14 İLLİK DOSTLUQ
84 yaşlı babanın 14 yaşlı nəvəsidir “Yeni Tərtər”. 14 ildir ki, qolboyun yol gəlirik bu mehriban dostla. 14 ildir ki, hər cür çətinliyə, yuxusuz gecələrə, təntidiyimiz, tıncıxdığımız günlərə dözə-dözə, çiynimizdəki ağır yükü daşıya-daşıya gəlib bu günlərə çıxmışıq.
84 il əvvəl “Kolxozçuların varlanması uğrunda” olan babasının adını 1937-ci ildə dəyişib elədilər “Qızıl bayraq”. O vaxt bayrağımız qızıldan-zaddan deyildi, rəmzi məna daşıyırdı bu ad, qırmızı sovet bayrağına “Qızıl bayraq” deyirdilər.
1991-ci ilin yanvarında rayonun adını qoydular bu qəzetə–“Tərtər”. 1998-ci ilin oktyabr ayına qədər təkəm-seyrək də olsa işıq üzü gördü. Sonra isə nadanların və biganələrin laqeydliyi ucbatından yoluna sədd çəkildi, ağzına daş qapandı, zornan susduruldu, dar ağacından asıldı, cəllad balta-kötüyünün qurbanı oldu, qətlə yetirildi, qanına qəltan edildi. Beləcə düz 7 il susduruldu. Halbuki, keçdiyi ömür yolu onsuz da hamar olmamışdı, təlatümlü və keşməkeşli bir həyat yaşamışdı, rayonun tarixi salnaməsini yazırdı, müharibələrin gətirdiyi fəlakətlərdən söhbət açırdı, sadə zəhmət adamlarını tanıdırdı, dövlət siyasətini təbliğ edirdi…
Susduruldu, danışan dilini, yazan əlini kəsdilər. Nankorlar nə bilir ki, mətbuat nə deməkdir?!
… Nəhayət, 2005-ci ilin avqust ayında yenidən bu dünyaya qayıtdı. Amma… Heç nəyi yox idi–nə binası, nə avadanlığı, nə mətbəəsi, nə də əvvəlki ailəsi. Sadəcə olaraq o vaxt rayona təzə icra başçısı təyin edilmiş Vidadi İsayev 4 nəfər köhnə qəzet işçisini–Qədir Allahverdiyevi, Svetlana Bağırovanı, Svetlana Əzizovanı və məni çağırıb tapşırdı ki, gedin, rayon qəzetini buraxın.
Çox çətin idi! Heç nə yox idi. Düzünü desək, oturmağa yer, yazmağa kağız-qələm tapmırdıq. Redaksiyanın binasının bir tərəfinə erməni mərmisi düşüb dağıtmış, salamat qalan bir neçə otağı isə müxtəlif idarələr tərəfindən zəbt olunmuşdu.
Belə bir anormal vəziyyətdə işə başladıq. Həmin gün 2005-ci il avqust ayının 1-i idi–düz 14 il bundan əvvəl. Redaktor mən təyin olunmuşdum və yükün əsas ağırlığı da mənim çiyinlərimdə idi. Neyləmək olardı?! Çıxış yolu axtarmalı və tapmalı idik. Atalar deyib: “Axtaran tapar”. Tapdıq da. Allah xeyirxah adamların canını sağ eləsin! O cümlədən, Yevlaxın “Kür” qəzetinin baş redaktoru, çox böyük hörmət və ehtiram bəslədiyim Əminə Yusifqızının. O, dar günlərimizdə qolumuzdan tutdu, bizə yol göstərdi, yaxından köməklik etdi. Bu yaxşılığı mən heç vaxt unudan deyiləm!
Beləcə, “Yeni Tərtər” doğuldu. Bəs niyə məhz “Yeni Tərtər”?! O vaxt respublikamızın hər yerində, həmçinin rayonumuzda çox geniş və sürətli yeniləşmə, tikinti-quruculuq və abadlıq işləri aparılırdı. Tərtərdə də güclü yeniləşmə gedirdi, mübaliğəsiz desəm, hər yan sökülüb-dağıdılır və yenidən qurulurdu. Rayon rəhbəri Vidadi İsayev bu yeniləşməni nəzərə alıb, təklif etdi ki, qəzetin əvvəlki “Tərtər” adı dəyişdirilib, “Yeni Tərtər” olsun. Bu təklif müzakirəsiz qəbul olundu.
Bir az obrazlı desəm, “Yeni Tərtər” doğulandan mənim əllərimlə bələkləndi, qollarımın üstə, qucağımda böyüməyə başladı, iməkləyəndə ilk addımını atanda da yanında idim, əllərindən tutmuşdum, indi də buraxmamışam. Gözlərimin işığı ilə, dişimlə-dırnağımla ürəyimin qanı ilə onu böyüdüb 14 yaşına çatdırmışam.
