Dilimizin şirinliyi bal kimidir. Bu dil bizə ana qədər doğmadır, müqəddəsdir. Ona görə də tarixin sınağından adlayıb bu günümüzə gəlib çatan dilimizə “Ana dili” deyirik. Anamız bizim üçün nə deməkdirsə, dilimiz də o deməkdir. Sən ananın qeyrətini necə çəkirsənsə, ona hansı ehtiramla yanaşırsansa, dilimizə də münasibətin o cür olmalıdır.
Şah İsmayıl Xətai bu məhəbbəti görün hansı uca mərtəbədən və hansı doğmalıqla dəyərləndirib: “Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cəvahirata dəyişməyin.”
Müasir şəraitdə, yəni yeni dünya düzənində ana dilini yad təsirlərdən qorumaq, onun saflığını təmin etmək günün ən vacib və aktual məsələsidir. Çünki dünyanın qloballaşmasına gedən yolda texniki tərəqqi də qaçılmazdır və bu amillər bir çox xalqların dilinə yeni sözlər gətirilməsini vacib edir. Azərbaycanda bu sahə üzrə institutlar işləsə də, mənim fikrimcə, bəzən dilimizi yad təsirlərdən qoruya bilmirik. Bu gedişatda da ən çox özümüz günahkarıq. Niyə? Ona görə ki, bir çox Avropa-rus və ərəb-fars sözlərinin Azərbaycan dilində qarşılıqlı ifadəsi olduğu halda, həmin əcnəbi sözləri eyni ilə dilimizə pərçim edirik, ona birbaşa və dolayısı ilə “status” veririk. Amma bir çox xalqlar belə sözləri olduğu kimi deyil, öz dillərinə çevirəndən sonra leksikalarına daxil edirlər. Belə halda xalqın dili əcnəbi sözlərlə “zibillənməkdən” qorunur və öz saflığını qorumuş olur.
Biz həmişə yadımızda saxlamalıyıq ki, Azərbaycan dili bizim milli-mənəvi sərvətimizdir və dövlətimizin əsas rəmzlərindən biridir. Ona çox böyük hörmət və ehtiramla yanaşmaq, yeni sözlər əlavə edərkən ehtiyatlı olmaq gərəkdir.
İnsan nə qədər çox dil bilsə, bir o qədər yaxşıdır. Rəhmətlik Cəlil Məmmədquluzadə deyirdi ki, mən rusca danışmağın əleyhinə deyiləm, amma azərbaycanca danışanda rus kəlmələri işlətməyin əleyhinəyəm. Bəs bu baxımdan bizdə vəziyyət necədir? Məni qınayan olmasaydı, deyərdim ki, çox pis! Ana dilində danışdığımız hər cümlənin içində bir və ya bir neçə rus sözü olur. Bəlkə də bu, 70 ildən çox Rusiyanın tərkibində yaşadığımızdan qaynaqlanır? Əlbəttə, bunun təsiri olub. Amma… Fikirləşin, rus danışanda sənin bir sözündən istifadə edirmi? Şübhəsiz, yox. Bəs onda biz niyə beləyik? Məsələn, hər kəlməbaşı “pastayannı”, yaxud “vabşe” deyirik, “uje” sözü isə lap dilimizin əzbəri olub. Axı, bunların Azərbaycan dilində qarşılığı vardır. “Pastayannı”– “həmişə”(daim), “vabşe”–“ümumiyyətlə”, “uje”–“artıq”. Baxın, görün, dilimizdə bunların hansı daha yaxşı, daha səlis və aydın səslənir?
Azərbaycan dilində çox müqəddəs və şirin sözlər olan “ana” və “ata” kəlmələrini əvəzləyən “mama”və “papa” sözləri az qala bütün ailələrdə işlənən biabırçılığa çevrilib. Uşaqlarımızı başa salmırıq ki, a bala, mən sənin “papan “ yox, atanam, “maman” yox, ananam; “papa”,”mama” ayrı millətin valideynləridir, sənin yox.
