Ata harayı
Ailəmiz yaxşı yaşayırdı. Qardaşlarımın vaxtsız vəfatı bizi xeyli müddət sarsıtsa da, yaralarımız qismən də olsa qaysaqlamışdı. Şükürlər olsun ki, uşaqları böyümüş, hamısı ali təhsil almışlar. İndi onlar müstəqil yaşaya bilirlər. Ailəli olanlar da var. Uzun müddət atasız qalan bu beş övladın böyüməsində qardaşlarım Məhəmmədlə Maarifin qayğılarından bu gün də bizi tanıyanların hamısı hörmətlə danışır.
Mart ayının ilk günləri arxada qalmışdı. Hamı böyük həvəslə çərşənbələri qeyd edir, insanlar görüşdükcə Novruzun gəlişi münasibəti ilə bir-birini təbrik edir, xoş arzularını bildirirdilər. Belə xoşbəxt ailələrin biri də biz idik. Ətraf rayonlarda yaşasalar da, çox vaxt çərşənbələrdə, xüsusən də bayram axşamında övladlarımızın hamısı, həmçinin üçü öz ailə üzvüləri ilə bizimlə birlikdə olur, axşamdan xeyli keçənə qədər oturub söhbət edər, olub-keçənlərdən, xatirələrdən danışardıq.
Sözün düzü, başqa vaxtlarda da uşaqlarımız gəlib-gedərdilər. Ancaq Novruz bayramı axşamlarındakı qələbəlik, hər kəsin söylədiyi fikirlər, yaddaqalan danışıqlar heç vaxt unudulmurdu, gələn ilin Novruz bayramına kimi xatırlanırdı.
İnanırdıq ki, bu il də əvvəlki illərdəki kimi olacaq. Hamı ailəsi ilə gələcək, qızım Samirə ilə Səbuhinin ailəsi də bizə qoşulacaq. Nəvələrin çox sevdiyi tonqal başındakı sevinc dolu gülüşmələrindən sonra yumurta döyüşəcəklər. Nəvələr heç olmasa 2-3 qonşuya torba atacaqlar. Bu işi ən çox İlqarın oğlu İsmayıl və qızı Rəna sevirdi.
Axırıncı çərşənbəyə az qalırdı. Mart ayının 10-u gecə saat 11 olardı. Böyük oğlum Vüqar mənə zəng etdi. Həmişəki kimi xeyli söhbət etdik. Mənə özümə baxmağı, sağlamlığımı qorumağı təkidlə tapşırdı. Bir neçə ürək və qan təzyiqi dərmanlarının mütamadi qəbulunu tövsiyə etdi. Sonra biz son çərşənbəni və Novruz bayramını keçirmək barədə danışdıq. Bildirdi ki, sonuncu çərşənbə axşamı rayona gələcəyik. Doğrusu, mən rayonda havaların soyuq keçməsini nəzərə alıb, məsləhət bildim ki, uşaqların buradakı soyuq, açıq havada uzun müddət qalmağa adət etmədikləri üçün rayona gələndə çox vaxt xəstələnir. Havalar istiləşəndə gələrsiniz –dedim.
–Ata, məndən çox uşaqlar rayona gəlmək istəyir. Eminlə Nərmin bu ilin keçən aylarında nailiyyətlərini, bilik yarışlarındakı fəxri fərmanlarını, təhsil aldıqları məktəblərdən valideynlərə yazılan təşəkkür məktublarını sizə göstərmək istəyirlər. Yeri gəlmişkən, Vüqarın oğlu başqa mükafatları ilə yanaşı, olimpiadanın qalibi kimi Təhsil Nazirliyinin Fəxri Fərmanını və qiymətli hədiyyəsini də alıb.
Razılaşdıq. Gələndə ehtiyatlı olmağı tapşırdım. Biz də birlikdə bayram keçirmək üçün hazırlığa başladıq. Qovurqa buğdasından tutmuş, yumurta boyasına kimi aldıq. O biri nəvələrim də gələcəkdi. Həyət-bacanı səliqə-sahmana salmağa başladıq. Açığı, mən nəvələrimlə bir yerdə olmağı, onlarla söhbət etməyi, əylənməyi, yanaşı yatmağı çox xoşlayıram. Gecələr sürüşüb yerə düşən yorğanlarını üstlərinə çəkib xeyli onlara baxıram. Ürəyim dağa dönür. Şükür edirəm ki, belə övladlarım var.
Sən saydığını say, gör fələk nə sayır?!
