Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    (Yarımçıq qalmış bir yazı)

    Dağlıq Qarabağın ilk azərbaycanlı təhsil ocaqlarından olan Ağdərə rayonunun Umudlu kənd məktəbi 1925-ci ildə açılmışdır.
    Kənd əhalisi demək olar ki, başdan-başa savadsız idi. Odur ki, məktəb həm savadsızlığı ləğv etməli (“likbez”), həm də məktəb-yaşlılara təhsil verməli idi.
    Zaman göstərdi ki, məktəb öz üzərinə düşən missiyaları şərəflə yerinə yetirmişdir.
    Öz doğma torpağında anklav şəraitində yaşayan umudlular böyük həvəslə savadsızlığın ləğvinə başladılar və optimal müddətdə buna nail oldular.
    Lakin kənddə müəllim çatışmırdı. Odur ki, az-çox savadı olan, yazıb-oxumağı bacaranlar müəllim kimi məktəbə cəlb olunurdular. Savadlı kadrlar isə kənardan (Qazaxdan, Şuşadan, Ağdamdan) gətirilirdi. Bu minvalla Umudlu məktəbinin ilk yerli müəllimləri yetişdi. Nərimanov Yunus Qasım oğlu, Əzizov Həmid Baxşalı oğlu, Naibov Əli Qara oğlu, Zeynalov Süleyman Hacı oğlu, Bağırov Miri Mirsəyyab oğlu, Qasımov Zilfi Məsim oğlu, Əbilov Baloğlan Binnət oğlu, Əzizov İslam Musa oğlu, Qasımov Sabir Nəsib oğlu.
    Bu şəxslər Umudluda yerli təhsilin bərəkətli təməlini qoydular, ilk məktəbin ilk müəllimləri, halal bir kəndin Tanrı verdiyi təməl ziyalıları kimi bənzərsiz bir kəndin borc, şərəf, ləyaqət salnaməsini zamanın yaddaşına həkk etdilər. Bu şəxslər işləyə-işləyə sonradan müvafiq təhsil aldılar, şərəf borclarını axıradək yerinə yetirdilər.
    Bu müəllimlərdən Yunis Nərimanov, Həmid Əzizov, Əli Naibov, Süleyman Zeynalov, İslam Əzizov II Dünya müharibəsinin od-alovundan keçərək yenidən doğma məktəbə-müqəddəs ocağa qayıtmışlar.
    Umudlu məktəbinin təşkili və təşəkkülü dövründə kənddə pedaqoji təhsilli yerli bir mütəxəssis də olub–Qiyas Tanrıqulu bəy oğlu, Qazax Müəllimlər Seminariyasının məzunu. O da məktəbə müəllim kimi cəlb olunub. Lakin bəy oğlu olduğu üçün hökümət ona etimad göstərmirdi və müharibənin ilk günlərində o, cəbhəyə göndərildi, oradan isə “qara kağız”ı gəldi. Beləliklə, Umudlu kəndinin ilk təhsilli müəllimi qurban getdi.
    Bu təmənnasız təhsil fədailəri Umudlu təhsilinin bünövrəsini qoydular. Lakin bu bünövrə elə zirvə idi ki, Umudlu məktəbi indi də bu zirvəyə baxıb düzlənir (bunu Azərbaycan musiqisində Üzeyir fenomeni ilə müqayisə etmək olar).
    Gəlin, nəsillərin-nəsillərə etibarına və ehtiramına sədaqət nümayiş etdirərək Umudlu təhsilinin təməlçilərinin və sonradan dünyasını dəyişmiş bütün müəllimlərinin, sakin nəfəsinə, şagird səsinə həsrət qalmış bir kəndin və onun məktəbinin xatirəsini bir dəqiqəlik sükutla yad edək.
    Böyük Səməd Vurğunun dediyi kimi:
    Gəlin sizə söhbət açım ürəyimin sözündən
    Könlüm yenə qübar eylər bu dağları görəndə
    Mən öpürəm ağbirçəkli anaların üzündən
    İnsan oğlu cavan qalar etibarı görəndə.
