Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Avq

    ERMƏNİ XƏYANƏTKARLIĞI

    Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə İrəvanın 9 min kv. kilometr ərazisi ermənilərə güzəştə gedildi. Bundan sonra özlərinə Ermənistan adlı dövlət yaradan ermənilər daha da şirnikləndi və onların Şərur-Dərələyəz, Göyçə ətrafı ərazilərə, sonra isə Qarabağ torpaqlarına olan iddiaları sonu bitməyən milli ədavətə, milli münaqişəyə səbəb oldu. Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq siyasəti sovet hakimiyyəti qurulduqdan sonra daha məqsədyönlü və planlı şəkildə həyata keçirilməyə başlandı. Sovet imperiyası 1920-ci il 28 apreldə Azərbaycanı işğal edərkən ermənilər Qarabağda “sifarişli qiyam” törətmiş, bunun nəticəsində isə XI Qırmızı Ordu Azərbaycanı asanlıqla işğal edə bilmişdi. Bolşevik Rusiyası isə ermənilərin bu “xidməti” müqabilində Qarabağı Azərbaycandan alıb Ermənistana verməli idi.
    Ermənilərin torpaqlarımızı ələ keçirmək uğrunda mübarizəsi Rusiyanın dəstəyi ilə həmişə acı nəticələr vermişdir.
    Ermənistanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq təşəbbüsləri o zaman Azərbaycanın rəhbəri olan Nəriman Nərimanovun sayəsində qətiyyətlə rədd edilmişdi. Bundan sonra Azərbaycanın tərkibində 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Ermənilər bu torpaqları ələ keçirmək üçün Moskvada dayanmadan işlər aparırdılar. 50-ci illərin sonu, sonra isə 1965-ci ildə Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsi yenidən gücləndi və Qarabağ Komitəsi geniş fəaliyyətə başladı. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ermənilərin planlarını puça çıxartdı. Ermənilərin “Daşnakstyun” partiyası bundan sonra daha da düşünülmüş planlar həyata keçirməyə başladı. Nəhayət, istəklərinə nail ola bildilər. 1997-ci il Heydər Əliyev Moskvada Mərkəzi Komitədən uzaqlaşdırıldı. Bu hadisəni eşidən böyük şairimiz Bəxtiyar Vahabzadə belə söyləmişdir: ”Ehvay Moskvadakı qalamız yıxıldı”.
    Bundan sonra ermənilərin Qarabağı ələ keçirmək üçün heç bir maneələri qalmadı. Hər şeyi planlı və düşünülmüş şəkildə davam etdirən ermənilər açıq fəaliyyətə keçdilər. Bu zaman hakimiyyətdə olan Mixail Sergeyeviç Qorbaçov ermənilərin Dağlıq Qarabağda millətçi və qaniçən zidd fəaliyyətinin genişləndirilməsinə imkan yaratdı. Separatçı erməni rəhbərliyi 1988-ci il fevralın 14-də Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxararaq, Ermənistana verilməsini tələb etdilər. Azərbaycan rəhbərliyinin qorxaq, qətiyyətsiz fəaliyyətindən istifadə edən SSRİ hökuməti 1988-ci ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idərəçilik yaratdı. Lakin Azərbaycan xalqının qətiyyətli addımından və tələbindən sonra 1989-cu ilin noyabrında XİK ləğv olundu. Dünyanın böyük dövlətlərinin Ermənistanı dəstəkləməsi, digər tərəfdən o zamankı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti Dağlıq Qarabağ problemini vaxtında həll etməyə imkan vermədi. Rusiyanın köməyi ilə ermənilər Qarabağda təpədən-dırnağa silahlanaraq, Azərbaycana qarşı açıq müharibəyə başladılar. 70 il dayanmadan məkrli planlar işləyib hazırlayan ermənilər bu dəfə böyük ərazilər qoparmaq istəklərinə nail olmalı idilər. Belə bir vəziyyətdə Azərbaycan özünün silahlı qüvvələrini yaratmalı və erməni təcavüzünün qarşısını almalı idi.
    1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi təşkil edildi, oktyabrın 9-da isə Azərbaycan Respublikasının silahlı qüvvələri haqqında qanun qəbul olundu. Noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonları yaradıldı. Qat-qat yaxşı silahlanmış və təlim görmüş düşmənə qarşı zəif silahlanmış könüllü dəstələrin mübarizəsi çox çətin idi.
