Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Avq

    Azərbaycanın yaxşı təlim keçmiş əsgərləri və güclü texnika ilə təmin olunmuş ordusu var. Xalqımız ölkə rəhbərliyinə arxalanır və hər zaman güvəndə olduğunu hiss edir. Respublikamızda ordu quruculuğu inkişaf edir.
    Torpaqlarımızın müdafiəsində hər zaman tərtərlilər cəsarətlə döyüşüblər.
    Bu günlərdə fədakarlıqla vətəninin keşiyində dayanan bir müsahibim oldu– Məzahir Əlif oğlu Əliyev. O, 1975-ci ilin avqustun 1-də Kəlbəcər rayonunun Kilsəli kəndində zəhmətkeş ailədə anadan olub. 1978-ci ildə ailələri Tərtər rayonuna köçüb. Burada böyüyüb boya-başa çatmasına baxmayaraq, Kəlbəcəri və İstisuyu həmişə xatırlayır. Orta təhsilini Tərtərdə alan Məzahir hal-hazırda rayonumuzun Bayandur kəndində yaşayır. Ailəlidir, 2 övladı var. Şəxsi təsərrüfatı ilə məşğul olur. Təqaüddədir.
    O, vətən qarşısında müqəddəs vəzifəsini yerinə yetirdiyindən danışdı:
    –1993-cü ildə Tərtər komissarlığından həqiqi hərbi xidmətə çağırıldım. 18 yaşından 702 nömrəli Füzuli bölgəsində əsgərlikdə oldum. Təcrübəli döyüşçülərlə bir yerdə Vətənə xidmət göstərdim, 1994-cü ilin yanvar ayında Füzuli istiqamətində hücum vaxtı yanıma mərmi düşdü və qantuziya aldım. 1997-ci ildən hərbi hissədən tərxis olundum. II qrup Qarabağ Müharibəsi əliliyəm.
    Məzahir Əliyev vətənpərvər bir ruhda böyüyüb, öz elinə, obasına sevgi ilə dolu olub. Bu sevgi Məzahirin qanına hopub, ürəyinə çevrilib. Vətənə xidmət etməyi, onu qorumağı özünə ən müqəddəs borc bilib. Bu səbəbdən də erməni quldurlarına qarşı hiddətlə və əzmkarlıqla vuruşub. Bir çox ağır döyüşlərdə iştirak edib. Məzahir kimi oğullarımızın hesabına bir çox yaşayış məntəqələrinə yağı düşmən ayağı dəyməyib, onların hücumları həmişə qətiyyətlə dəf olunub. Əks-həmlələr zamanı isə düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Bu döyüşlərdə Məzahir və onun döyüş dostlarının fədakarlığı əsas rol oynayıb.
    Məzahir Əliyev indi təqaüddə olsa da keçdiyi döyüş yolu və həmin yolun həyəcanlı xatirələri həmişə onun gözləri önündədir. Bu xatirələr həm çox həyəcanlıdır, həm də qürurvericidir. Ona görə ki, o nə iş görübsə öz ana vətəninin müdafiəsi, doğma torpağının yağı düşməndən qorunması üçün görüb.
    Məzahir Əliyevin göstərdiyi igidlik dəyərləndirilib. O, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin qərarına əsasən “Vətən Naminə” medalına layiq görülüb.
    Sonda Məzahir Əliyev düşmən tapdağı altında olan torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözlədiyini bildirdi.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:22

İsmarıclar bağlıdır.