YAP Tərtər Rayon Təşkilatı Qərargahında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov “Heydər Əliyev epoxası-50” mövzusunda məruzə ilə çıxış edərək göstərdi ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyev adı ilə bağlıdır.
Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsində idi. Respublikanın sosial-iqtisadi həyatında mənfi meyillər özünü göstərirdi.
Respublikanı bu ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu kimi 14 iyul 1969-cu ildə Azərbaycana Heydər Əliyev kimi güclü, bacarıqlı təşkilatçının, qətiyyətli liderin rəhbər təyin edilməsi ölkədə köklü dəyişikliklərin əsasını qoydu. Ulu öndərin sarsılmaz qətiyyəti sayəsində növbəti illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi kimi yaşandı.
Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qalındığı, xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələrin baş qaldırdığı bir məqamda ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, siyasi təcrübəsindən faydalanaraq bütün neqativ halların, qarşıdurmaların kəskinləşməsinin qarşısını aldı.
Məruzəçi sonda qeyd etdi ki, ulu öndərin siyasi varisi cənab İlham Əliyevin 2003-cü ildən bu yana həyata keçirdiyi siyasət nəticəsində sosial-iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaradılıb. Ölkədə xalq, iqtidar birliyi bərqərar olub. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyev ideyalarının ardıcıllıqla reallaşdırılması sayəsində dünyanın sayılıb-seçilən və böyük nüfuza malik dövlətinə çevrilib.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin əməkdaşları İradə Əkbərli və Jalə Əlizadə, Qapanlı kənd tam orta məktəbinin müəllimi Sadiq Məhərrəmov, Seydimli kənd tam orta məktəbinin müəllimi Aynurə Vəliyeva, YAP Tərtər Rayon Təşkilatının məsul işçisi Samirə Zeynalova çıxış etdilər.
“Yeni Tərtər”