    1992-ci il yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirtdi. Məqsəd isə Daşaltı kəndini erməni silahlı birləşmələrindən təmizləməklə Şuşanın təhlükəsizliyini təmin etmək idi. Lakin Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Bundan sonra Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı sonra isə strateji məntəqə olan Xocalı şəhəri işğal edildi. Ermənilər Azərbaycandakı hakimiyyət böhranından istifadə edərək Şuşanı və Laçını asanlıqla ələ keçirtdilər. Bununla da Dağlıq Qarabağla Ermənistan arasında birbaşa əlaqə yaradıldı.

    TƏRTƏR QARABAĞ MÜHARİBƏSİ İLLƏRİNDƏ

    1992-ci il iyunun 12-də Azərbaycan Ordusu hücuma keçərək, uğurlu əməliyyatlara başladı. Goranboy və Əsgəran əməliyyatları nəticəsində rus-erməni hərbi qüvvələri ağır məğlubiyyətə uğradıldı. O cümlədən, Tərtər istiqamətində də ardıcıl hücumlar başladı. Marağa, Marquşevan, Çaylı, Həsənqaya və Madagiz uğrunda qanlı döyüşlər getdi. “Tərtər Özünümüdafiə Batalyonu” bu əraziləri düşməndən azad etdikdən sonra Ağdərə, Sərsəng Su Anbarı istiqamətində genişmiqyaslı hücuma keçdilər. Nəhayət, iyulun 4-də Ağdərə rayonu erməni işğalından azad edildi və bununla da “Ağdərə-Kəlbəcər” yolu döyüşçülərimizin əlinə keçdi. Bu zamanlar Tərtər ağır günlərini yaşayırdı. Uşaqdan böyüyə yəni, hər bir sakin müharibə üçün səfərbər olmuşdu. İnsanlar qara çörəyə möhtac qalmışdır. Camaat saatlarla çörək növbəsinə dayanırdı, lakin bütün bu çətinliklərə baxmayaraq, Tərtər döyüşürdü, camaat isə əsgərlər üçün isti paltar və ərzaq daşıyırdı. Döyüşçülərimiz zəif silahlanmasına baxmayaraq, qısa müddətdə Vəngə kimi gedib çıxdılar. Bu tarixi uğurların qazanılmasında və ordunun belə əzmkar və güclü olmasında arxa cəbhənin, yəni rayon ictimaiyyətinin də böyük rolu oldu. Tərtər əhalisi istər birinci Qarabağ müharibəsi illərində, istərsə də Aprel döyüşlərində ev-eşiyini tərk edib getmədi. Mən öz doğma Tərtərimi faşistlərin qarşısına duruş gətirən qəhrəman Leninqrad şəhəri ilə müqayisə edirəm. Tərtərin hər bir evində erməni faşistlərinin atdığı güllə və mərmilərin izləri var. Bu qəhrəman torpağın vətənpərvər oğulları nəinki bir qarış torpağı verdi, əksinə Ağdərənin xeyli hissəsini erməni quldurlarından təmizləyərək, azad etdilər. İyulun sonunda isə Dağlıq Qarabağ ərazisinin böyük bir hissəsi erməni quldurlarından təmizləndi. Xankəndi hər tərəfdən üzük qaşı kimi mühasirəyə düşdü. Ermənilər vaxt istəyirdilər ki, Laçın dəhlizi vasitəsilə Ermənistana keçsinlər. Demək olar ki, qələbə zəfəri ordumuzun bir addımlığında idi. Lakin Qarabağdakı Azərbaycan silahlı qüvvələrinin komandanı Surət Hüseynovun özünə sadiq qüvvələri Gəncəyə çəkib aparması və digər tərəfdən Rusiyanın dövlət səviyyəsində ermənilərə hərbi yardım göstərməsi səbəbindən cəbhədə vəziyyət dəyişdi. Artıq 1993-cü ildə Kəlbəcər və digər rayonların işğalı ilə ordumuzun döyüş ruhu sarsıldı. Qələbənin bir addımlığında olan zəfər ordumuz çox ağır tarixi məğlubiyyətlə üzləşdi. Azərbaycan ordusu torpaqlarının hər bir qarışı üçün saysız-hesabsız itkilər verdi, şəhidlərin qanı ilə o torpaqlar suvarıldı, ancaq çox təəssüf ki, qələbə sevincini yaşaya bilmədilər. Çünki sapı özümüzdən olan baltalar buna imkan vermədilər. Tarix bu xəyanətkarları heç vaxt bağışlamayacaq, həmişə də xalqımız onları nifrətlə yad edəcəklər!
