Məlumdur ki, Yer kürəsinin 2/3 hissəsi sudan ibarətdir.
“Su həyat mənbəyidir”–fikri xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su elə həyatın özüdür. Su olan məkanda mütləq həyat da var. Su insan bədəninin enerji qaynağıdır. Su bədənin bütün hüceyrələrini enerji ilə təmin edir. Zəhərli və zərərli infeksiyaların bədəndən xaric olmasına köməklik göstərir. Gün ərzində kifayət qədər su içmək sağlamlıq üçün xeyirlidir.
Məlumdur ki, həyatın yaranmasında, biosferin formalaşmasında su həlledici rol oynamış və bu gün də oynamaqdadır. Şirin su problemi dünyada aktual sosial-iqtisadi problemlərdən biridir. Təəssüf ki, hələ də istənilən səviyyədə deyildir. Bir çox ölkələrdə içməli su ticarət mənbəyinə çevrilib. Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, Danimarka İsveçdən içməli suyu satın alır. Yaponiyada Norveçdən şüşə qablarda gətirilmiş su satılır. Səudiyyə Ərəbistanı Flippindən, Sinqapur Malayziyadan tankerlərlə içməli su alır.
Su problemi bəşəriyyəti düşündürən vacib məsələlərdən biridir. Odur ki, dünya birliyi 2005-ci il martın 22-də ümumdünya içməli su gününü qeyd etdi və 2005-2015-ci illər BMT tərəfindən “İçməli su həyat üçün” devizi altında onillik elan olundu. Hələ qədim zamanlardan insan həyatında suyun misilsiz rol oynadığı qeyd edilmişdir. Dahilər bildirmişlər ki, “Su həyat üçün vacib deyil, o həyatın özüdür”.
Təbii su ehtiyatları planetimizin bütün qatlarında mövcuddur. Lakin onun yararlılıq dərəcəsi qənaətbəxş deyildir. BMT-nin resurslarının qiymətləndirilməsi üzrə ümumdünya proqramının məlumatına görə 2010-cu ildə dünya şirin su defisiti 225-230 milyard kub-kilometr təşkil etmişdir, 2025-ci il üçün bu rəqəm 6-9 dəfə artaraq 1,3-2 trilyon kubkilometrə çata bilər. Ümumdünya səhiyyə təşkilatı bunun acı nəticələrini göstərərək bildirir ki, inkişaf etmiş ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyəti ilə əlaqəlidir.
Fizioloji tələbatı ödəmək üçün insana hər gün 2,5 litr su tələb olunur.
Kənd təsərrüfatında 69 faiz, sənayedə 23 faiz, məişətdə 6 faiz istehlak olunur. Bəzi ölkələrdə iqlim dəyişikliyi su ehtiyatlarının çatışmazlığını mürəkkəbləşdirir.
14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçirilmişdir. Bu tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. BMT-nin “Davamlı İnkişaf Məqsədləri–2030” hə-dəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Su Həftəsi peşəkar diskussiyaların, işgüzar görüşlərin təşkili baxımından əlverişli məkan olmuşdur.
Son illər Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilmiş, ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm dövlət proqramları yerinə yetirilmişdir. Bütün bu tədbirlər su təchizatı və kanalizasiya sektorundan da yan keçməmiş, bu istiqamətdə iri infrastruktur layihələri icra olunmuşdur. Dövlətin birbaşa qayğı və diqqəti nəticəsində regionlarda reallaşdırılan layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olmuşdur.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük su təsərrüfatı infrastrukturu yaradılıb. İnsanların suya olan tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın ümummilli lideri Heydər Əliyevin “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri bu xeyirxah işlə məşğul olanların əməyinə verilən qiymətdir. Prezident İlham Əliyevin “Su sağlamlıq deməkdir. Təmiz, içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir” sözləri insan amilinə verilən önəmin təcəssümüdür.
Son illərdə həyata keçirilən layihələr müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə böyük töhfədir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi nailiyyətdir.
Respublika ərazisində 140-dan çox su anbarı var. Su anbarları həm çayın məcrasında, həm də ondan kənarda yaradılıb. Həmin su hövzələrinin əksəriyyəti fəsillik nizamlandığından suvarma üçün istifadə olunur. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər–Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı üçün istifadə olunur. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir.
Mingəçevir, Şəmkirçay, Yenikənd, Ağstafaçay, Varvara, Araz, Ceyranbatan, Sərsəng, Xanbulançay, Viləşçay su anbarlarından ekoloji vəziyyətin yaxşılaşdırılmasında, ərazilərin suvarılmasında, torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur.
1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarının ümumi sututumu 560 milyon kbm-dir. Bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır(125 m-dir). Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun–Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax, Ağcəbədi rayonlarının 100 min hektara yaxın torpaq sahələrini suvarma suyu ilə təmin edirdi. Hətta işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln.kbm. olan digər su anbarları da qalmışdır. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurmuşdur. Hazırda su anbarlarına və qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.
Mövsümün quraqlıq keçməsi ilə əlaqədar su anbarlarında da az su toplanır. Əkin sahələrinin artması ilə əlaqədar olaraq əkin suyuna təlabat artıb. Əkin sahələrinin suvarılmasında müvafiq tədbirlər həyata keçirilir.
Sərsəng su anbarının vəziyyəti ilə əlaqədar rayonumuzun qonağı olmuş bir qrup xarici ölkə nümayəndələri ilə söhbətlər aparılaraq məlumatlar verilmişdir. Lakin, hələ də lazımi vaxtlarda mənfur qonşularımız tərəfindən Tərtər çayına su verilmir. Çaya su veriləndə də partladıcı, zəhərli və kimyəvi maddələrin axıdılması müşahidə olunur. Ona görə də rayonda suvarma suyuna ehtiyac yaranır. Sakinlər həyatyanı və əkin sahələrini suvarmaqda bir sıra problemlərlə qarşılaşırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, susuz həyat mövcud deyil. Buna görə də hamı elliklə suyun qədrini bilməli, ondan israfçılıqla istifadə olunmasına yol verməməli, su mənbələrinin çirkləndirilməsinin qarşısını almalıdır. Həm də alternativ su hövzələri yaradılmalıdır ki, həyatımızda su qıtlığı yaranmasın.
-
16Sen
Müəllif: Redaktor, 10:12