Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində oldu. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Şükür Əhmədov görülən işlərə görə respublika Prezidentinə kənd camaatı adından minnətdarlığını bildirdi. Erməni quldurları ilə təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Sonra Şükür Əhmədov “Qulubəyli yeri” adlanan ərazidə yerləşən 80 hektara yaxın əkin sahələrinin suvarılmasında yaranan çətinlikdən danışaraq bu ərazidə subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Eyni təklifə kənd sakini Mamed Nuriyev də qoşuldu.
Sakinlərdən Zahid Əhmədov içməli su xəttinin 24 ailənin yaşadığı küçəyə də çəkilməsi, ll qrup Qarabağ müharibəsi əlili Ceyhun Məmmədov ona 2-ci pay torpağı sahəsinin verilməsi, Elnur Əhmədov isə kənd yolunda maşınların sürət həddinin azaldılması üçün yol nişanı qoyulması ilə bağlı müraciət etdilər.
Müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, onları narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı.
Kənd sakinləri əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülən işlərə və sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
“Yeni Tərtər”