    1992-ci ildən 1994-cü ilin mayın 12-də atəşkəs elan olana kimi Ağdərə uğrunda çox qanlı döyüşlər gedib. Düşmənin ən çox itki verdiyi bölgə Ağdərə istiqamətində olmuşdur. Ağdərə döyüşlərində Azərbaycan Ordusunun da təcrübəli, qorxmaz və igid döyüşçüləri həlak olmuşlar. Onlar qorxmadan düşmən üzərinə gedib, erməninin xeyli miqdarda canlı qüvvəsini və texnikasını məhv etmişdilər.
    “Tərtər Batalyonu”nun şəhid olan hər bir döyüşçüsü bu gün bizim üçün Milli Qəhrəmandır. Onların hər biri bir tarix yazmışdır. 1992-ci il martın 25-də Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan Azərbaycanın Milli Qəhrəmanı adı müəyyən olundu. İyunun 5-də isə Daxili İşlər Nazirliyinin 11 əməkdaşı göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümündən sonra bu fəxri ada layiq görüldü. Azərbaycanın Milli Qəhrəmanı adına ilk dəfə layiq görülənlərdən biri də Mikayıl Cəbrayılov olmuşdur. (Atası Əhmədiyyə Cəbrayılov II dünya müharibəsi zamanı Fransa partizan hərəkatına rəhbərlik etmişdir). Tərtərdən isə Vəzir Orucov və Elman Hüseynov bu fəxri ada layiq görüldü.
    Tərtər, Ağdərə istiqamətində qanlı-qadalı döyüşlərdə canlarından keçən mərd oğullarımız çoxdur. Onlardan Mehrac Mahmudov, Ədalət Paşayev, Suliddin Yusibov, Pənah Məmmədov, Elxan Alıxanov, İlqar Həsənov, İlqar Hüseynov, İnqilab Ağayev, Qabil Köçərli, Elburus Quliyev, Hikmət Musayev, Əli bəy, Tahir kimi minlərlə qəhrəman oğullarımız haqqında böyük əsərlər yazmaq olar. Bu canlı əfsanəvi qəhrəmanlardan biri–Elxan Alıxanov İmran oğludur. Bu qorxmaz insan 4 il Marquşevandan Vaqauza kimi şərəfli döyüş yolu keçmiş və 3 dəfə ağır yaralanmışdır. Şərəfli döyüş yolunu çoxları özünə deyə bilər. Amma həqiqətdə bu yolu keçən insanlar o dəhşətli günləri olduğu kimi xatırlayanlardır.
    Elxan Alıxanovun dedikləri: ”1991-ci il “Tərtər Özünümüdafiə Batalyonu”nda könüllü döyüşə getmişəm. İlk 6 ayı postu bir bıçaq və qranatla qorumuşam. Çünki döyüş silahlarımız çox az idi. 1992-ci ildə çox ağır hərbi əməliyyatlar başladı. İlk dəfə Çıldıran istiqamətindəki döyüşlərdə yaralandım. 7 sentyabrda baş vermiş döyüşlərdə ermənilər böyük itki verərək, geri çəkildi. Mən bu zaman yaralandım, Tərtər xəstəxanasına gətirildim, sonradan isə vertolyotla Bakıya göndərildim. Sağalan kimi, yenidən döyüşə qayıtdım və 1993-cü il fevralın 26-da Sərsəng Su Anbarı uğrunda növbəti qanlı döyüşlər baş verdi. Mən piyada dəstəsində idim. Döyüş yoldaşlarım ilə ermənilərin iki postunu keçdik. Onlar postda yeyib-içərkən qəfil hücum etdik və 30 nəfər ermənini öldürdük. Hamısı da muzdlu qatillər idi. Biz postları tutandan sonra məlumat verdik ki, artıq tanklar arxamızca irəliləyə bilər. Lakin bölük komandirimiz Pənah Məmmədov bildirdi ki, tanklar irəliləyə bilmir, çünki arxamızda erməni var. Birinci bölük komandiri İnqilab Ağayev əmr verdi ki, 4 nəfər geri qayıtsın. Mən, Köçərli Qabil, Tahir, bir də minaaxtaran geri qayıtdıq. Təxminən 1 km gedəndən sonra döngəni dönərkən 40-50 nəfər erməni ilə üzləşdik. Bu zaman rəhmətlik Tahir: rus dilində “siz mühasirədəsiniz, təslim olun!”