Məlumdur ki, dinimiz bizim milli-mənəvi dəyərlərimizin ən önəmli ünsürlərindən biridir. Xalqımız 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da öz dini dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdır. Lakin bununla belə o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi deyildir ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə, təkkə olduğu halda müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Bu, Sovet rejiminin dinlə mübarizəsinin nə qədər amansız olduğunu göstərir.
Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu Öndərin müstəqil Azərbaycanın prezidenti olduğu dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və yaxud da bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahının Heydər Əliyevin əmri ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Heydər Əliyev İslamı bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edirdi. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox gözəl bir şəkildə xülasə edir. Ulu Öndər dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin xüsusilə gənçlərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşü-nürdü.
Din-dövlət əlaqələri xüsusilə də İslam şərqində çox problemli məsələlərdən biridir. Lakin sevindirici bir haldır ki, məhz Ulu Öndərin uzaqgörənliklə əsasını qoyduğu və möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri nəticəsində ölkəmizin bu sahədəki siyasəti sağlam əsaslar üzərində qurulmuşdur. Azərbaycanda din-dövlət əlaqələri dünyəvilik prinsipi ilə tənzimlənmişdir
Bu baxımdan Heydər Əliyevin nəzərdə tutduğu dünyəvilik modeli din və dövlət işlərinin bir-birindən ayrıldığı, lakin dövləti təşkil edən xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin hörmətlə qarşılandığı və qorunduğu bir modeldir. Məhz bu anlayış sayəsində dövlətin birbaşa vəzifəsi olmasa da, bir çox dini məbəd və abidələr dövlət tərəfindən bərpa olunur, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə məxsus icmalara dövlət tərəfindən mütəmadi maddi yardımlar verilir.
Dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Xüsusilə orta əsrlərdə müxtəlif dinlər və məzhəblər arasındakı gərgin münasibətlər yüz minlərcə insanın öz həyatlarını itirməsi ilə nəticələnmişdir. Müasir dövrdə belə dünyanın bir çox yerində müxtəlif konfessialar arasındakı gərgin münasibətlərin şahidi oluruq. Lakin qeyd edə bilərik ki, ölkəmiz bu baxımdan unikal bir xarakterə malikdir. Əsrlərcə Azərbaycanda müxtəlif dinlərin və məzhəb-lərin nümayəndələri qardaşlıq şəraitində yaşamış və dini zəmində heç bir qarşıdurma mövcud olmamışdır. Bu şəraitin qorunması üçün xaricdən ölkə-mizə “ixrac edilməyə” çalışılan bəzi zərərli sektaların və qrupların qarşısının alınması böyük zərurət kəsb edir. Ulu Öndər də dinə fanatik mövqedən yanaşmanın tərəfdarı olan belə qrupların qarşısının alınmasının zəruri olduğunu düşünürdü. O, bunun üçün ilk növbədə həqiqi İslamın, siyasi ambisiya və fanatiklikdən uzaq bir din anlayışının gənclərimizə aşılanmasının labüdlüyünə inanırdı: “Gənclərimizin İslam dinini mənimsəməsində hesab edirəm ki, lazimi tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar bizim gənclərimizin tərbiyəsinə zərər vurur”.
Heydər Əliyev Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə hörmət göstəril- məli olduğunu dəfələrlə öz çıxışlarında qeyd etmiş, bütün dinlərin insanın mənəvi saflaşmasına xidmət etdiyini vurğulamışdır. Özü də bir inanc insanı olaraq öz həyatında hər zaman mənəvi dəyərləri yüksək tutmuşdur. Hələ Sovet dövründə təhlükəsizlik orqanlarında fəaliyyət göstərərkən, bütün təhlükələri göz önünə alaraq anasının xahişini yerinə yetirmək üçün Mir Möhsün Ağanın ocağını ziyarət etməsi onun nə qədər dərin bir inanca sahib olduğunu göstərir. Ulu Öndər müstəqil Azərbaycanın dövlət başçısı kimi ümrə ziyarətinə getmiş, Mədinədə Həzrət Məhəmmədin (s) qəbrini ziyarət etmişdir. Məscidi-nəbəvinin şərəf kitabına yazdığı sözləri onun imanının dərinliyini göstərir: “Müqəddəs Mədinə şəhərini, İslamın müqəddəs abidələrini, Həzrət Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha İslam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Böyük Allahın böyüklüyünü dərk etdim”.
Ulu Öndərin arzusunda olduğu din xadimi dinimizi dərindən bilməklə yanaşı müasir dünyanın nailiyyətlərindən xəbərdar olan və ölkənin qarşısında duran problemlərin həllində öz töhfəsini verə bilən nümunəvi bir şəxs idi. O, Qarabağ savaşının ağır günlərində deyirdi: “Mən əminəm ki, dinimiz, din xadimlərimiz Azərbaycan Respublikasının bu ağır günündə xalqımızın, vətəni qoruyan bütün adamların daha sıx birləşməsində, ordumuzun möh-kəmlənməsində, işğal olunmuş torpaqların geri qaytarılmasında bundan daha fəal iştirak edəcəklər, öz səylərini göstərəcəklər və beləliklə bir daha İslam dininin nə qədər böyük qüdrətə malik olduğunu bütün dünyaya sübut edəcəklər”. Ulu Öndərin bu fikirləri bu gün bütün din xadimlərimizin amalına çevrilməli, onlar da ölkənin müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfələrini verməlidirlər. Axı dinimizə görə “Vətəni sevmək imandandır”. Müstəqil vətəni olmayanlar öz dinlərini də lazımınca yaşada bilməzlər. Məhz bu gün müstəqil bir dövlətimiz olduğu üçün dindarlarımız dini ayinləri və dinin digər qayda-qanunlarını sərbəst bir şəkildə yerinə yetirə bilirlər.
Ulu Öndərin milli-mənəvi dəyərlərimizin inkişafı sahəsindəki fəaliyyətləri bir məqalənin çərçivəsinə sığmayacaq qədər geniş və dərindir. Lakin, son olaraq qeyd etmək istərdik ki, konturları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli-mənəvi dəyərlərin inkişafı konsepsiyası onun layıqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Məhz bu siyasət sayəsində istər milli, istərsə də dini baxımdan ölkəmiz bütün dünyada tolerantlıq modeli kimi tanınır.
-
28Sen
Müəllif: Redaktor, 14:04
Teqlər: Digər