Martın 12-si axşamüstü idi. Artıq hamı işdən evə qayıtmışdı. Adəti üzrə biz də axşama doğru həyətdə görüləsi işləri görmüş, lazım gələni sahmana salmışdıq. Mənə bildirdilər ki, kürəkənim Səbuhi ilə qızım Samirə bizə gəliblər. Doğrusu, onların bizi yad etməsi, baş çəkməsi məni təəccübləndirmədi. Onlar bizə tez-tez gəlirdi. Lakin üzlərindəki təlaşı görəndə mən də narahat oldum.
–Evə gəlmələrini təklif etdim.Yox, Arif əmi bağışla, başqa iş üçün gəlmişik–deyə, Səbuhi, dilləndi. Zəng ediblər ki, Vüqar yıxılıb, vəziyyəti çox pis olmasa da təcili Bakıya gəlməyimizi istəyirlər.
…Kaş o müdhiş gecə olmayaydı! Biz Bakıya çatanda gecə yarısından keçmişdi. Ailəmizə yaxın olan Ədalət bizə toxtaxlıq verərək, maşını sürətlə sürürdü.Yeri gəlmişkən o baş vermiş faciə haqqında haradansa məlumat almışdı. Lakin bizə heç nə demirdi. Yol boyu sürət həddini aşmamaq barədəki nişanlara çox vaxt məhəl qoymayaraq, maşını sürətlə sürürdü. Biz Vüqargilin yaşadığı binanın həyətinə çatanda orada xeyli adam toplaşdığını gördük. Onların arasında tanıdığımız və tanımadıqlarımız da var idi. Maşından düşəndə hamı bizə sarı gəldi. Biz artıq vəziyyətin nə yerdə olduğunu hiss etdik. Ana, ata, bacı fəryadı ətraf binalara da səs salmışdı. Gecənin o vaxtı bütün qonşular ayaq üstə idi.
Sonradan yas mərasimində öyrəndim ki, Vüqarın burada qonşular, ətrafdakı ticarət, məişət obyektlərində işləyən insanlarla çox yaxın münasibəti var imiş. Ətrafdakı insanlarla səmimi dolanırmış. Ona görə də onların hamısı, yaxın qohumlarla yanaşı, bizə təskinlik verir, Vüqarın səmimiyyətindən razılıqla danışırdılar.
Həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq, mən ailəmizə təskinlik verən, Vüqara Allahdan rəhmət diləyən bütün insanlara bir daha minnətdarlığımı bildirirəm.
Əziz oxucu! Dəhşətli gecənin fəryad səsləri indi də qulağımda səslənir. Göz yaşlarımı saxlaya bilməyib bu cümlələri yazıram. Həyatda acılı-şirinli çox hadisələr görmüşəm. Beləsi olmamışdı!… Vüqar işdən evə qayıdıb, dünyasını dəyişmişdi.
Elə bir qüvvə olaydı ki, mən də dünyamı dəyişəydim! Bu övlad müsibətini görməyəydim! Belə bir halı heç kimə arzulamaram!
“Baba, ayırma bizi atamızdan!”
…Dəfn mərasiminin rayonda olmasını planlaşdırmışdım.Övladlarıma da, yaxın qohumlarıma da bunu bildirdim.Gecə ikən rayonla əlaqə saxlayıb, yaxın adamlara dəfn üçün lazımi tədbirləri görmələrini xahiş etdim və onlara Bakıya gəlməməyi məsləhət bildim. Bu fikir hamıya çatanda daha bir sarsıdıcı zərbə aldım! Emin (Vüqarın oğlu) hıçqırtı ilə ağlaya-ağlaya mənə yaxınlaşdı və mən onu qucaqlayıb üz-gözündən öpdüm. O qədər ağlamışdı ki, gözləri qızarıb hədəqədən çıxırdı. Göz yaşları içində mənə baxıb dedi ki, baba, atamızı ayırma bizdən! Anam məktəbdə işləyir, onu çox vaxt işdən ayırmaq olmur. Nərminlə mən isə ikilikdə tez-tez rayonumuza gedib-gələ bilməyəcəyik (yeri gəlmişkən, onların hər ikisi azyaşlıdır). Axı, atamızın ad günləri, daha çox sevdiyi günlər var, biz o günləri, bütün bayramları onunla bir yerdə məzarı başında keçirəciyik.
