Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.
Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu” operasını bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.
-
21Sen
Müəllif: Redaktor, 10:38
Teqlər: Xəbərlər