–deyə səsləndi. Həmin vaxt minaaxtaranı pulemyotla başından vurdular. Atışma başladı və yarım saat döyüşəndən sonra İnqilab Ağayev 13 nəfər döyüşçüsü ilə meşə tərəfdən köməyə gəldi. Burada 90-a yaxın ermənini mühasirəyə salıb qırdıq. Onların içərisində bir fransız olan snayperçi qız və muzdlu bir zənci də var idi. Bu döyüşdə Suliddin Yusibov və mən yaralandıq, dərhal bizi Tərtər hospitalına gətirdilər. Sağalan kimi, yenidən öz döyüş yoldaşlarımın yanına qayıtdım və mənim 3-cü dəfə yaralanmağım fevralın 23-də Ağdərə yüksəkliyi uğrunda gedən döyüşlərdə baş verdi. Bu döyüşlərdə bizimlə çiyin-çiyinə Həcər qeyrətli qızlarımız da döyüşürdü. Xaçmazdan Gültəkin, Ceyran, Məlahət, Bakıdan isə Şəhla adlı qızlar(1-ci bölüyün həkimi idi) kişilərdən geri qalmırdılar. Bu qanlı döyüşlər zamanı İlqar Hüseynov 8 dəfə yaralanır və axırıncı dəfə də tank mərmisi partlamayıb sinəsinə dəyərək, qabırğasını sındırmışdı. (O vaxtkı müdafiə naziri Səfər Əbiyev igidliyinə görə onu yüksək ordenlə təltif etmişdir). Rayon camaatı da bizə çox köməklik göstərdi. Məktəblilər də köməyə gəlirdi. 15 yaşlı Rövşən Cümü oğlu Kərimov snaryad daşıyarkən qəhrəmancasına həlak oldu. O, çox vətənpərvər, qeyrətli uşaq olub.
    Bu ağır döyüşlərdə Əli bəyin də xidmətləri misilsiz olmuşdur. O, odun-alovun içindən meyitləri çox çətinliklə çıxarıb rayon məscidinə aparırdı, ordan isə öz ünvanlarına göndərirdi. Əli bəy meyitlərin içindən neçə-neçə yaralını çıxarıb həyata qaytarmışdı. Ağdərə döyüşləri zamanı bir gündə 96 meyiti daşıyaraq, xəstəxanaya apardı. O, bütün sahələrdə döyüşlərə yardım edirdi. Bizə tez-tez ərzaq daşıyırdı. Ağdərə döyüşlərində 200 top mərmisi atarkən mənə yeməyi yedizdirirdi. Çünki yemək yeməyə bir dəqiqə vaxtımız olmurdu. Ağdərənin “Torpaqtəpə” adlı çətin bir yüksəkliyi var idi. Ermənilərin bu yerdə Xocalıdan əsir götürülmüş qız və gəlini çılpaq vəziyyətdə bizə göstərməsi bütün döyüşçülərdə qisas almaq əzmi yaratdı. Mən də topu bir tərəfə atdım və uşaqlarla birlikdə hücuma keçdim. Bu zaman nəinki “Torpaqtəpə”ni hətta Çaylını da ələ keçirtdik. Bu döyüşlərdə Gəncə və Bakının “Qurtuluş” batalyonları da köməyə gəldi və erməniləri çırpı kimi qırdıq. Ağdərə əməliyyatlarında “Qurtuluş” və “Gəncə” batalyonu əvvəldən axıra kimi “Tərtər Özünümüdafiə” batalyonu ilə çiyin-çiyinə döyüşmüşdü. Bu batalyonlarda say-seçmə oğlanlar şəhid oldu. 1994 –cü ildə Vaqauz, Dovşanlı və Qızılqayanın ələ keçirilməsində Teyyubun bütün dəstəsi şəhid oldu. Onların meyitlərini mühasirədən çıxartmaq istəyən həmyerlimiz Elman Hüseynov da qəhrəmancasına həlak oldu. 1994-cü ilin mayın 12-də mən xəstəxanada müalicə alarkən atəşkəs elan olunduğunu eşitdim. Birinci Qarabağ müharibəsində qələbənin bir addımlığında olmasına baxmayaraq, çox təəssüf ki, onu əldə edə bilmədik”.
    Elxan Alıxanov 1-ci Qarabağ müharibəsindən danışarkən ürəyimdə çox böyük fəxr hissi keçirtdim ki, Azərbaycanın belə mərd, qorxmaz oğulları olub və həmişə də olacaqdır. Biz bunun Aprel döyüşlərində bir daha şahidi olduq. Digər tərəfdən təəssüf hissi keçirtdim ki, boğazından ağır qəlpə yarası alan bu insan bu gün müharibə əlili deyil.
    Tərtər-Ağdərə uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, sağ qalan qazilərə isə qələbə müjdəsini almaq ümidilə sağlıqlı ömür arzulayıram.

    Qızbəs HÜSEYNOVA,
    Umudlu kənd tam orta məktəbin tarix müəllimi

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.