Yanğına “pajar”,yanğınsöndürənə “pajarnı” deyəndə niyə fikirləşmirik ki, öz dilimizi özümüz korlayırıq?
Ana dilimizdə çox gözəl səslənən “şəfqət bacısı” sözünü nəyə görə “medsestra” ilə əvəz etməliyik? O “medsestra”lar ki, bir iynəni belə xəstəyə pulsuz vurmurlar?
“Təcili yardım” maşınına ya “skoro”, ya da “skoropomoş” deyirik. Nəyə görə? Məgər bizim dilimizdəki sözlər rus dilində olan bu sözlərdən çətin tələffüz olunur?
Dözülməz hal orasındadır ki, bu sıradan olan rus sözləri bizim yüksək çinli bəzi dövlət məmurları televiziyadan azərbaycanca danışanda da işlədirlər. Məsələn, “sıfır” əvəzinə “nol” sözü, demək olar ki, az qala bütün təbəqələrin sevdiyi sözdür. Ələlxüsuz da saatın neçə olduğunu və futbolda hesabı söyləyəndə. Hətta bəzi televiziya aparıcıları da, məsələn, “on beş sıfır-sıfır əvəzinə “on beş nol-nol” deyəndə öz qulaqlarımla eşitmişəm.
Belə sitatları həddindən çox gətirmək olar. Bunlar öz doğma dilimizə olan laqeydlikdən və etina-sızlıqdan irəli gələn çox ciddi, narahatedici məsələlərdir. Özümüz öz doğma dilimizi heç bir ehtiyac olmadan ağlar günə qoyuruqsa, daha yad təsirlərdən necə qoruya bilərik?!
Ad-familiyamızda da bu eybəcərliklər açıq-aydın görünür. Doğum haqqında şəhadətnamələrdə valideynlərin və onları yazanların savadsızlığından “Məmməd”sözü “Mamed”, “Ələkbər” sözü “Alekper”, “Əziz”–“Aziz”, “Yusif”–“Yusib”, “Oqtay”– “Oktay”, “Natiq”– “Natik” və s. və i. a. kimi yazılır. Hələ körpələrə qoyulan gülünc və ikrah oyadan məzəli adlardan danışmıram.
Bu bərbadçılıqların baiskarı biz özümüzük və belə yaramazlıqların qarşısını almasaq, dilimizin taleyi qalır bir Allaha.
Biz dilimizi yad təsirlərdən qorumalı olduğumuz halda, özümüzdən qorumalıyıq ehtiyacı çıxır ortaya.
Yad təsirdən qorumaq deyəndə, söhbət yuxarıda qeyd etdiyimiz kimi, əcnəbi sözlərin yerli-yersiz lüğətimizə gətirməyin qarşısını almaqdan gedir. Elə xarici mənşəli sözləri dilimizə gətiririk ki, bunların öz dilmizdə çox gözəl qarşılıqlı ifadəsi var. Düzdür, Avropaya meyl etmək (inteqrasiya) və texniki tərəqqi yeni-yeni sözlərin yaranmasına səbəb olur və istər-istəməz bu sözlərdən istifadə etmək lazım gəlir. Lakin, məncə, onların içində də elə sözlər vardır ki, öz sözlərimizlə əvəz etmək mümkündür. Necə ki, bəzi millətlər məhz bu yolu seçir. Demək, mümkündür.
Ümumiyyətlə, xalqın milli dəyəri olan və onun kimliyini tanıtdıran ana dilinə münasibət məsələsi çox incə və həssas bir məsələdir. Azərbaycan dövləti bu sahədə mühüm addımlar atır və dilimizin yad təsirlərdən qorunması üçün ölkə rəhbəri, həmçinin qanunverici orqan səviyyəsində bütün normativ-hüquqi sənədlər qəbul olunur. Bunların icra mexanizmini isə daha səmərəli və əməli olaraq tətbiq etməli olan qurumlar məncə öz işlərinə yenidən baxmalıdırlar. Millətin dili və insanın ürəyi ilə zarafat etmək olmaz!
Tofiq YUSIF