Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    NƏLƏR ÇƏKDİ BAŞIN SƏNİN…

    Qarabağ müharibəsi təkcə Tərtəri deyil, bütün Azərbaycanı çulğalayaraq, vəhşi yırtıcı kimi insanlarını, ərazilərini caynağına aldı. Saatları, günləri vahiməyə döndərib, hər kəsin başı üzərində bir kabusa çevrildi. Hələ də ağrı-acısı evlərdə, ürəklərdə qalıb. Nəydi bu insanların günahı?! Bir çox isti od-ocağın hənirtisi kəsildi, yurd yerləri yağı düşmənin oylağına çevrildi. Kəlbəcərdə mənfurlar evlərindəki kimi kef eləyir, Cıdır düzündə yeri-yurdu məlum olmayan dığalar at oynadır. Gözəl, hər cür sərvəti ilə tanınan dağlarımız bayquş yuvasına çevrilib. Niyə bizim mərd oğullarımız, igid ərlərimiz arxasız qalaraq şəhid oldular?! Axı, bizim xalqın dəyanətli, qorxubilməz, gücü-qüvvəti ilə tanınan babalarımız olub! Nə oldu bu yurdun qeyrətli oğullarına?!
    Fikrim, düşüncəm Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Ağdərədən, Zəngilandan, Zəngəzurdan, Qubadlıdan, başqa əsir torpaqlarımızdan keçir. Gözümün önündən o qanlı-qadalı günlər çəkilmir.
    1990-1994-cü illər Azərbaycanın Qarabağ bölgəsinin şəhər və kəndləri erməni cəlladlarının hədəfinə çevrildi. Mənfurlar yurdumuzu zəbt etmək məqsədi ilə öz iti dişlərini ölkəmizin ən dilbər guşələrinə qıcamışdılar. Havadarlarının ov tulasına çevrilən şərəfsizlər uzun illər boyu işlədikləri genosid planını təkrarən həyata keçirmək məqsədi üçün dəridən, qabıqdan çıxırdılar. Sərhədboyu ərazilərimizdə qırğınlar salır, talanlar törədirdilər. İnsanları əkin sahələrindən əsir götürərək başlarına olmazın müsibətlərini gətirirdilər. Topxana meşəsindən başlanan yanğın, talan, Qaradağlı, Kərkicahan hadisələri, Xocalı faciəsi, rayon mərkəzləri və kəndlərin işğalı ilə nəticələndi. Sonu da onunla tamamlandı ki, 20 faiz torpağımız işğal edildi, yüzlərlə qız-gəlinlərimiz əsir götürüldü, minlərlə soydaşlarımız öz vətənində qaçqın-köçkünə çevrildi.
    Bütün olanlar içərisində mənim doğma Tərtərim də əzab-əziyyətə məruz qaldı. Bağrı düşmənin gülləsindən oyuldu, parçalandı. Lakin torpağına, daşına yağı ayağı dəymədi. Mərdi-mərdanə dayandı. Ürəyi qan ağlasa da dəyanəti, dözümü ilə, igidlərinin qəhrəmanlığı ilə nümunə oldu. Bir qarış torpağından keçmədi.
    Üstünə od-alov tökülən Tərtər torpağı Laçından, Şuşadan, Ağdamdan, Ağdərədən el-obasından didərgin düşmüş, mülkü yağmalanmış insanları qoynuna aldı, onlara qucaq açdı, dərdlərinə məlhəm qoymağa, yaralarına əlac olmağa çalışdı. Öz elindən, obasından bu didərgin düşmüşlərin üstünə, başına “Qrad”, “Alazan” mərmiləri töküldü, məzlum insanları, dilsiz-ağızsız körpələri qanına qəltan edərək, ömürlərinə son qoydu. Tərtər camaatı belə bir gündə də bu qaçqın və köçkünlərin arxa-dayağına çevrildi.
    Heç xəyalımdan silinmir. Tərtər şəhərinin 4 nömrəli körpələr evi-uşaq bağçasına Ağdərədən, Ağdamdan, Laçından və Kəlbəcərdən didərgin düşmüş ailələr yerləşdirilmişdi. Günorta vaxtı atılan “Alazan” qəlpələri bağçanın həyətində oynayan yeniyetmə uşaqların üstünə töküldü. Aləm qarışdı biri-birinə. Vaynösə, şivən ərşə dayandı, ana naləsi yeri-göyü silkələdi! Kəlbəcərli ananın 9 yaşlı oğlunu ölüm ağzına aldı. Mənfur düşmənin hiyləsi onun yeniyetmə oğlunu əlindən alaraq, şəhid etdi. Elə həmin gün daha acı bir xəbər insanları sarsıtdı. Şəhərin digər səmtində evinə gələn ailə başçısını darvazasından içəri girərkən qəlpə başını bədənindən ayırdı. Bu qara günlər təkcə Tərtərin deyildi. Qarabağətrafı şəhər və kəndlərin qara günləri başlamışdı.
    Vahimə dolu anlarda çörək, ərzaq növbəsinə dayanan insanların əsəbləri tarıma çəkilmişdi. Bu yurdun başına gətirilən fəlakətin əlacı tapılmırdı. “Bəlkə”lər insanları çaş-baş salmışdı. Öz evində iki ayağını qəlpə üzmüş həkimin, döyüşdə şəhid olmuş oğulların, evləri dağılmış sakinlərin xəbəri şəhəri lərzəyə gətirmişdi. İdarələr dağılırdı, iş-güc dayanırdı. Lakin arada dözüm, dəyanət dururdu. Nələr çəkdi başın sənin, ana yurdum?!
    Amma böyüyün də, kiçiyin də ürəyində bir ümid, gözündə inam işığı varıydı. Hamı qeyrətli oğullarımıza güvənirdi. İnsanların inamı itmədi. Qan tökülməsi dayandırıldı. Lakin nə fayda, bir çox yurd yerləri gözü yolda, sakinləri intizarda qaldı…
    Hələ də Vətən həsrəti davam edir, hələ də dinc sakinə güllə dəyir, hələ də Vətəni qoruyan oğul düşmən hiyləsinə tuş gəlir. Əsirlikdə qalanlarımızın çoxu öz torpağında düşmənin caynağından xilas ola bilmir. Axar çaylarımızın qarşısı kəsilib axmır, sərin bulaqlarımız gözü yolda qalıb. 10 addımlığımızda bəndə vurulan Sərsəng Su Anbarından Tərtər çayına hərdən axıdılan suyumuz hələ də durulmayıb. Tərtər indi də düşmənlə üz-üzə, göz-gözə məğrur dayanıb. Uşaqdan böyüyə hamı yaxşı bilir ki, hər bir anda düşməni susdura biləcək ordumuz var. Bu orduda ləyaqətli əsgər oğullarımız xidmət edir. Ordumuzun başında dövlət siyasətini uğurla davam etdirən Ali Baş Komandanımız dayanır. İnanırıq ki, gün gələcək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ərazilərimizin bütövlüyü ilə bitəcək! İnşaallah!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:38

İsmarıclar bağlıdır.