    Bu qüdrətli dəstəyə zamanın axarıyla sonradan Valeh Qasımov, Əskinaz Bayramova, İnqilab Qasımov, Xosrov Niftəliyev (uzun müddət məktəbdə dərs hissə müdiri olub), Rəfiqə Quliyeva, Almaz Naibova, Raya Babayeva, Yaqub Axundov, bu sətirlərin müəllifi, Südabə Bağırova, Vəkil Bağırov, Azad Abbasov, Ağəli Bağırov, Məcid Axundov, Xeyransa Baxşəliyeva, Müşkünaz Abbasova, Zümrüd Mustafayeva, Kifayət Aslanova, Rəhman Paşayev, Donya Bayramova, Ehtiram Baxşəliyev. Nəzakət Əbilova, Sevil Niftalıyeva, Rəna Zeynalova, Səadət Zeynalova, Xuraman Axundova, Könül Hacıyeva qoşuldular.
    Keçən əsrin 60-cı illərinin sonunda, xarici dil istisna olmaqla əksəriyyəti ali təhsilli olmaqla bütün ixtisaslar üzrə məktəbin özünün yerli kadrları vardı.
    Məktəb 1962-1963-cü ilədək 7 illik, 1963-1964-cü dərs ilindən 8 illik, 1975-1976-cı ildən isə orta məktəb kimi fəaliyyət göstərmişdir.
    Məktəb 8 illik olarkən Xurşudbanu Natəvanın, orta məktəbə çevrilərkən Məşədi Əzizbəyovun, 1993-cü ildən isə Umudlunun böyük oğlu və təəssübkeşi, xalq müəllimi Sabir Paşayevin adını daşıyır. Məktəbin ilk yerli direktoru Yunis Nərimanov olmuşdur. Sonradan bu vəzifədə Baloğlan Əbilov, Əskinaz Bayramova, Sabir Qasımov və bu sətirlərin müəllifi çalışmışlar.
    Məktəb 1976-1977-ci dərs ilini yeni binada qarşıladı. Bu vahid layihə ilə tikilmiş 320 yerlik 2 mərtəbəli gözəl bir bina idi. 2 hektarlıq həyətyanı bir sahəsi vardı. Həyətdə gəlmə müəllimlər üçün “Müəllim evi” də inşa edilmişdi (burada xarici dil müəllimləri yaşayırdı).
    Yeni binada əksəriyyəti cavanlardan ibarət potensial imkana malik bir kollektiv həvəslə işə girişdi. Əvvəlcə hədəfləri müəyyənləşdirdik və intizamı möhkəmlətdik. Binanı və avadanlıqları göz bəbəyi kimi qoruyub mühafizə etdik. Təhsil Nazirliyinin təchizat idarəsi (UMTS) ilə əlaqə yaradıb məktəbi və laboratoriyanı yeni avadanlıq və inventarlarla; “Uçitelskaya qazeta” vasitəsiylə məktəb kitabxanasını çox müxtəlif sahələrə aid ədəbiyyatlarla (“Dünya ədəbiyyatı seriyalı” daxil olmaqla), emalatxananı metal və ağac emalı üzrə ən müasir dəzgahlarla təchiz edib zənginləşdirdik.
    70-ci illərin sonunda məktəbin kitabxanası artıq bütün vilayətdə tanınırdı və vilayətin bir çox yerlərindən adamlar müxtəlif ədəbiyyatlar üçün bizə müraciət edirdilər.
    Məktəbin laboratoriyasını ali məktəb laboratoriyası kimi qiymətləndirdilər (VXMŞ müdiri). Emalatxanamız (müdiri “qızıl əl” sahibi Məcid Axundov idi) isə nəinki məktəbin, həm də sovxozun maşın-traktor parkının ehtiyaclarını əsaslı şəkildə təmir edirdi.
    Məktəbin həyətinə 5 km, məsafədən su xətti (bulaq suyu) çəkilmişdi, böyük su hovuzu inşa edilmişdi. Sərsəng-göldən balıq gətirib hovuzda balıqçılıq yaratdıq. Həyətin sağ və sol tərəfində iki gözəl alma bağı saldıq. Həyət hasarının, məktəb yolunun kənarlarında sərv ağacları, qızılgül kolları əkdik. Yaşıllıqlara qərq olmuş bu əzəmətli bina “Yevlax-İstisu” yoluyla keçənlərin nəzər-diqqətini xüsusi cəlb edir, gözlərini oxşayırdı.
    1981-ci ildə artıq “Linqafon kabineti”miz də var idi.
    Bunlar zahiri cəhətlərdir. Eyni zamanda məktəbdə ciddi keyfiyyət dəyişiklikləri baş verirdi. Artıq formalaşmış monolit bir kollektiv təhsilin keyfiyyətini yüksəltmək yolunda əzmlə çalışırdı.
