KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ…
Əliyev Qabil Cəlil oğlu “Tərtər Özünümüdafiə Batalyonu”na müraciət edəndə hamı tərəddüd etmişdi. Komandanlıq tərəfindən– “sizin həm yaşınız, həm də uşaqlarınız çoxdur”–demişdilər. Lakin bu inadkar insan əqidəsindən dönmür, 1993- cü il noyabr ayının 7-də hərbi hissəyə qəbul edilir. O gündən bir əsgər kimi vətənin müdafiəsinə qalxır və mənfur ermənilərə qarşı batalyonun digər üzvləri kimi mübarizə aparır.
Qabil Əliyev döyüşə qoşulmamışdan əvvəl ailəsini dolandırmaq üçün yaşadığı doğma Sarıcalı kəndində, sonralar isə Bərdə rayonundakı 32 saylı səyyar mexanikləşdirmə idarəsində fəhlə işləmişdi. Onun ailəsində 5 övlad böyüyürdü. Oğlu Loğman, qızları Əsmər, Ruhiyyə, Məhəbbət və Səbinə. Loğman isə anadangəlmə əlil idi.
Qabil gündüzləri fəhləçiliyini etsə də, evə gələndə həyət-bacada çalışar, doğmalarının qayğıları ilə məşğul olardı. Bəzən ailə-nin ağırlığını nəzərə alaraq həyat yoldaşı Kəkliyin üzərinə çox yük düşməsin deyə, çöl işlərinə özü gedər, “sən get ev işlərinlə məşğul ol”– deyərdi. Beləcə baş-başa verib uşaqlarının gələcəyi üçün çalışardılar. Bəzən də qonum-qonşunun Qabilə işi düşərdi. İşığı yanmayanın işığını düzəldər, ehtiyacı olanın işinə əl atardı. Necə deyərlər, əlindən beli, baltası, kəlbətini düşməzdi. Kənddə hamı onu sadə, zəhmətkeş bir insan kimi tanıyardı.
Mənfur ermənilərin Qarabağ savaşı başlayanda Qabil kişi çox düşünüb-daşınır. “Hamının evindən bir nəfər də olsa Vətənin müdafiəsinə qoşulur. Bəs, mən niyə getməyim?”–deyə düşünərdi. Nəhayət, qəti qərar verir. Lakin 4 qızının, əlil oğlunun və ailəsinin qayğıları daim onu narahat edir.
Artıq özünümüdafiə batalyonuna yazıldığı vaxtdan bir neçə ay keçmişdi. Əməliyyatları yerinə yetirib qayıdanda və yaxud da döyüş tapşırığına yollanmazdan əvvəl ailəsinə baş çəkər: “Darıxmayın, hər şey yaxşı olacaq, qorxmayın! Yuyulub üstünüzə hazır gələcəm”–deyərdi. Həyat yoldaşı Kəklik onun dediyi sözlərin mənasını anlasa da uşaqları qorxutmamaq üçün fərqinə varmırdı. Evin kişisini arxayınlıqla yola salıb, yaxşı yol diləyərdi.
Batalyon üzvləri arasında Qabil kişinin yaşlı olması üz-gözündən, görkəmindən də görünürdü. Bəzən onun döyüş əməliyyatlarına getməsinə əsgərlər narazı olardılar. Amma bir böyük kimi onlardan geri qalmazdı. Hətta birinci dəfə budundan yaralananda da xəstəxanada çox qalmayıb, müalicəni yarımçıq qoyub batalyona qayıdıb və mübarizəsini davam etdirib. Aprelin 14-də axırıncı dəfə evlərinə gəlib–ailəsinə baş çəkməyə, həm də oğlu Loğmanın ad gününü qeyd etməyə. Atasının hərbi geyimini səliqə ilə qatlayıb, qoyduğunu görən qızı Ruhiyyə dillənir: “Allah bu paltardan xeyir versin!”–deyir.
Bir ata kimi ailəni başına toplayıb oğluna gözəl bir ad günü keçirir. Səhəri hərbi hissəyə yollanır.
