Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Avq

    SOSİAL ŞƏBƏKƏLƏRİN ADƏT-ƏNƏNƏLƏRİMİZƏ TƏSİRİ

    Azərbaycan xalqının özünəməxsus mədəniyyəti, musiqisi, adətləri və vətənpərvərlik duyğuları vardır. Bir çox ölkələr Azərbaycanın mədəniyyət sahəsindən bəhrələnir.
    Azərbaycan Respublikası mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən beynəlxalq tədbirlərə ev sahibliyi edir.
    Mətbuat, televiziyalar gənclərdə milli-mənlik şüurunun formalaşmasında böyük əhəmiyyət daşıyır. Vətənə, valideynlərə bağlılıq, milli adət ənənələrə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərindən hesab olunur. Böyük nəsil gənclərin tərbiyəsi ilə ciddi məşğul olmalı, Azərbaycana layiqli övlad olmağı aşılamalıdır. Milli-mənəvi dəyərlərin qorunmasında həm ailənin, həm də cəmiyyətin böyük rolu vardır.
    Hansı ölkədə yaşamasından asılı olmayaraq vətəndaşlarımız öz adət-ənənələrimizi, dilimizi, mənəviyyatımızı və dəyərlərimizi qoruyub saxlamalıdır. Hazırda Azərbaycan tolerantlığa nümunə olan ölkədir. Başqa millətlərə xoş münasibət göstərilməsi xalqımızın qonaqpərvərliyi, mehribanlığıdır.
    Ölkəmiz öz süfrə mədəniyyəti ilə dünya dövlətləri arasında tanınır. Bizim milli bayramlarımız da mənəvi dəyərlərimizdən hesab olunur. Məsələn, Novruz bayramı heç bir ölkədə Azərbaycandakı kimi təmtəraqlı keçirilmir. Novruz bayramında Azərbaycanın milli və zəngin mətbəxindən olan yeməklər, şirniyyatlar hazırlanır. Həmçinin saz, muğam sənəti, milli geyimlərimiz də mənəvi dəyərlərimizdir.
    Bəzi hallarda biz milli-mənəvi dəyərlərimizin tarixi keçmişini yaşada bilmirik. Müasir dövrdə buna ən çox mənfi təsir göstərən sosial şəbəkələr və bəzi televiziya verilişləridir. Sosial şəbəkələrə aludəçilik nəticəsində bəzi şagirdlər təhsildən yayınır, bir çox ailələr dağılır, insanlarda internetdən asılılıq və digər xoşagəlməz hallar yaranır. İnternet müasir dövrün yeniliyidir. Sosial şəbəkələrin sayı çox olsa da ən çox istifadə olunanları facebook, instagram və whatsAppdır. Artıq gənclər arasında virtual dünya deyilən yeni bir aləm açılır. Çoxları bu şəbəkələr vasitəsilə “dostları” ilə əlaqə saxlayır, müxtəlif məlumatlar və informasiyalar alır. Bəzi hallarda əxlaqsız statuslar, tərbiyəsiz videoların paylaşılması milli-mənəvi dəyərlərimizi aşındırır. Bu, ən çox yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsinə ciddi zərbə vurur. Və ya tanımadığı insanla yazışmalarda mübahisələr yaranır və bunun nəticəsində də çox vaxt cinayət hadisələri baş verir. Yalan məlumatların, düzgün olmayan xəbərlərin paylaşılması, kiminsə adından saxta profil vasitəsiylə başqa birini şantaj etmək və s. kimi hallar münaqişələrin sayını çoxaldır və milli-mənəvi dəyərlərimizə ciddi zərbə vurur.
    Gənclərin çoxu gecə yarısına qədər sosial şəbəkələrdə olur. Bu problem ciddi fəsadlar yaradır. Bir sözlə, internetdən asılılıq həm ailə münaqişəsinə, həm də psixoloji pozuntulara səbəb olur. Gənc nəslin milli-mənlik şüuruna bağlılığını daha da gücləndirmək üçün onlarda kitablara maraq artırılmalıdı.
    Bu sahədə həm valideynlər, həm də təhsil ocaqları məqsədyönlü tədbirlər həyata keçirməlidirlər.
    Hazırda orta məktəb şagirdləri arasında da milli-mənəvi dəyərlərimizə biganə münasibət bəsləyənlər çoxdur. Bunlar həm ailələrdən, həm də məktəblərdən qaynaqlanır. Orta məktəb uşaqları nəinki milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunur, əksinə, bu dəyərlərə zərbə vuran bir sıra neqativ hərəkətlərlə məşğul olurlar. Bir də görürsən ki, kiçik yaşlı bir məktəbli əlində bahalı mobil telefonla istədiyi sosial şəbəkəyə daxil olur, bu şəbəkələrdəki bəzi eybəcərlikləri əxz edir və öz həyatına onları tətbiq edir. Bu mənfiliklər onların danışığında da, davranışında da, hərəkətlərində də hiss olunur. Özüm şahidi olmuşam, 10-12 yaşında bir qız uşağı küçə ilə gedə-gedə yüksək səslə telefonda güman ki, öz həmyaşıdlarının biri ilə elə tərbiyəsiz və latayır sözlər danışır ki, ətrafdakılar bu sözləri eşitsə də, həmin uşaq heç nəyə fikir vermədən, adi bir halıymış kimi pis sözlər danışmaqda davam edir. Bu isə onu göstərir ki, hələ də müəyyən ailələr və təhsil müəssisələri uşaqların mənəvi-psixoloji, milli dəyərlərə uyğun tərbiyəsi ilə ya zəif məşğul olur, ya da heç məşğul olmurlar. Bu yeniyetmələr böyüyəndə də həmin həyat tərzini davam etdirirlər.
    İndiki dövrdə ictimai qınaq deyilən təsir vasitəsinə də lazımi əhəmiyyət verilmir. Vaxtı ilə bir ağsaqqalın və yaxud ağbirçəyin dediyi ibrətamiz bir nəsihətdən, bir danlaqdan ciddi nəticə çıxarılar, bir daha həmin hərəkətə yol verilməzdi. İndi isə vəziyyət tamamilə başqadır.
    Milli-mənəvi dəyərlər mövzusu çox geniş sahəni əhatə edir. Mən bu yazıda adicə olaraq bir neçə məqama toxundum. Güman edirəm ki, bizim ölkədə çoxluq təşkil edən nümunəvi davranışlı gənclərin həyat tərzi “yolunu azmış” yeniyetmələrə bir ibrət məktəbi olacaqdır.
    Hər bir millətin milli-mənəvi dəyərləri onun tarixi keçmişini yaşadır və səviyyəsini müəyyən edir.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:24

İsmarıclar bağlıdır.