    Mütəmadi olaraq məktəbdaxili tematik yoxlamalar keçirilir, ayrı-ayrı fənlərin tədrisi vəziyyəti öyrənilir, obyektiv və prinsipal mövqedən araşdırılır, müzakirə edilirdi.
    Bu hərəkatın önündə yenə gənclər gedirdi.
    Məktəbin özünün radioqovşağı vardı. Hər gün böyük tənəffüsdə orda verilişlər təşkil edilirdi. Bu verilişlərdə “əla” və “Qeyri kafi” qiymət alanların, dərsdən qalanların adları çəkilər, məktəb həyatının digər aktual məsələləri öz əksini tapardı. Qovşağın səsi kəndin hər yerindən aydın eşidilirdi. Və valideynlər hər gün bu verilişləri diqqətlə dinləyirdi. Bu isə işimizə güclü təkan verirdi. Valideyn-məktəb münasibətləri arzu ediləcək səviyyədə idi.
    Məzunlarımızın səsi artıq respublikanın ən prestijli məktəblərindən gəlirdi. O cümlədən, xarici dil (ingilis dili) üzrə təhsil alan məzunlarımız da vardı.
    Umudlu kənd məktəbi ömrünün çiçəklənən dövrünü yaşayırdı.
    1982-ci ildə məktəbimizə o vaxtkı Vilayət Xalq Maarif Şöbəsinin yoxlama briqadası gəldi. Məktəbdə əsaslı yoxlama aparıldı. Yoxlamanın nəticəsi vilayət mərkəzində – Xankəndində müzakirə edildi, məktəbimiz vilayətin ən yaxşı azərbaycanlı məktəbi kimi qiymətləndirildi.
    1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri başlandı. Erməni kəndlərinin əhatəsində yerləşmiş kəndimizin müdafiəsi (özünümüdafiəsi) zərurət olaraq gündəmə gəldi. Kənd ağsaqqallar şurasının yekdil rəyiylə kənddə özünümüdafiəsi işinə rəhbərlik məktəbin direktoruna tapşırıldı. Tezliklə bu dəstə təşkil edildi. Ştab məktəbdə yerləşirdi, özünümüdafiə dəstəsinin avanqardı müəllimlər idi: gecələr səngərlərdə, gündüzlər məktəbdə çalışan müəllimlər. Yuxarı sinif şagirdləri də könüllü olaraq müdafiədə iştirak edirdi.
    Təhsil sahəsində olduğu kimi, müharibə meydanında da ziyalılıq borcunu şərəflə yerinə yetirdik.
    1991-ci il noyabrın 23-də saat 9:45-də məktəbin zəngi son dəfə çalındı. Birinci dərsdən çıxan şagirdlər birbaşa helikopter meydançasına gətirildi. Həmin gün məktəblilər (3 nəfər məktəbli qaldı), qadın və uşaqlar helikopterlərlə kənddən çıxarıldı.
    Məktəb zəngi qeyri-müəyyən müddətə susdu…
    1992-ci il fevralın 28-də, uzun və üzücü mühasirədən sonra (xeyli müddət idi ki, helikopterlər də işləmirdi, işləyə bilmirdi. Kəndin xarici aləmlə əlaqəsi ancaq ratsiya vasitəsiylə həyata keçirilirdi) polkovnik Şirin Mirzəyevin (sonradan Azərbaycanın Milli Qəhrəmanı), Eldar Həsənovun (Gəncə Polis İdarəsinin rəisi), Əhəd Kərimovun, Baloğlan Əbilovun, Elçin Qasımovun inadlı təkidi və şəxsi fədakarlıqları nəticəsində kəndin son müdafiəçiləri (bunların sırasında 3 məktəbli də vardı: Aqil Zeynalov, Rüstəm Axundov, Şahin Qazaqov) hərbi helikopterlərlə kənddən çıxarıldı.
    Dağlıq Qarabağın ən gözəl kəndi şəhid getdi…
    Məktəbin 1992-ci il məzunları təhsil sənədlərini öz doğma məktəblərindən deyil, başqa-başqa məktəblərdən aldılar.
    Bizə dondurulmuş əmək haqqı verilsə də, məktəbimizin fəaliyyətini bərpa etməyə qərar verdik. Xoşbəxtlikdən, yurdsevər Umudlular tezliklə doğma kəndə qayıtmaq ümidiylə kompakt halda Tərtərdə məskunlaşmışdılar. Bu isə işimizə xeyli təkan verdi. 1993-cü ilin sebtyabrın 1-də Tərtər şəhər 6 №-li məktəbin binasında məktəbimizin fəaliyyətini bərpa etdik. Məktəbimizin adını, gözəl ənənələrini yaşatmaq üçün əlimizdən gələnləri etdik, onu nömrəyə çevrilməyə qoymadıq. “Qaçqın məktəbi” ayamasının qara kölgəsindən qaçmaq üçün çox əzablı bir yol keçdik. Və nəhayət ki, özümüzü etiraf etdirə bildik.
