Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm
Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm, Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm. Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən, Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm. Aləmül-qeybin süfatı məndən oldu aşikar, Ey bəsirətsiz, məni gör kim, nə zati-əzəməm. Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən, Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm. Ümmühat ilən nə var abaya olmasa xələl, Aləmi təhqiqə baxsan, cümləsindən əqdəməm. Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam, Talibi-didari-yaram, şadimanam, xürrəməm. Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir, Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm. |
“Ayrılır” qəzəli…
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm, Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. Ol səbəbdəndir ki, mən bimarürəncur olmuşam, Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır. Rəngi-çöhrəm zərd olubdur,qamətim həm çün hilal, Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır. Taqətim, səbrim tükəndi,yarsız mən neylərəm? Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır. Məhşəri-yovmül- hesab qopdu qiyamət başıma, Ey Yusif surətli, məndən piri-Kənan ayrılır. Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə? Hər kimə “nəhnü qəsəmna” çünəzəldən ayrılır… |