Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Okt

    Torpaqlarımız uğrunda canlarından keçən igidlərimiz təkcə öz valideynlərinin deyil, xalqın, Azərbaycanın oğullarıdır. Bu insanlarda Nəsimi cəsarəti, Koroğlu qeyrəti, Cavanşir vüqarı vardır. Biz keçmişimizi yaşadanlarla fəxr edirik. Şəhidlərin həyatı gənclərimiz üçün məktəbdir. Hər bir azərbaycanlı bu müqəddəs adın qarşısında baş əyir. Bu adı qazanmaq hər kəsə nəsib olmur. Şəhidlərin valideynlərinə olan minnətdarlıq heç bir kitaba sığmaz, heç bir mürəkkəb onu yazıb qurtara bilməz. Müqəddəs dinimizdə göstərilir ki, şəhidin qanı onun qüslü, paltarı kəfənidir. Şəhidlərin ölümü ən şərəfli ölümdür.
    Vətən uğrunda şəhid olan oğullarımızdan biri Hüseynov Vasif Telman oğludur. O, 1971-ci ilin 30 yanvarında Tərtər şəhərində anadan olub.Tərtər şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Gəncə şəhərində Aqrar Universitetin Energetika fakültəsinə qəbul olub. 18 yaşından Rusiyanın Xabarovski vilayətində hərbi xidmət keçib. 2 il Marquşevandan Vəngə qədər döyüş əməliyyatlarında iştirak edib. Vasif hərbi vəzifəsini yerinə yetirərkən 1993-cü ildə 22 yaşında Vəngdə sinəsindən güllə yarası alaraq qəhrəmancasına şəhid olub. O, doğulduğu torpaqda–Tərtərdə dəfn olunub. Subay idi. Allah rəhmət eləsin!
    Telman dayıdan Vasifin arzusu, xarakteri, hansı döyüşlərdən danışdığını soruşdum. O bildirdi ki, Vasifin arzusu torpaqları azad etmək idi. Vətənə bağlı və istiqanlı olub. Xocalı faciəsini eşidəndə çox böyük sarsıntı keçirib, mübarizəyə yollanıb. Marquşevan, Çaylı, Ağdərənin alınmasında, Çıldıran uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgərlikdə olarkən hərbi sürücülük məktəbində oxuyub.
    Ölümündən sonra döyüşlərdə göstərdiyi igidlik nəzərə alınaraq “Hərbi xidmətlərə görə” medalına layiq görülüb. Vasifin yaşadığı küçəyə onun adı verilmiş və həmin küçədə xatirəsinə bulaq salınıb.
    Vətən uğrunda canından-qanından keçən Vasif haqqında yazmaqdan və onun atası Telman Hüseynovla söhbətimdən qürur hissi duyuram.
    Telman dayı əvvəllər Bərdə Elektrik Şəbəkəsində işləyib. Hal-hazırda təqaüddədir. Vasifin anası–Zümrüd Hüseynova rəhmətə gedib.
    Şəhidin 2 bacısı, 1 qardaşı var– bir bacısı Kəmalə Nəcəfli BDU-də tarix müəllimidir. İkinci bacısı Məhbarə Hüseynova Bakıda maliyyədə işləyir. Qardaşı Elman Bakı şəhərində yaşayır.
    Vasifin atası Telman dayı şəhid ailələrinə dövlət tərəfindən və ölkə başçısının tapşırığı ilə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdi. Bütün şəhid ailələri kimi o da dövlət tərəfindən onlara verilmiş 2019-cu ildə 11 min manat birdəfəlik müavinətə görə razılığını bildirdi.
    Şəhidlərin adına park, bulaq, küçə, abidə salınması, ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin şəhidlərə olan hörmət və sevgisinin təzahürüdür.
    Tərtər rayonunda da şəhid ailələrinə yüksək diqqət göstərilir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid ailələri ilə tez-tez görüşlər keçirir, onların ehtiyacları ilə daim maraqlanır.
    Tərtərdə Elman Hüseynov, Ədalət Paşayev, Vasif Hüseynov, Nicat İsgəndərov, İlqar Həsənov, Mehrac Mahmudov, Vəzir Orucov, Mübariz İbrahimov, İlham Sarıyev, Rasim Mürsəlov və başqa şəhidlərin adlarını daşıyan küçələr salınıb, abadlaşdırılıb.
    Torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq göstərən igidlərimizin valideynlərinin başı daima uca dağlar kimi vüqarlı olsun!

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:26

İsmarıclar bağlıdır.