Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Avq

    (Nekroloq əvəzi)

    Mən onunla cəmi bir neçə dəfə görüşmüşdüm, amma yaddaşıma ömürlük həkk olunmuşdu. Çünki hamıdan fərqli görkəmi, yerişi, oturuşu-duruşu və danışıq tərzi vardı. Onun kim olduğunu biləndə, açığını deyim ki, bir az da qürur duymuşdum, fərəhlənmişdim. Ürəyimdə demişdim: “Halal olsun Tərtər torpağına və onun yetişdirdiyi oğullara!”.
    Onu rəhmətlik dostum “Qızıl Mahir”in parkda olan çayxanasında da axşamtərəfi hərdən görürdüm. 1-2 nəfər dostu ilə sakitcə gələr və hiss olunmadan da durub çıxıb gedərdilər. Adamlar ona maraqla baxar, biri-birilərinə işarə edər, nəsə pıçıldaşardılar. Müşahidələrim camaat arasında bu adama böyük hörmət bəslənildiyini təsdiqləyirdi.
    Yavaş-yavaş mən də onunla maraqlandım və bəzi məlumatlar öyrənə bildim.
    Bu adam öz doğma tərtərlimiz Marif Həsənov idi. İdman aləmində dünyaca məşhur olan bir insan! Tərtəri beynəlxalq aləmə tanıdan hünərli və qeyrətli bir oğul!
    Sonralar onun tərcümeyi-halı ilə də yaxından tanış oldum.
    Həsənov Marif Bayram oğlu 1956-cı il avqust ayının 21-də Tərtər şəhərində anadan olub. 1963-1973-cü illərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində təhsil alıb.
    1970-ci ildən Bakı şəhərində “Dinamo” İdman Cəmiyyətində tanınmış məşqçi Rauf Şəfiyevin yanında idmanın “Sambo” növü üzrə məşq edib. Öz məşqçisi haqqında deyirdi, 1974-cü il-də mən 18 yaşında “SSRİ İdman Ustası” olanda Rauf müəllim buna çox sevindi. Sonralar döyüş sambosu üzrə Fransada dünya çempionu oldum. Mənə sanbonun sirlərini öyrədən Rauf müəllimə həyatım boyu minnətdaram, onu heç vaxt yaddan çıxarmaram!”.
    Marif Həsənov dəfələrlə SSRİ respublikaları arasında keçirilən yarışlarda yüksək nəticələr əldə edib, ölkə birinciliyinin qalibi, beynəlxalq yarışların mükafatçısı olub.
    Gənclər arasında idmanın “Sambo” növü üzrə bütün idman normativlərini vaxtından əvvəl yerinə yetirdiyi üçün 1974-cü ildə ilk dəfə 18 yaşında “SSRİ İdman Ustası” adına o layiq görülüb.
    2001-ci ildə Fransada məşqçilər arasında keçirilməsi nəzərdə tutulan dünya birinciliyinə dəvət alan Marif Həsənov bu yarışın məsuliyyətini dərk edərək, öz üzərində daha ciddi çalışmağa başlayır.
    2001-ci il oktyabr ayının 5-7-də Fransada təşkil olunmuş məşqçilər arasında keçirilən “Sambo” üzrə dünya çempionatında Azərbaycanı təmsil edən həmyerlimiz Marif Həsənov həmin yarışda iki idman növü üzrə mübarizə apararaq 68 kiloqram çəkidə qaydasız döyüş növündə 1-ci yerə çıxmış, qızıl medal almış və “Dünya Çempionu” adına layiq görülmüşdür. 74 kiloqram çəkidə isə idmanın “Sambo” növü üzrə II yerə çıxmış və çempionatın gümüş medalı ilə mükafatlandırılmışdır. Onun bu uğurlarını Azərbaycan xalqı, ələlxüsus idmansevərlər çox böyük coşqu ilə qarşılamış, dünya çempionuna öz sevgi və istəklərini ifadə etmişlər. Vətənə dönərkən Bakıda və öz doğma Tərtərində onu böyük izdihamla salamlamış, fərəh və qürurlarını bildirmişlər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anadan olmasının 40 illiyi münasibəti ilə təsis edilmiş və üzərində İlham Əliyevin şəkli olan medaldan biri də 2001-ci ildə Dövlət Olimpiya Komitəsi tərəfindən idman sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə məhz Marif Həsənova təqdim olunmuşdur.
    Bütün bu uğurlara baxmayaraq, bu şöhrətli idmançı lovğalıqdan uzaq olmuş, özünü həmişə sadə, səmimi və təvazökar aparmış, cəmiyyətdə böyük hörmət və nüfuz qazanmışdır.
    O həm də gözəl və qayğıkeş ailə başçısı idi.
    Tərtərin adını ucaldan, şərəfinə şərəf gətirən məşhur idmançılar çox olub. “SSRİ İdman Ustası” Sabir Zeynalov, Tərtərin ilk “Əməkdar məşqçisi İdman Ustası” Faiq Məmmədov, dəfələrlə respublika və beynəlxalq yarışlarda qalib olmuş dünya və Avropa çempionları Tural və Ziya Bayramov qardaşları, Avropa çempionu “İdman Ustası” Murad Allahverdiyev və s. Tərtərin adını yüksəklərə qaldırmışlar. Marif Həsənov da belə oğullardan biri idi…

    *                                          *                             *

    …Telefonun dəstəyi əlimdə sıxılı qaldı. Zəng edən böyük hörmət bəslədiyim dostlardan biri idi–Vahid Hümbətov. Çox kədərli halda bildirdi ki, Marif rəhmətə getdi. Qulaqlarıma inanmadım. Sanki don vurmuşdu məni. Susduğumu görüb, Vahid müəllim dediklərini bir də təkrar etdi: “Dünya çempionu Marif Həsənov dünyasını dəyişdi”.
    Necə inanasan?!
    Sabahısı gün Vahid Hümbətov Marif Həsənovun oğlu ilə redaksiyaya yanıma gəldilər.
    Məlum oldu ki, məşhur idmançı, həmyerlimiz, dünya çempionu Marif Bayram oğlu Həsənov iyul ayının 3-də kəskin miokard infarktı səbəbindən vəfat etmişdir.
    Neyləmək olar?! Təzdən haray hara çatasıdır ki?!
    Allah rəhmət eləsin!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.