Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Kəbirli kəndinin 217 təsərrüfatı, 846 nəfər sakini var. Kənd camaatının əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 22 sentner günəbaxan, 29 sentner pambıq təhvil verdi.
Bu il isə 51,40 hektarda pambıq, 52,23 hektarda taxıl, 15,65 hektarda arpa, 89,66 hektarda günəbaxan,106 hektarda yonca əkiblər.
Kənd ağsaqqalı Zakir Bayramov vətəndaşlara respublika Prezidenti tərəfindən göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kərim Nəcəfov, Nizami Mahmudov baramaçılıqla bağlı, Polad Məmmədov həyətyanı sahəsini qurunt sularının basması və Fəqan Orucov pambıq sahəsinin suvarılması ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin maddi-rifah halının yüksəldilməsi istiqamətində görülən işlərdən, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Rayon rəhbəri bildirdi ki, Kəbirli kəndi fasiləsiz qaz və elektrik enerjisi ilə təmin olunur. Kəndin əsas yoluna asfalt salınıb, 1,5 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına müxtəlif növ ağac əkilib, 2500 m su arxları lildən təmizlənib. Kəbirli və Bayandurlu kəndlərindən keçən 7 km kəndarası yol asfaltlanıb, ərazidə 1000 ədəd çəkil tingi əkilib. Hazırda kənddə Prezidentin sərəncamı ilə yeni subartezian quyusu qazılır, elektrik təsərrüfatının yenidən qurulması üçün layihə hazırlanıb, yaxın günlərdə isə işə başlanacaqdır.
Kənd sakinləri görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.
“Yeni Tərtər”