Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    Bismilləhir Rahmənir Rahim
    Mehriban və Bağışlayan Allahın Adı ilə
    Rəvayət edirlər ki, bir nəfər Həzrəti Peyğəmbərdən(s) soruşur: “İslamda ən xeyirli əməl hansıdır?”. Peyğəmbərimiz(s) cavab verdi: “Kasıbları doyurmaq və tanıdığın-tanımadığın hər kəsə salam vermək”.
    Dinimiz ictimai dindir və dinimizdə bütün insanların bir-birinin üzərində insanlıq haqları var. Bunlardan biri də imkanlı şəxslərin imkansız şəxslərə yardım etməsi, onlara köməklik göstərməsidir. Bu cür köməklik dinimizdə zəkat və xüms, sədəqə, ehsanat və Qurban mərasimində imkanı olan müsəlmanın kasıb müsəlmanlar üçün ət tədarükü kimi qeyd olunur. Bu gözəl göstərişlərin içində Qurban mərasimi ələlxüsus diqqət çəkir. Rəbbimiz buyurur: “Biz hər ümmət üçün bir qurban ibadəti müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə(onları kəsdikləri zaman) Allahın Adını çəksinlər(Bismilləh desinlər). Sizin Tanrınız yalnız bir olan Allahdır. Yalnız ona təslim olun! (Ya Rəsulum!) Sən də itaət edənlərə müjdə ver! (Həcc surəsi, ayə 34). Və yenə buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır(Allaha inamınızdır). Allah sizi doğru yola yönəltdiyi üçün Onu böyük tutasınız deyə, bunları sizə belə ram etdi. (Ya Rəsulum!). Ehsan edənlərə müjdə ver! (Həcc,37). Həzrəti Peyğəmbərimiz(s) buyurur ki: “İmkanı ola-ola qurban ayini yerinə yetirməyən kəs islamdan kənardır!”.
    Kəsilən qurbanlığın əti yalnız və yalnız Allaha xatir, Allahın imkansız bəndələrinə ehsan niyyətiylə verilməlidir. Bəzən cəmiyyətdə rast gəlirik, kimsə qurbanlıq əti kiməsə, ehtiyacı olmayana, ona yarınmaq üçün istifadə edir, onun evinə göndərir. Bu, çox yolverilməz bir haldır. Və yaxud qəssab həmin gün qurbanlıq ət satır(?). O anlamalıdır ki, onsuz da imkanı olan kəs qazanını ətsiz qoymur. Bu günlərdə möhtaclara qayğımızı artırmalıyıq.
    Dinimizdə iki böyük bayram vardır ki, bunun da biri məhz Qurban bayramıdır, digəri Ramazan. Hər iki bayramda bizə yardımlaşmanı əmr edir, Fitrə də, qurbanlıq ət də məhz ehtiyaclılara diqqət yönəldir. Bayramlaşmanın da öz qanunu var. Yaxşı olar ki, bayram gecəsində oyaq qalıb ibadət edək. Quran və dualar oxumaq və Allahın nemətlərini yad edərək, çox şükr etmək savabı artırar.
    Bayram günü qüsl etmək, gözəl və səliqəli geyinərək, məscid və ziyarətgahlara getmək, ətirlənmək, qohumları ziyarət etmək, qonşuları və dostları təbrik etmək, görüşmək, bu da mümkün olmasa telefonla əlaqə saxlamaq, kasıblara sədəqə və ehsan etmək, ehtiyaclı şəxslərin çətinliklərini həll etmək, imkan daxilində ehsan süfrələri təşkil etmək dinimizin bizə ən böyük göstərişləridir. Bütün bayramlar bir gün olduğu halda Qurban bayramı üç gündən ibarətdir ki, bu da istər-istəməz həmin günlərin və bu müqəddəs Bayramın əzəmətini diqqətimizə çatdırır. Bu il Qurban bayramı 12 avqust tarixindən qeyd ediləcək. Bayramınız mübarək əziz müsəlmanlar! Rəbbimizdən ən böyük arzumuz budur ki, gələn bayramlarımızı işğalda olan torpaqlarımızı azad edərək o yerlərdə keçirək! Amin Ya Rabbəl aləmin.

    Saleh ƏDİLOV,
    Əskipara məscidinin
    imamı

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.