Yaradıcılığı ilə ədəbiyyatımızda yeni səhifə açan, əruz vəznini ana dilində təkmilləşdirən, təzyiqlərlə üzləşməsinə baxmayaraq, öz əqidəsindən ayrılmayan Seyid İmadəddin Nəsimi poeziyası geniş tədqiqat obyektidir. Nəsimi məntiq, riyaziyyat, astronomiya elmlərinə bələd olub və yaxşı təhsil alıb.
Hürufliyin banisi Fəzlullah Nəiminin ideyalarını təbliğ edib. Onun edamından sonra “Vəsiyyətnamə”sinə əsasən Təbrizə və Türkiyəyə gedib. Nəiminin ideyalarını təbliğ etdiyinə görə zindana salınıb. İradə, mərdlik, üsyankarlıq, əqidəsi uğrunda canından-qanından keçmək Nəsimiyə məxsus xüsusiyyətlərdir. Nəsimi əməksevər insanların tərəfində idi. Şairin keçdiyi həyat yolu dillərdə dastan olub.
Bütün həyatı boyu təqiblərlə üzləşən şairin şeirlərinin əsasını əsl eşq təşkil edib.
Nəsimi xalqımız üçün əbədi şəxsiyyətdir.
Ana dilində fəlsəfi qəzəlin banisi, doğma dilimizdə ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlərin müəllifidir. Özündən sonrakı klassiklərlə yanaşı, türk ədəbiyyatına da böyük təsir göstərib. Üç dildə(ərəb, fars və ana) əsərlər yazmaqla yanaşı, Azərbaycan dilində 15 min, fars dilində isə 5 min misradan ibarət divan yaradıb.
Onun yaratdığı insan obrazı çox vüqarlıdır. “Sığmazam” qəzəlində insanın hər iki cahana sığmadığını göstərir.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifəyi ki, mən, dəhrü zəmanə sığmazam.
Qəzəl janrına üstünlük vermiş, yalnız əruz vəznində yazıb-yaradıb. Sufiyanə və hürufi şeirlər yazdığı üçün yaradıcılığı iki mərhələyə ayrılır. “Bu nə adətdir, ey türki-pərizad”, “Ey Məsihadəm, nişə can vermədim cansızlara”, “Şənbə günü mən uğradım ol sərvi-rəvanə”, “Ayrılıqdan yar mənim bağrımı büryan eylədi”, “Xoş gördük səni”, “Susadı”, “Neylərəm?”, “Etməgil” və s. qəzəlləri məhəbbət mövzusuna həsr olunub.
“Ayrılıqdan yar mənim bağrımı qan eylədi”şeirindən bir nümunə:
Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,
Özünü bir yana saldı, məni bir yan eylədi.
Dünyanın vəfasızlığı, pis insanlardan şikayət və dünyanın hikməti barədə suallar onun ictimai-fəlsəfi məzmunlu qəzəllər yazmasına səbəb olub.
Şeirləri zəngin, hikmətli və ibrətamizdir.
Haqqında monoqrafiya, elmi məqalələr yazılıb, Qabilin “Nəsimi” poeması və “Nəsimi” filmi ona ithaf olunub.
Nübar XANLARQIZI