Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    KÖÇKÜN AİLƏSİ TƏRTƏRDƏ DOĞMALAŞIB

    1993-cü il iyulun 23-də Ermənistan Silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4 faizi, 1 şəhər və 87 kəndi ermənilərin əlinə keçib. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

    Ağdam rayonunun işğalı günü ilə bağlı 25-26 ildən artıq müddətdə tanıdığım bir ailəyə qonaq oldum. Bu ailə Ağdam rayonunun Nəmirli kəndindən məcburi köçkün düşmüş Tofiq Kərim oğlu Sadıqovun ailəsidir. Rayonumuzda məskunlaşdıqları vaxtdan bu günə kimi qonşu olduğumuz üçün Tərtərlə bağlı heç nə soruşmadım. Amma yaşadıqları doğma ev-eşiklərini necə tərk etmələri ilə maraqlandım. Az da olsa hansı şəraitdə çıxmaları barədə məlumatım var idi. Lakin daha doğrusunu özləri söylədilər.
    Tofiq Sadıqov:
    –Üzümçülük sovxozunda sürücü işləyirdim. Hər gün səhər tezdən işə gedirdim, qayıdanda öz təsərrüfatımızla məşğul olurdum. 1994-cü ilin aprel ayının 19-u idi. Həmin günə kimi Ağdamın yuxarı kəndləri işğal olunmuşdu. Səhər-səhər şaiyə yayıldı ki, Xocalı hadisəsi başınıza gələ bilər. O günü imkanı olanlar bəzi əşyalarından götürüb uşaqları, qadınları çıxartdılar. Bəziləri isə bir əşya belə götürə bilmədilər. Necə güclü atışma başladısa hamı çaş-baş qaldı. Gəlib 3 gün Qazyan kəndində qaldıq ki, atışma dayanar qayıdarıq evimizə.
    Tofiq Sadıqovun həyat yoldaşı Nəcibə:
    –O gün yadıma düşəndə dəhşət məni bürüyür. Atışma başlayanda mən çörək bişirirdim, fürsət tapıb çörəkləri təndirdən çıxara bilmədim. Mənfurlar aman vermədilər. Mal-heyvan örüşdə, toyuq-cücə həyətdə qaldılar. Evi tərk edəndə it zəncirdə zingildədi. Yazığım gəldi itə, qayıdıb onu açıb boşladım.
    Tofiq Sadıqov:
    –Bacım Afinə evindən heç nə götürə bilmədi. Qapısı bağlı qaldı. Biz kənddən aralananda gördük ki, evlərə od vurdular. Alov göyə qalxırdı. Elə bir mənzərə yaranmışdı ki, yada salanda adam dəhşətə gəlir. Uşaqları, qadınları 3 gündən sonra Qazyan kəndindən İsmayıllı rayonuna aparıb yerləşdirdik. Kişilər vəziyyətlə əlaqədar geri qayıtdılar. Ermənilər güclü silahlandığından onların qarşısında dayanmaq olmurdu. İşğal etdikləri hər bir kəndi, şəhəri talan edib yandırırdılar. 5 ay davam edən döyüşlərdə Ağdam şəhərini və rayonun yarıdan çox kəndini işğal etdilər. Bu döyüşlər zamanı neçə-neçə ağdamlı oğullar şəhid oldular.
    Ümidimiz kəsilmişdi. 6 ay İsmayıllı rayonunda yaşamalı olduq. Uşaqlar orta məktəbdə oxuyurdular. Elə vəziyyət yarandı ki, heç orta məktəbi öz doğma kəndimizdə bitirə bilmədilər.
    Bu köçkün ailəsi o günləri xatırladıqca sanki dərdlərinin üstünə dərd gəlirdi.
    –Bəs necə oldu ki, Tərtərə gəldiniz?
    Tofiq Sadıqov:
    – İsmayıllının havasını götürmədiyi üçün uşaqların anası xəstələndi, həm də Tərtərin insanları sanki bizə doğma idi. Ağdama yaxın olduğu üçün 6 aydan sonra gəlib burda məskunlaşdıq. Bu günə kimi də burada yaşayırıq.
    Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdi, amma Tərtərin havası, suyu da, insanları da doğma və əzizdir.
    Dədə-baba yurdundan didərgin düşən bu qaçqın ailəsi illərdir doğma Tərtərimizin qoynunda məskunlaşaraq yaşayır. Artıq yerli sakinlərlə elə doğmalaşıblar ki, sanki bir evin, bir ocağın sakinləridir. Burada oğul-qız toyu edib, gəlin gətirib, nəvə-nəticə görüblər.
    Ölkə Prezidenti İlham Əliyevin qayğısı ilə Şıxarx qəsəbəsində yeni salınmış köçkün şəhərciyində onlara 2 otaqlı hər cür şəraiti olan mənzil verilib. Buna görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə etdilər. Lakin hələ də doğma Ağdamın həsrətini çəkirlər!…
    Evin böyükləri Tofiq də, Nəcibə də, bacısı Afinə müəllim də Nəmirli kəndindəki ev-eşiklərini xatırlayıb kövrəlirlər. Artıq bu illər onlara ayrılığın nə olduğunu öyrədib, Vətən həsrətinin acısını yaşadıb.
    Heç olmasa indən belə doğma od-ocağa qayıtmaq, həsrət qaldıqları ev-eşiklərinə dönmək arzusu ilə yaşayırlar. Yəqin, o günü hər bir ağdamlı görəcək, o cümlədən, Sadıqovlar ailəsi də.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.