kimi tanınmasını aşağıdakı bayatı göstərməkdədir:
    Gözəllik soy iləndir,
    Şahmar da soy ilandır.
    Nəsimi tək yolunda,
    Bu aşiq soyulandır.
    Nəsimi öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, Azərbaycan şeir mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycan ədəbiyyatı tarixinə alovlu insanpərvər, döyüşkən bir şair kimi daxil olmuş, şeiri mövzu, fikir, şəkil cəhətdən zənginləşdirmişdir. 650 illiyi bu il qeyd olunan, dözümlülük, iradə, qorxmazlıq simvolu kimi tanınan Nəsiminin şeirləri, keçdiyi əzablı həyat yolu gələcək nəsillər üçün bir örnəkdir. Bundan sonra əsrlər keçsə də yenə Nəsimi yaradıcılığı öyrəniləcək və yaşayacaqdır. Bunu şair haqqında çəkilən filmlər, şeirlərinə oxunan muğamlar, çəkilən rəsmlər, heykəltəraşlıq nümunələri də sübut edir. Şairin adını xalq əziz tutur, öz övladlarına, küçələrə, bölgələrə onun adını verir, şeirləri kimi adını da yaşadırlar.

    Xalidə QULUYEVA,
    Rafiq Nuriyev adına Tərtər şəhər 6 nömrəli tam orta məktəbin
    dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.