    Artıq 22 ildir ki, məktəbimiz Tərtərdə fəaliyyət göstərir. 1998-ci ildən Tərtər Aqrotexservis ASC-nin inzibati binasında yerləşmişik.
    Bu 22 ildə məktəbimizi ümumilikdə 165 nəfər bitirmişdir. Bunlardan 49 nəfəri ali (2 nəfəri ali-hərbi), 17 nəfəri orta ixtisas (1 nəfər hərbi üzrə) məktəblərinə daxil olub. Ümumi bitirənlərin 30 faizi ali, 10 faizi orta ixtisas məktəblərinə düşməklə qəbul 40 faiz təşkil edir.
    Son 5 ildə:
    -Ali məktəblərə qəbulda dalbadal 50 faizdən yuxarı nəticə göstərən yeganə məktəb.
    -Qəbul imtahanlarında orta bal göstəricisinə görə 3 dəfə (2011, 2012, 2014) rayon birinciliyinə və 2015-ci ilədək rayon üzrə ən yüksək orta bala (426) nail olan Umudlu məktəbidir.
    Son 5 ildə 4 məzunumuz 500-dən yuxarı (569, 592, 552, 548), 1 məzunumuz 600-dən yuxarı (612) bal toplamışdır.
    Qəbul imtahanlarında düzgün cavabların faizinə görə 9 imtahan fənnindən 2011-ci ildə 6-sı, 2012-ci ildə 5-i, 2013-cü ildə 2-si, 2014-cü ildə 5-i üzrə Respublikanın ən yüksək göstəricisini üstələmişik.
    Buraxılış imtahanlarında da uğurla iştirak etmişik. IX sinif üzrə 2012-2013-2014-cü illərdə hər iki fənn üzrə (Ana dili, Riyaziyyat) imtahanlarda respublika üzrə orta göstəricini üstələmişik.
    XI sinif üzrə ana dilindən 2012 və 2013-cü illərdə ən yüksək respublika göstəricisini, 2014-cü ildə orta respublika göstəricisini üstələmişik.
    Riyaziyyatdan isə 2012-ci ildə ən yüksək, 2013 və 2014-cü illərdə orta respublika göstəricisini üstələmişik.
    2015-ci ildə XI sinfi bitirmiş 6 nəfər məzundan 3-ü ali məktəblərə: Nəzərov Qoşqar 612 balla BDU-nun Hüquq , Zeynalzadə Nigar 469 balla Dillər Universitetinin İngilis dili, Bərdari Aytən 356 balla GDU-nun İngilis dili fakültəsinə daxil olmuşlar.
    Məktəbin tanınmış məzunları
    Tənha çöl çiçəyinə bənzəyən bu ucqar kənd məktəbinin artıq tanınmış məzunları vardı:
    Kərimov Əhəd Əli oğlu, uzun müddət Şuşa, Laçın, Ucar, Bərdə rayonlarında Raykomun birinci katibi və bir müddət Respublika Ali Sovetinin sədri vəzifələrində çalışmışdır. (vəfat etmişdir)
    Əzizov Akif Həmid oğlu, Kimya Elmləri Doktoru, AMEA-nın həqiqi üzvü, Sumqayıt Politexnik İnstitutunun direktoru. (vəfat etmişdir)
    Məmmədov Nuriddin Məmməd oğlu, Hərbi Hava Qüvvələrinin zabiti, II Dünya müharibəsinin iştirakçısı. Komandiri ona söydüyü üçün onu güllələmişdir. (Sonrakı taleyi məlum deyil).
    Axundov Yaqub Səfər oğlu, MTN-də, Axundov Elsevər Yusir oğlu Milli Orduda polkovnik rütbəsinədək yüksəlmişlər.
    Qasımov Elçin Zilfi oğlu, polis polkovniki Ağdam RPŞ-nin rəisi. (hazırda Tərtər RPŞ-nin rəisi)
    Bağırov Cavid Vəkil oğlu. Tarix elmləri namizədi, GDU-nun dosenti.

    Zabil SÜLEYMANOĞLU

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.