Bir həftə ötüb. 22 aprel 1994-cü il Ağdam rayonunun Güllücə və Şotlanlı kəndləri uğrunda döyüş əməliyyatı başlanıb. Qabilin anası Süsənbər arvad Şotlanlı kəndindən olduğu üçün ana qohumlarının hamısı o kənddə yaşayırdı. Ona görə də Qabilin ürəyində bir narahatlıq yaranmışdı. “Geridə qalmaq olmazdı, mütləq döyüşdə irəlidə getmək lazım idi, düşməni yerində oturtmaq gərəkdir”–deyib, savaşa yollanır. Bu döyüş Qabilin son döyüşü olur. Batalyonda “Baba” adlandırılan Qabil Əliyev 1994-cü il aprelin 22-də şəhid olur və ailəsinin üstünə yuyulub, kəfənlənmiş vəziyyətdə gətirilir. Böyüyüb boya-başa çatdığı Sarıcalı kənd qəbiristanlığında torpağa tapşırılır.
26 ildən sonra
Bir nəfər şəhid haqqında yazmalıydım. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibova müraciət etdim. Çox çəkmədi iki nəfər qadın gəldi:
–Biz şəhid ailəsiyik, cəmiyyətin sədri göndərib–dedilər.
Elə ilk söhbətdən bildirdilər ki, şəhid Qabil Əliyevin həyat yoldaşı Kəklik və kiçik qızı Əsmərdir. Şəhidin əmanət qoyub getdiyi qızlar böyüyüb ailə həyatı qurublar. Türkiyədə və Bakıda yaşayırlar. Təkcə Əsmər göz açdığı kənddə qalıb, yaşlı anasına, əlil qardaşına yaxın olmaq üçün. Hazırda qayğıya ehtiyacı olan bu iki insana Əsmər qulluq edərək, ehtiyaclarını təmin edir.
Ana şəhid həyat yoldaşından göz yaşı tökə-tökə danışdı, dövlətimizin rəhbərinin qayğısından söz açaraq, öz minnətdarlığını dönə-dönə təkrarladı. Onu da bildirdi ki, övladlarının içində təkcə Əsmər bütün xasiyyətlərində atasına oxşayıb.
Əsmər söhbət zamanı onu da bildirdi ki, bu ilin əvvəllərində ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid olmuş insanların vərəsələrinə birdəfəlik 11 min manat müavinət ödənilməsi haqqında tapşırıq verildi. Bizim ailəyə də düşmüşdü. Mən anamla məsləhətləşib həmin pulun 8 min manata yaxınını atamın qəbri üstünə sərf etdik. Daşını dəyişdirtdik, çardağını vurdurduq. Çünki o pulu mən özüm üçün xərcləyə bilməzdim. Qalan hissəsini isə bacılarımı çağırıb övladları kimi onlara bölüşdürdüm.
Bəs, anan, qardaşın, onlar da atanın varisləridir axı? –soruşdum.
–Onlara da vermədim, çünki onlara da mən baxıram. Ölənədək də mən baxacam. Anamın da, qardaşımın da heç kəsə minnəti yoxdur. Atamın əziyyəti olan evdə yaşayırlar, mən də qonşuluqda. Hər an gözüm üstlərindədir.
Üzr istəyirəm kiçik oğlum atamın adını yaşadır. Hətta qəbrin üstündəki daşın üzərində “Qabilli Qabildən babası Qabilə əbədi xatirə” yazdırmışam. Hazırda atamın 9 nəvəsi, 1 nəticəsi var.
Onu da deməyi özümə borc bilirəm. Atamın şəhid olduğuna görə kəndimizin sakinləri Ramil və Hüseyn qardaşları hər həftə Loğmana pay–ət, ərzaq göndərirlər.
Əsmər danışdıqca düşünürəm: “Bütün bu söylənilənlər şəhidə və onun ailəsinə həm dövlətimizin, həm xalqın, həm də ailə üzvünün tükənməz qayğısı və sayğısıdır”.
Qabil kimi şəhidlərimiz, Vətən üçün canından, qanından keçənlərimiz belə hörmətə layiqdirlər.
Elfuzə VƏLİYEVA