Doğrusu, bu sözlər məni çox düşünməyə vadar etdi. Kədərimizin, oğul-ata həsrətinin nə qədər ağır olduğunu, nəvələrimin atasız qaldığını bir daha ürək yanğısı ilə hiss etdim. Emin onu da əlavə etdi ki, baba və nənələrim də Qubadlıdan qaçqın düşdükdən sonra burda vəfat etmişlər. Əmilərim Məhəmməd və Maarif də bu torpaqda uyuyurlar. Biz onları birlikdə ziyarət edəcəyik.
Yaxın qohumlarım Oktay müəllim və Asiflə, övladlarımla yenidən məsləhətləşməli oldum. Yeri gəlmişkən, etiraf edirəm ki, qudam Oktay müəllim, yaxın qohumumuz Asif dəfn mərasimindən tutmuş bu günə kimi bizi tək qoymur, kədərimizlə bağlı təskinlik verirlər. Dərdin, kədərin ağırlığından dizlərimiz büküləndə, sarsılanda onlar qolumuzdan tutub bizi yıxılmağa qoymurlar.
–Yaxınımız olsanız da sizə ailəmiz adından çox sağ ol deyirik!
Onlar da bu fikrə, daha doğrusu, Eminin həsrət dolu arzusuna hörmətlə yanaşdılar. Biz oğlum Vüqarı Sumqayıtda torpağa tapşırdıq…
Vüqar kim idi?
Vüqar ziyalı ailəsində doğulmuşdu, 1972-ci ilin soyuq qış günündə, Tərtər rayonunun Balakəngərli kəndində. Yaşlı adamlar deyirdilər ki, həmin il son əlli ilin ən soyuq qışı olub. Hər tərəf buz bağlamışdı. Qar örtüyünün qalınlığı 45-50 sm olardı. Kənddə və şəhərdə həyat sanki dayanmışdı. Mən iş yerimi rayonun Cəmilli kənd orta məktəbindən “Qızıl Bayraq” qəzeti redaksiyasına dəyişəndən bir müddət sonra ailəmizlə birlikdə rayon mərkəzinə köçdük. Həyat yoldaşım Rəna müəllimə də əvvəllər 5 saylı, sonralar isə uzun müddət 6 saylı şəhər orta məktəbində işləmiş, dəfələrlə rayonda “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdü. Mən isə rayon qəzetindən sonra uzun müddət rayon partiya komitəsində, təhsil şöbəsində və nəhayət, Tərtər rayon Peşə məktəbində rəhbər vəzifələrdə işləmişəm. İşimizin çox olmasına baxmayaraq, daima uşaqlarımızın təhsilinin qayğısına qalmışıq. Vüqar şəhər 1 saylı tam orta məktəbin rus bölməsini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdu. Hərbi xidmətdən sonra isə Bakı şəhərində müxtəlif sahələrdə çalışmış, bacı və qardaşlarının ali təhsil almasına köməklik göstərmişdi. Evli idi. Həyat yoldaşı Aynur ingilis dili müəllimidir. İngiltərədə ixtisasartırma kursu keçərək, beynəlxalq dərəcəli sertifikat almışdır.
Vüqar həyatının son 10 ilini “Atəşgah” sığorta şirkətində işləyib. Bilik və bacarığı ilə böyük bir şirkət kollektivinin rəğbətini qazanıb. Dəfələrlə ona şirkətin fəxri fərmanları, qiymətli hədiyyələri verilib. 2017-ci ildə isə çalışdığı sahədə fərqləndiyinə, nailiyyətlərinə görə ona “Leksus” markalı minik avtomobili hədiyyə olunub.
Vüqar həyatda nə qazanıbsa, hamısına özü nail olmuşdu. Gəncliyində və eləcə də sonralar heç kəsdən maddi və mənəvi kömək istəməmiş, həyatını öz əlləri ilə qurmuşdu. İşlərinin çoxluğu, çətinliklər ona məqsədinə çatmağa mane olmurdu. Əksinə, həmişə işgüzar, fədakar idi. Onu ailəmizin “İkinci ata”sı sayırdıq. Bacı və qardaşlarının, özünün illərlə davam edən təhsil xərcləri, onların həyat və məişət problemləri həmişə Vüqarın üzərində qalırdı. Bununla birlikdə o, mütaliəni –kitab oxumağı, dövrü mətbuatı, müxtəlif elmi yazıları, jurnalları çox sevərdi. İngilis və rus dillərini yaxşı bilir, bu dillərdə sərbəst danışmağı bacarırdı.
