Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Sen

    Asəf Arif oğlu Səfərovun qısa tərcümeyi halı ilə tanış olaq: 1970-ci il dekabrın 25-də Tərtər (Mirbəşir) rayonunun İlxıçılar kəndində doğulsa da, ilk təhsilini Səhlabad kənd tam orta məktəbində alsa da, 8-ci sinifdən sonra isə 96 nömrəli texniki peşə məktəbində oxumuşdur. 1989-cu ildə peşə məktəbini traktorçu-maşinist ixtisası ilə bitirib. Elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. O, əsgəri xidmətini Çita şəhərində keçib. 1991-ci ildə ordudan qayıdıb. Həmin illərdə vətənimizin göylərini qara buludlar aldığından özünümüdafiə batalyonlarına qoşulur.
    Asəf 1992-ci ilin iyul ayında Ağdam, sonra isə elə həmin il sentyabr ayının 18-dən Tərtər batalyonuna daxil edilir və Ağdərədən Vəngə kimi döyüş yolu keçir. O, döyüş günlərini həyəcansız xatırlamır. Özü yaralansa da, döyüş yoldaşlarının gözləri qarşısında necə şəhid olduğunu ağrı-acısız yad etməmək mümkün deyil. Asəfin xatirələrindən:
    –1993-cü il dekabrın 28-də “Triqolnik” deyilən ərazidə döyüş gedirdi. Qəfləti sol qolumun altından güllə yarası aldım. Məni al-qan içində Tərtər hospitalına götürdülər. 2 ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdım.
    Yenə də döyüş əməliyyatı üçün tapşırıq almışdıq. Rəhmətlik Vəzir Orucovla birlikdə bir neçə nəfər əmri yerinə yetirmək üçün “Tur-baza” istiqamətinə yollandıq. Meşənin içi ilə qabaqda Vəzir, arxasınca da biz irəliləyirdik. Tam sakitlik idi. Vəzir bu sakitlik içərisində nəyinsə baş verəcəyini hiss etmişdi. İşarə ilə hamımıza ehtiyatlı olmağı bildirdi. Heç 10-15 dəqiqə çəkmədi güclü atışma başladı. Bölmənin həkimi də bizimlə birlikdə idi. Azğın ermənilər onu başından vurdular. Vəzir tapşırıq verdi ki, həkimin meyiti çıxarılmalıdır. Elə də etdik, meyiti çox çətinliklə çıxarıb təcili yardım maşınına təhvil verdik.
    O zamanlar çox çətin günlər idi. Elə olurdu ki, aynan evə gedə bilmirdik. Atam məndən xəbər tutmaq üçün döyüş ərazisindən gətirilən meyitlərin arasında məni axtarırdı…
    Asəflə söhbət etdikcə o ağır günlərin acısını sanki indi yaşayırdı. Komandirlərinin–Asim Qasımovun, Tahir Mehdiyevin igidliklərindən ağızdolusu söz açdı, Tahir Mehdiyevin şəhid olduğu anı xatırladı…
    Artıq qanlı-qadalı günlər arxada qalıb. Lakin o günlərin ağrı-acısı hələ də yaşanmaqdadır. Həm işğal olunmuş torpaqlarımız hələ də düşmən əlindədir, həm də döyüş zamanı aldığımız yaraların əziyyətini hələ də çəkirik. Lakin bütün çətinliklərə baxmayaraq, indi də lazım gəlsə vətənimiz, torpağımız üçün canımızdan keçməyə hazırıq–dedi Asəf.
    Qarabağ müharibəsi veteranı Asəf Səfərov hazırda Tərtərçay Hidroqovşağı İstismarı İdarəsində nəzarətçi işləyir. 3 övladı var. Arzusu bütün uşaqların müharibəsiz şəraitdə firavan və rahat həyat yaşamasıdır.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.