Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
    “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.
    Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.
    XIX əsrin sonlarında “Ziya”(1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
    XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.
    Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.
    Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan “Pravda” (bu qəzetin dilimizə tərcüməsi “Həqiqət” olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün – 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan-qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə”Əkinçi” qəzetinin nəşrə başladığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
    Əkinçinin şəcərəsindən biri olan “Yeni Tərtər” qəzeti 84 ildir ki, öz fəaliyyətini davam etdirir. Bu qəzet 1934-cü ildə nəşrə başlayanda “Kolxozçuların varlanması uğrunda”, 1937-ci ildən 1991-ci ilə qədər “Qızıl Bayraq”, sonra “Tərtər” adlandırılmışdır. 2005-ci il avqust ayının 1-dən yenidən fəaliyyətə başlayan rayon qəzeti “Yeni Tərtər” adı ilə həyata qayıtmışdır. Həmin tarixdən bu günə kimi “Yeni Tərtər” qəzeti dövri olaraq ayda 3 dəfə nəşr olunmaqla oxucularının görüşünə gəlir. Hazırda rayon qəzeti 1500 nüsxə tirajla 10 gündən bir nəşr olunur. Bu mətbu orqanın bölgə qəzetləri sırasında öz nüfuzu və layiqli yeri vardır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.