Bütün bu keyfiyyətlər və yaza bilmədiyim digər insani duyğular Vüqarı tanıyan qohum və dostların qəlbində bu gün də yaşayır. Onların hər biri bu mənəvi keyfiyyətlər barədə həmişə dərin kədər hissi və təəssüflə danışırlar.
Asif Hüseynov–ailəmizin yaxın qohumu, iş adamı
…Ağdam şəhəri mənfur ermənilər tərəfindən işğal edildikdən sonra Bakıya gəldik. Yeri gəlmişkən, onu da qeyd edim ki, ailə üzvülərimizin sayı çox idi. Ağdamda qoyub gəldiyimiz həyat və məişət şəraitinin, iş yerlərində tikdiyimiz binaların, qiymətli əşyaların dəyərini hesablamaq mümkün deyil. Bakıda həyatımızı yenidən qurmalı olduq. Şükürlər olsun ki, bu gün hər bir çətinlik arxada qalıb. Xalaoğlu kimi Vüqarla Bakıda tez-tez görüşürdük. Söhbətlərimiz həmişə işgüzar keçirdi. Cavanlar çox vaxt görüşəndə kiməsə qonaqlıq vermək, restoranlarda oturmaq barədə danışırlar. Biz isə gördüyümüz və görəcəyimiz işlərdən söhbət edir, bir-birimizə bildiyimiz qədər məsləhət verərdik.
Mənim imkanlarım böyümüşdü. Vüqar da başqa sahələrdə çalışırdı. Yaxınlarımın çoxunun yanımda və eləcə də yanaşı şirkətlərdə işə düzəlməsinə köməklik göstərirdim. İşimizin çoxluğundan son vaxtlar Vüqarla az-az görüşürdüm. Son ayların söhbətidir. Vüqar şirkətimizin işçiləri ilə görüşür, onlarla söhbət edir və mənim vəziyyətimi soruşur, səhhətimlə maraqlanır. Yaxşı olduğumu bilib onlarla xüdahafizləşib gedəndə mənim salamımı xalaoğluna çatdırın, o, yaxşıdırsa mənə bəsdir–deyib, gedir. Açığı, başqası olsaydı, şirkətə gələr, söz-söhbətdən sonra şirkətdən nə lazımsa alıb gedərdi. Vüqar isə …
Bütün insani keyfiyyətləri özündə birləşdirən bir insan kimi Vüqarın qohum, dost kimi həyatda öz yeri vardı. Yaşasaydı dövrünün yaxşı ziyalısı, ailə başçısı olcaqdı. Allah rəhmət eləsin!
Oktay müəllimin dediklərindən:
–Vüqarın vaxtsız vəfatı, gözləmədiyimiz halda dünyasını dəyişməsi Arif müəllimin can yanğısı qədər bizim də ailənin qəm-qüssəsinə səbəb oldu. Belə bir müsibətin olacağı heç ağlımıza da gəlməzdi. Çünki qızımla bərabər uşaqlarını həvəslə böyüdürdülər. Bu, mənə bir ata, baba kimi çox xoş gəlirdi. Lakin bu sevincimi mən onlara açıq-aşkar etiraf etməsəm də, uşaqları çox sevdiyimi hamı hiss edirdi. Eminlə Nərmin yaxşı oxuyurdu. Çox vaxt Vüqarla Aynur işdə olduqları üçün məni valideyn yığıncaqlarına dəvət edirdilər. Uşaqların məktəbdə qazandıqları müvəffəqiyyətləri eşidəndə qəlbim iftixar hissi ilə döyünürdü, həm də bu mənim səhhətimə çox yaxşı təsir edirdi.
Elə buna görə də Vüqara da, Aynura da həmişə qəlbimdə rəğbət, bir sevgi vardı. Bilirdim ki, uşaqlarının təlim-tərbiyəsi ilə yaxından maraqlanır, onların mükəmməl təhsili üçün lazım gələni edirdilər.
Etiraf edim ki, Vüqar dövrümüzün savadlı ziyalısı idi. Onunla söhbət edəndə ayrı-ayrı elm sahələrindən mükəmməl danışmağı məni təəccübləndirirdi. Doğrudur, həyatda hər kəs öz sevdiyi ixtisas üzrə müəyyən biliyə, təcrübəyə malik olur. Vüqar isə tamam başqa idi. Bəlkə uşaqlarının təhsildə başqalarından seçilməsi bununla bağlı idi.