Bir ata öz yeganə övladına necə qayğı göstərirsə, eləcə əzizləmişəm onu. Bəzən gecəm-gündüzüm olmayıb. Onu çap etdirmək üçün diyarbadiyar olmuşam–Mingəçevir, Gəncə, Bakı şəhərlərində poliqrafiya müəssisələrinin qapılarını döymüşəm, saatlarla, hətta günlərlə qapı ağzında, kandarlarda gözləmişəm, redaktorluqdan əlavə korrektorluq, müxbirlik, məsul katiblik eləmişəm. Bir belədən sonra siqnal nüsxəsini vurub qoltuğuma qayıdıb qaça-qaça gəlmişəm Tərtərə, bəzən gecə saat 12-yə, 1-ə qədər başçının qəbul otağında gözləmişəm ki, icazə versin, içəri keçim, qəzeti göstərim, razılaşsa, qayıdım Mingəçevirə və ya Gəncəyə çap elətdirim. Yox, kaprizi tutsa, razılıq verməsə, nəyi deyirsə bir də gedim o şəhərlərin mətbəələrində tutduğu iradı düzəltdirim, gətirim bir də başçıya göstərim, sonra bir də qayıdım Mingəçevirə və ya Gəncəyə, gözləyim çap olunsun, alım qucağıma, gətirim Tərtərə və oxuculara paylayım.
Bu danışdıqlarım adicə qəzetin bir nömrəsi haqqındadır. Ayda 3 dəfə nəşr olunan “Yeni Tərtər”in hər nömrəsi belə bir çətinliklə ərsəyə gəlirdi. Hələ onu demirəm ki, materialların kompüterdə yazılması da, səhifələrin qurulması da başqa-başqa şəhərlərdə min bir əziyyətlə başa gəlirdi.
Bəzən cibimdə yol pulum olmayıb, dostdan, tanışdan borc alıb, qəzeti çap etdirmək üçün dediyim ünvanlara aparmışam. Bəzi vaxtlar kollektiv halda gecə yarısına qədər Mingəçevirdə poliqrafiya müəssisəsində qalmışıq, ayaq üstə bir tikə çörək yeyib, yenə qəzetlə məşğul olmuşuq. Bəzən çaysız-susuz işləmişik. Təki, qəzetimiz vaxtında və səhvsiz çap olunsun.
Belə-belə 14 ildir ki, “Yeni Tərtər”lə dostluq edirik. Lakin bu qəzeti yaradan 4 nəfərdən indiyə təkcə mən qalmışam. Qədir müəllim hazırda mətbuat yayımında işləyir, Svetlana Əzizova rayon icra hakimiyyətində məsul vəzifədədir, Svetlana Bağırova isə təqaüddədir. Yalnız mən sadiq qalmışam bu 14 yaşlı “köhnə dostum”a. Təqribən 50 il qabaq onun atası “Qızıl bayraq”la da belə “dostluq” etmişdim…
Bu 14 ildə 500-dən çox nömrəsi çap olunub. Orta hesabla hər nömrəsi 1500 nüsxə tirajla işıq üzü görüb. Demək olar ki, bütün bu nömrələrin hamısına ürəyimin istisini, gözlərimin nurunu vermişəm. Ona görə də rayon qəzetləri sırasında özünəməxsusluğu ilə seçilir.
Biz 4 il bundan əvvəl “Yeni Tərtər”in elektron saytını da yarada bildik. Hazırda bu sayt vasitəsilə bizim 20 ölkədə 10 mindən çox izləyicimiz var.
“Yeni Tərtər” də mənə az şey verməyib, yəni borclu qalmayıb. Onun hesabına ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm, “Vətən naminə” medalı almışam, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşam, “Qızıl qələm” və “Məmməd Araz” mükafatlarına sahiblənmişəm. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazı müsabiqələrinin dəfələrlə qalibi olmuşam, diplomlar və pul mükafatları almışam. Ən əsası bu qəzet məni respublika mediasına təqdim edib və tanıdıb. Yəni bir-birimizə borcumuz qalmayıb.
Bir reallığı da dana bilmərəm. Hazırda “Yeni Tərtər” öz çətin dövrünü yaşayır. O, yalnız abunə yazılışı hesabına işıq üzü görə bilir. Ayrı heç bir gəlir mənbəyi yoxdur. Abunə məsələsi isə rayon rəhbərliyinin köməkliyi ilə həll olunur.
Lakin maddi sıxıntı ucbatından təcrübəli işçilərin çoxu ya işdən gedib, ya da iş yerini dəyişib.
Redaksiyanın öz binası yox, mətbəəsi yox, nəqliyyat vasitəsi yox. Əməkdaşlar çox az–minumum aylıq əməkhaqqından da az maaş alır. Bu isə indiki zamanda ehtiyacla düz gəlmir.
İndi Bakı şəhərində çap olunuruq ki, bunun da öz çətinliyi var.
Əməkdaşları azalsa da, burada–redaksiyada bir səmimi ailə yarada bilmişik, ağsaqqalımız da var, ağbirçəyimiz də, cavanımız da var, ahılımız da. Bizdəki səmimiyyət bəlkə də bəzi ailələrdə yoxdur. Hər kəs biri-birinin dərdi-sərinə də, sevincinə şərik çıxır.
Nikbinik. Bütün çətinliklərə rəğmən yaşayırıq və yaşayacağıq! Bunun üçün mübarizə aparmışıq və aparacağıq!
Tofiq YUSİF