Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Sen

    “Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi dəyərimizdir. Çünki Azərbaycan xalqının bütün xüsusiyyətləri burada açıq şəkildə göstərilib: yurd sevgisi, ana məhəbbəti, igidlik, böyüklərə hörmət və s. millətimizə xas olan xüsusiyyətlərdir. Bu dastan gənc nəsli vətənpərvərlik və mərdlik duyğularını gücləndirmək, onları xalqımızın igid oğullarının qəhrəmanlıq yolunu, xeyirxahlığını və adət-ənənələrini daha ətraflı öyrənməyə səsləyir. Dastanda təsvir olunan hadisələr Şərur, Dər-bənd, Gəncə, Bərdə, Göyçə və başqa Azərbaycan torpaqlarında baş verir.
    “Dədə Qorqud” qəhrəmanlıq dastanı olduğu üçün ona epos da deyilir. Dədə Qorqud yalnız söz sənətkarı deyil, oğuzların kamil bilicisidir. Dədə Qorqud hörmətinə qopuz müqəddəs sayılır. Savaş vaxtı kiminsə əlində qopuz olsa həmin şəxs bağışlanardı. Zəfər çalınanda Qorqud ata gəlib boy boylayar, soy soylayardı. Yetkinlik yaşına çatan gənclər bir igidlik göstərər və Dədə Qorqud onlara ad verərdi. Bu eposda hikmətli sözlər geniş şəkildə işlənib: Əski pambıq bez olmaz; Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz. Oğuz igidlərinin qəhrəmanlıqları mübaliğəli şəkildə (acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Əmən və s.), bənzətmələr (qadının dodaqları badama, yanaqları almaya bənzədilir) işlənib. Düşmən Oğuz elinə hücum edən zaman igidlər həmrəy şəkildə düşmənə qarşı mübarizə aparırdılar. Oğuz igidləri xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda vuruşublar.
    Qazan xan aman deyəni öldürməzdi. İldə bir dəfə evinin hər bir əşyasını kasıbların ixtiyarına verərdi. Qazan xanın Şöklü Məliyə: “Qatar-qatar dəvələrimi, oğlum Uruzla 300 igidi, 40 incəbelli qızla Burla xatunu gətirmisən sənin olsun anamı ver savaşmadan çıxım gedim”–deməsi anaya olan böyük sevginin təzahürüdür.
    Qaragünə, Dəli Dondar, Qaragünə oğlu Qarabudaq, Qəflət Qoca oğlu Şirşəmsəddin, Beyrək və başqa igidlərdən geri qalmayan sədaqətli qəhrəman Qaraca Çoban vətənin dar günündə düşmənə qarşı əzmkarlıqla mübarizə aparır. Qazan xan döyüşə gedəndə Qaraca Çobanı özü ilə aparmaq istəməsə də o, Qazan xanla birlikdə gedir. Oğuz igidi düşmənə: “İtim kafir!”–deyə, müraciət edir. Düşmən Qaraca Çobana: “Bizə baş əy, salam ver, səni Şöklü Məliyin yanına aparaq, bəylik alaq”–söyləyir. Çoban onlara belə cavab verir:
    Hərzə-mərzə söyləmə, ədə, itim kafir!
    İtimlə bir yalaqda yal içən azğın kafir!
    Altındakı ala atını nə öyərsən?
    Ala başlı keçimcə gəlməz mənə.
    Oğuz igidlərinin ən gənci Uruz özünün ölümünə razı olur ancaq atasının namusunun ayaqlar altına düşməsinə razı olmur. O, kafir əsirliyində də özünü ləyaqətlə aparır.
    Oğuzlarda qadın müqəddəsdir. Dastanda “Ana haqqı Tanrı haqqı”na bərabər tutulur.
    Qazan xanın həyat yoldaşı, oğuz qadınlarının ümumiləşmiş surəti Burla xatun ərinə, elinə və oğluna məhəbbətlə bağlıdır.
    Milli-mənəvi dəyərlərlə zəngin olan “Kitabi-Dədə Qorqud” eposunun gənclər tərəfindən mükəmməl öyrənilməsini təmin etmək hər bir azərbaycanlının müqəddəs borcudur.
    “Dədə Qorqud” filmi dəfələrlə tamaşaçılar tərəfindən izlənilsə də, bu gün də həmin maraqla izlənilir. Həmin mövzuda Üzeyir Hacıbəyovun məşhur “Dədə Qorqud” operası yazılıb. Xalq rəssamı Mikayıl Abdullayev bu eposun əsasında xeyli rəsmlər çəkib.
    “Dədə Qorqud” dastanı zaman-zaman qorqudşünaslar tərəfindən tədqiqat obyekti olub və indi də bu tendensiya davam edir. Bu əsərdə ibrətamiz, nəsillərə örnək olası hadisələr çoxdur. Dastan, əslində bizim xalqımızın milli-mənəvi dəyərlərinə ucaldılmış möhtəşəm bir heykəldir. Hər kəsin ordan götürəcəyi nəsihətlər, atalar sözləri və müdrik kəlamlar var. Bunlar isə müasir dövrdə gənclərimiz üçün çox dəyərli və tərbiyəvi xarakter daşıya bilər. Mənim fikrimcə, “Dədə Qorqud” dastanı orta ümumtəhsil məktəblərində geniş tədris olunmalıdır ki, yeniyetmə gənclərimiz Azərbaycan xalqının tarixi keçmişini və qiymətli milli-mənəvi dəyərlərini daha ətraflı öyrənə bilsinlər.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 08:31

İsmarıclar bağlıdır.