Müasir dövrdə aktual olan problemlərdən biri də müəllim-şagird münasibətləridir. Bir çox təhsil müəsisələrində müəllim-şagird münasibətləri normal qurulur. Bu isə tədrisin keyfiyyətinə, şagirdlərin tərbiyəsinə və elmlərin lazımınca mənimsənilməsinə şərait yaradır.
Acınacaqlı haldır ki, bəzi məktəblərdə öyrədənin məsləhətinə qulaq asılmır, onların tapşırıqları yerinə yetirilmir. Buna bir səbəb də istər məktəbdə, istərsə də ailədə uşaqla düzgün məşğul olunmamasıdır. Bu işdə valideyn səhlənkarlığı da əsas şərtdir. Çünki şagird müəllimindən çox öz valideyninin yanında olduğu üçün ailədə məktəbliyə müəllimin dediklərinə məsuliyyətlə əməl etmək, təlim-tərbiyəyə düzgün riayət lazımlılığı öyrədilməlidir. Oğlan uşaqlarının çox vaxtlarını internet kulublarda keçirməsi, ümumiyyətlə, şagirdlərin 10-15 yaşlarından telefon işlətmələri onların təhsildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda məktəblilərdə ünsiyyət problemi yaranır və hətta özünə qapanma kimi hallar baş verir. Bu həm təhsilimizə, həm də gələcək nəslin sağlamlığına ciddi zərbə vurur.
Müəllim şagirdlərə nümunə olmaq üçün mədəni, mənəviyyatın zənginliyi və dərin biliyi ilə fərqlənməlidir. Müəllim-şagird münasibətləri yaxşı olanda məktəblilərin dərsə marağı artır. Cəmiyyətimizin inkişafında müəllimlərin böyük zəhməti vardır. Gələcək nəslin savadlı, vətənpərvər olması əsasən onlardan asılıdır. Müsbət keyfiyyətlərə malik olan müəllim şagirdlərinin idealı ola bilər. Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabi deyib ki, hər bir xalqın xöşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır.
Hal-hazırda təhsil islahatının məqsədi təlim prosesinin keyfiyyətini yüksəltməkdir. Müasir təhsilimizin əsas prinsipləri humanistlik, demokratiklik, bərabərlik, şagirdyönümlülükdür. Uşaqların özündən savadlı yoldaşları ilə birgə işləməyi onların istedadını daha da artırır. Öyrədənin ən gözəl xüsusiyyəti şagirddə oxumağa həvəs yaratmaqdır.
Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayı azdır. Bu isə oğlan uşaqlarında kişilərə məxsus olan xarakterlərin azalmasına səbəb olur.
Dövlətimiz şagirdlərin və tələbələrin əla təhsil alması üçün yaxşı şərait yaradıb. Məktəblər dərs vəsaitləri və müasir avadınlıqlarla təmin olunub. Bu isə həm təlim-tərbiyənin yüksəlməsinə, həm də müəllim-şagird münasibətlərinə öz müsbət təsirini göstərir.
Nübar MEHDİZADƏ