O, minlərlə soydaşımızın qəlbində özünə məskən salmış, hazırda Bərdə rayonunun Otuzikilər kəndində yaşayan müdrik ağsaqqal, görkəmli şair və şərəfli pedaqoq peşəsinə layiqincə xidmət eləmiş Telman Hüseyndir (Dədə Telman Anadil).
Telman müəllim həyatı dönə-dönə sınaqlara çəkilən şəxsiyyətlərdən biri olsa da, öz qabiliyətinə inanan, istedadına söykənən bir ziyalıdır.
Dədə Telman ədəbiyyatımıza bəziləri kimi çılğın, hay-küylə gəlməmişdir. Onun poeziyası da təbiəti kimi sakitdir, təmkinlidir, uşaqlıqda sularından içdiyi, hər birini suyunun dadından tanıdığı, ancaq bu gün xəyalında əlçatmaz xatirə kimi qalan saf və şəffaf bulaqların həzin axışı kimi.
Telman müəllimin ailəsi öz ata-baba yurdu olan Qərbi Azərbaycanın Vedi rayonunun Haxıs kəndində köçürülməyə məruz qalanda cəmi on yaşı vardı. Elə doğulduğu ildən amansız müharibə–Böyük Vətən müharibəsi ucbatından taleyinə atasızlıq yazılsa da, dilimizə həyan, sözümüzə arxa, folklorumuza himayəçi, müdrikliyi ilə “Dədə” olmaq qisməti də onun taleyinə yazılıbmış.
İmzasını 1982-1983-cü illərdə mətbuatdan, özünü isə şair dostum Rizvan Nəsiboğlunun vasitəsiylə qiyabi tanıdığım bu insanla görüşmək arzusu ürəyimdə olan başqa arzulara “hökmranlıq” edirdi.
İyirmi ildən artıq sürən bu intizar 11 iyul 2004-cü il tarixdə sona yetdi. Bi-zim ilk görüşümüz Dədə Telmanın yaxın qohumu olan Rafaelin toy məclisində oldu. O zamandan bəri on beş ildən çox vaxt keçsə də, bu gözlənilməz görüşün sevinci qəlbimdəki başqa arzulara çatmağa ümid verməkdədir. Bu gün neçə-neçə kitablar müəllifi olan Dədə Telman mənim sevə-sevə oxuduğum şairlərdən biridir.
Dədə Telman yaradıcılığından nümunələr gətirmək mənim üçün çətin iş deyil, çünki seçimə ehtiyac duymuram. Onun yazdığı hər bir şeir nümunə gətirməyə layiqdir.
Misilsiz səmimiyyətini, müdrikliyini, bəşəri düşüncələrini və bütün insani keyfiyyətlərini təkcə şeriyyətinin kölgəsinə almamaq üçün ümumi Dədə Telman şəxsiyyətini nümunə göstərə bilsəm, özüm də özümdən razı qalardım.
Qənimət insanları Tanrı yüz yaşatsın!
* * *
YAZANDI DƏDƏ
Müəllim bilirdim, şair bilirdim,
Həm də yurd tarixi yazandı Dədə. Dili haqq dualı, öyüd kəlməli, Qorqud babamız tək ozandı Dədə.
Xəyalında çağlar gur “Teştbulağ”ı, Canlanar Haxısın bağçası, bağı. And yeri–bənd yeri “Üçqardaş” dağı Saxlar düz ilqarı, düz andı Dədə.
Bükülüb sevgiyə, işıqlı dona, Tanrı sözü buta veribdir ona.
|
Qıymaz bir kimsənin ümidi sına,
Nəhsi də xeyirə yozandı Dədə.
Qaynayan təbinin köz naxışını, Əlvan xallı-güllü söz naxışını, Söküb ilmə-ilmə öz naxışını Min-min könüllərə düzəndi Dədə.
Heyran edib doğmanı da, yadı da, İlhamı da, söhbətinin dadı da. Qazandığı uğuru da, adı da Talıb, bu minvalla qazandı Dədə. Talıb Həsənoğlu MƏMMƏDLİ |