Qohum olduğumuz bu illərdə mən Vüqardan ailədə və həyatda bir dəfə belə xoşagəlməz hərəkət görməmişəm. Bizə bir oğulluq, bir yaxınlıq münasibəti saxlayır, hamıya hörmət bəsləyirdi. Məhz buna görə Vüqarın vaxtsız vəfatı, uşaqlarını tək buraxması bir ata kimi məni çox kədərləndirirdi. Nə gizlədim, özümə yer tapa bilmirəm. Arif müəllimə, Rəna bacıya təskinlik verə bilmirəm. Axı,
Vüqarın nə yaşı vardı?!
Əziz Səfərovun dediklərindən.
–Arif müəllimin ailəsi ilə yaxından tanışam.Vaxtaşırı bir-birimizin ailəsində olur, çox vaxt yaddaqalan günlərimizi bir yerdə keçiririk. Arif müəllim dövrünün ağıllı, savadlı ziyalısıdır. Onunla söhbət edəndə çox şey öyrənirik. Mövcud problemimizin həllində bizə həmişə dəstək olub, dəyərli məsləhətlər verib. Övladlarını da yaxşı tanıyıram. Görüşəndə Vüqarla həmişə səmimi söhbət edirdik. Doğrusu, Vüqarın hərtərəfli inkişaf etmiş, savadlı bir gənc olması mənim qəlbimə çox yatırdı. Onun vaxtsız ölüm xəbəri məni də sarsıtdı. Geniş dünyagörüşə, savada nail olan belə bir gəncin ölməsini qəbul edə bilmirəm. Mən ixtisasımdan başqa söz adamıyam. Bunu məni tanıyanların hamısı bilir. Vüqar rəhmətə gedəndə mən təskinlik verən bir söz tapıb, Arif müəllimə deyə bilmədim. Təkcə onu dedim ki, Arif müəllim, sənin dərdini sözlə ifadə etmək mümkün deyil, bura sözün qurtardığı yerdir. Allah Vüqara rəhmət eləsin!
Əziz oxucu, Vüqar haqqında, onun insanlara olan münasibətləri barədə çox yazmaq olar. Doğrusu, yazmaqda çətinlik çəkirəm. Onu xatırladıqca, xeyirxah əməlləri yada düşdükcə, göz yaşlarımı saxlaya bilmirəm və bu dərdin, nisgilin heç kəsə qismət olmasını istəmirəm. Evimizə gələn yaxın qohumlar bizə çox təskinlik verirlər. Onlar yanımızda olanda dərdimiz bir az yüngülləşir.
…Budur geniş qəbristanlıq xiyabanı. Burada hər nəsldən olan insanlar uyuyur–yaşlı da var, cavan da. Çox qəbirlərin yanından ana, bacı, övlad fəryadı yüksəlir. Burdan qəmsiz, kədərsiz ötmək, ayaq saxlamadan keçmək olmur. Nəhayət, biz bu qəbirlərin içində qara mərmərdən başdaşı qoyulmuş bir məzara yaxınlaşırıq. İlahi, bu başdaşındakı şəkil Vüqarındırmı?! Kaş o günü görməyəydim! Məzara bir neçə addım qalmış ayaqlarım tutuldu. Mənimlə qəbrə yaxınlaşan onlarla insanın hamısı keçib-getdi, mən isə hərəkət edə bilmədim. Sonradan adamların köməyi ilə mən də məzara yaxınlaşdım. Qəbr üstündəki bu ilk müsibət təxminən bir saat çəkdi. Məzara baxdıqca, bağrım qana dönür! Vüqar ölmüşmü?! Bu məzar daşı onunmu?!
Mən burada yenidən hiss etdim ki, Vüqar artıq yoxdur. O, daşa dönüb, torpağa gömrülüb!
Bir neçə ay keçsə də, bu gün də Vüqarın ölümünə inanmıram. Elə bilirəm ki, oğlum haradansa gələcək, bir-birimizi qucaqlayıb görüşəcəyik. Lakin onu görmürəm. Yenə də hər tərəfə boylanıram, ötən addım səsləri məni diksindirir. Hamı gəlsə də, o gəlmir! Gələn yollarına üz tuturam, onu səsləyirəm:
–Vüqar heyy!… Haradasan, oğul !!! Səni gözləyirəm, gəl, bala!!!
…Və sonda üzümü Sizə tutub deyirəm: ey insanlar, xüsusən gənc oğul-qızlarımız, sağlamlığınızı qoruyun ki, ömrünüz Vüqar kimi yarıda qalmasın!
Arif müəllim, ata