Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    Hər bir azərbaycanlı öz doğma dilinin zənginliyini və saflığını qorumalıdır.
    Altay dilləri ailəsinin türk qoluna daxil olan Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Səlistlik, rəvanlıq, axıcılıq məhz bu dilə məxsusdur. Dil bütün xalqın mədəniyyətinin, keçmişinin nümunəsidir.
    Azərbaycan dilinin mürəkkəb tarixi vardır. Qədim zamanlarda bir sıra ölkələrlə vətənimiz arasında münaqişələr yaşansa da ana dilimiz öz milliliyini heç zaman itirməyib.
    Eramızın V əsrində Azərbaycan dili təşəkkül tapdı. VI-VIII əsrlər şifahi ədəbi dilin, IX-XI əsrlər yazılı ədəbi dilin, XIII əsr anadilli ədəbiyyatın yarandığı dövrdür. Artıq XIII əsrdən etibarən anadilli ədəbiyyat fars və ərəbdilli ədəbiyyatı üstələmiş, klassiklərimiz doğma dilimizdə yazıb-yaratmağa başlamışlar.
    Ulu öndər Heydər Əliyev deyib: Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir.
    Məhəmməd Hüseyn Şəhriyar “Türkün dili”, Bəxtiyar Vahabzadə “Mənim ana dilim–mənim kimliyim” şeirlərində dilimizin gözəlliyindən bəhs etmişdilər.
    Dilimizin dialekt və şivələri dörd qrupa bölünür:
    1.Şərq qrupu–Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri;
    2.Qərb qrupu–Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi;
    3.Şimal qrupu–Şəki dialekti, Zaqatala-Qax şivəsi;
    4.Cənub qrupu –Naxçıvan, Ordubad dialektləri.
    Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dilimizin qorunması ilə bağlı vacib tədbirlər həyata keçirilib.
    2001-ci il avqustun 1-də Azərbaycan Respublikasında latın əlifbasına keçməklə həmin gün Azərbaycan əlifbası günü elan olunub. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman həmin ilin avqustun 9-da imzalanıb.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
    Bu gün Azərbaycan dilinin rəsmi dövlət dili olması və diplomatiya yazışmalarının doğma dilimizdə aparılması Prezidentimizin ölkədə yürütdüyü uğurlu dil siyasətinin nəticəsidir.
    Əfsuslar olsun ki, hələ də dilimiz əcnəbi sözlərin və yad ünsürlərin təsirinə məruz qalmaqdadır. Avropa-rus və ərəb-fars mənşəli bir çox sözün öz dilimizdə qarşılığı olduğu halda və bunlar orfoqrafiya lüğətimizdə öz əksini tapdığına baxmayaraq, yenə də həmin sözlərlə dilimizə xələl gətiririk. Buna aid bir çox misallar göstərmək olar. Lakin bu vacib məsələ dilçilərimizin işi olduğuna görə həmin sahəyə toxunmaq istəmirik. Mənə elə gəlir ki, zaman keçdikcə dilimiz daha da rəvanlaşacaq, saflaşacaq və milli köklərimizə bağlılıq tam təmin ediləcəkdir.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.